29 Aprel 2024, Bazar ertəsi
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Digər idman növləri

İlham Əliyev Gəncənin İdman Sarayında

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Gəncə İdman Sarayının açılışında iştirak edib.
 
Futbolxeber.az saytının AZƏRTAC-a istinadən verdiyi məlumata görə, gənclər və idman naziri Fərid Qayıbov dövlətimizin başçısına Gəncə İdman Sarayında yaradılan şərait barədə məlumat verib.
 
Qeyd edək ki, uzun illərdir ölkəmizdə Olimpiya və idman hərəkatı geniş vüsət alıb. Ötən illərdə Azərbaycanda onlarla Olimpiya İdman Kompleksi və digər idman qurğuları tikilib. Bu isə ölkəmizdə idmana marağı artırıb, gənclərin asudə vaxtlarını daha səmərəli keçirmələri üçün geniş imkanlar yaradıb. Gəncədə istifadəyə verilən İdman Sarayı da bu qəbildən layihələr arasında xüsusi yer tutur.
 
Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən inşa edilən Gəncə İdman Sarayının tikintisinə 2018-ci ilin iyununda başlanılıb. Yüksək keyfiyyətlə aparılan tikinti işləri bu ilin martında tam başa çatdırılıb.
 
Gəncə İdman Sarayı müasirliyi ilə diqqəti cəlb edir. Ümumi sahəsi 40 min kvadratmetrə yaxın olan İdman Sarayında bütün zəruri infrastruktur yaradılıb. Böyük zalda beynəlxalq standartlara uyğun olaraq basketbol, voleybol, həndbol, mini futbol və atletika oyunlarının keçirilməsi nəzərdə tutulub. Bu zalda 2200 nəfərlik sabit oturacaq yeri olan tribuna, 850 nəfərlik mobil oturacaq və fiziki məhdudiyyəti olan tamaşaçılar üçün 20 yer ayrılıb. Burada, həmçinin VIP bölmə, idmançılar və hakimlər üçün müxtəlif təyinatlı sahələr və konfrans zalı yaradılıb.
 
Qeyd olundu ki, İdman Sarayındakı üzgüçülük hovuzu Beynəlxalq Üzgüçülük Federasiyasının standartlarına cavab verir. Hovuzun uzunluğu 50, eni 21 metr, dərinliyi isə 3 metrdir. Burada 4 metr, 2,2 metr və 1,2 metrə qədər qalxa bilən mobil hərəkətli döşəmə də quraşdırılıb. Zalda üzgüçülük yarışlarını 1400-dən çox tamaşaçı izləyə biləcək. Fiziki məhdudiyyəti olan tamaşaçı üçün isə 16 yerlik ərazi təşkil olunub. Üzgüçülük hovuzu da VIP bölmə, idmançılar və hakimlər üçün müxtəlif təyinatlı sahələrdən ibarətdir.
 
Gəncə İdman Sarayının kiçik zalı müvafiq olaraq 2, 3 və 4 yerə bölünmək imkanına malikdir. Burada ağır atletika, güləş, cüdo və boks zalları, müxtəlif təyinatlı otaqlar fəaliyyət göstərəcək və idmanın ayrı-ayrı sahələri tədris ediləcək.
 
Nəhəng idman qurğusunda Beynəlxalq İdman Atıcılığı Federasiyasının (ISSF) standartlarına uyğun atıcılıq zalı, həmçinin müxtəlif ölçülü yoqa, pilates, atletika, fitnes, boulinq, masaüstü tennis, şahmat, kross-fit zalları, SPA mərkəzi, bilyard masası, uşaq otağı, 3 konfrans zalı, böyük restoran, kofe-breyk bölmələri və marketlər fəaliyyət göstərəcək.
 
Gəncə İdman Sarayının əhəmiyyətini artıran cəhətlərdən biri də burada müasir mehmanxananın yaradılmasıdır. Səksən nömrəsi olan mehmanxanada 160 idmançın qalması və istirahəti üçün hər cür imkan var.
 
Həyətdə geniş abadlıq-quruculuq işləri görülüb, yaşıllıq zolaqları salınıb, istirahət guşələri yaradılıb, müşahidə kameraları quraşdırılıb.
 
Belə nəhəng idman qurğularının yaradılması Azərbaycanın idman ölkəsi kimi nüfuzunu yüksəltməklə yanaşı, regionlarda yaşayan gənclərin idmana həvəsinin artırılması, onların potensialının üzə çıxarılması və ümumilikdə idmanın kütləviliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30