3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Minifutbol

“Aznur”un baş məşqçisi: “Mənim üçün “Birbaşa Bakı” “Zirə”dən daha narahat rəqibdir”

Minifutbol üzrə Azərbaycan çempionatının finalçısı - “Aznur”un baş məşqçisi Rəcəb Fərəczadənin Futbolxeber.az saytına müsahibəsi

 

- Yarımfinalın cavab oyununda “Real Bakı”nı 6:2 hesablı ilə məğlub etməklə finala yüksəldiniz. Bu qələbəni necə şərh edərdiniz?

- İlk oyundan fərqli olaraq, bu dəfə rəqibdən üstün oynadıq. Əslində rahat qələbə qazandıq. Lakin oyunun mahiyyəti, yarımfinal matçı olması səbəbindən 3:0, 4:0-dan sonra da dayanmaq olmazdı. Rəqibi yaxşı analiz etmişdik, bəzi standart vəziyyətlər üzərində işləmişdik. Allaha şükür ki, bunun bəhrəsini gördük.

- İlk oyunda bu cür inamlı çıxış etməməyin səbəbi nə idi? Bəlkə 1/4 finalda əsas favorit “Zirə”ni mübarizədən kənarlaşdıqdan sonra komandada arxayınçılıq yaranmışdı?

- Arxayınçılıq deməzdim. Sadəcə uşaqlar oyuna adi matç kimi yanaşmışdılar. Sanki bu, yarımfinal görüşü deyildi. Tam motivasiya olmamışdılar. Nə qədər desəm də, lazımınca toparlana bilmədilər. Bəzilərinin oyunları alınmadı.

- Qapı xəttində dəyişiklik etməyiniz nə ilə bağlı idi?

- Oyundan qabaq Nurinin qızdırması var idi. Son ana qədər bilmirdik ki, meydana çıxa biləcək, ya yox. Elə oldu ki, dərman qəbul etsə də, özünü yaxşı hiss etmirdi. Uşaqları pis vəziyyətdə qoymaq istəmədi. Ona görə də qapıda İlqara şans verdik. O da da sağ olsun, layiqincə vəzifəsinin öhdəsindən gəldi.

- Artıq finaldasınız. Buna qədər çempionatın əsas favoriti “Zirə”ni mübarizədən kənarlaşdırmısınız. Həlledici görüşdə də “Birbaşa Bakı”nı məğlub etməyə gücünüz çatacaq?

- Əlimizdən gələni edəcəyik. Finala çıxmışıqsa, sona qədər qələbə üçün mübarizə aparmalıyıq. Mənim üçün “Birbaşa Bakı” “Zirə”dən daha narahat rəqibdir. Çünki “Zirə” taktiki futbola üstünlük verir, çoxlu yerdəyişmələr edir. “Birbaşa Bakı”da isə 3-4 nəfər fərdi cəhətdən çox güclü oyunçu var. Komandanın oyunu taktiki cəhətdən alınmayanda məhz həmin 3-4 futbolçu hər şeyi üzərinə götürür və matçın taleyini həll edir.

- Sizinlə ötən söhbətimizdə qeyd etmişdiniz ki, “Aznur”dan 5 futbolçunun - Tural Məmmədrzayev, Kamran Qürbətov, Əliəkbər Şəbiyev, Təmraz Əmircanov, Mehdi Rəsulovun milliyə dəvət almasını istərdiniz. Lakin bu futbolçulardan yalnız ikisi - Kamran və Təmraz yığmaya dəvət aldı. Bu seçimi necə şərh edə bilərssiniz?

- Mən millinin işinə qarışa bilmərəm. Təbii ki, hər bir klub məşqçisi istər ki, yığmaya daha çox futbolçusu getsin. Lakin yekun qərarı millinin baş məşqçisi verir.

- Üstəlik, nəzərə almaq lazımdır ki, bu, millinin Avropa çempionatı üçün deyil, Monteneqro toplanışı üçün açıqlanan heyətidir...

- Mən o barədə heç nə deyə bilmərəm. İstərdim “Aznur”dan millidə çox oyunçu olsun. Elvin, Əliəkbər hazırda yaxşı formadadırlar. Millidə nə qədər çox oyunçumuz olsa, fəxrimizdir.

- Necə düşünürsünüz, çempion olsanız, millinin baş məşqçisi fikrini dəyişə bilər?

- Heç nə deyə bilmərəm.

- Finala çıxmaqla həm də Çempionlar Liqasına vəsiqə qazandınız. Qitə miqyaslı turnirə hazırkı heyətlə gedəcəksiniz, yoxsa dəyişikliklər olacaq?

- Yox, elə bu heyətlə getməyi düşünürəm. Maksimum 1-2 dəyişiklik ola bilər. Maraqlı heyətimiz var. Həm də uşaqlar mövsüm boyu əziyyət çəkib, can qoyublar.

- Millinin baş məşqçisi Elşad Quliyev oyunçuların böyük futbolda, futzal da oynamalarının düzgün olmadığını söyləyib. Sizin komandanızda da II Liqada çıxış edən futbolçular var. Gələcəkdə onların yalnız “Aznur”da çıxış etməsini təmin etmək mümkündürmü?

- Əlbəttə, oyunçuların yalnız “Aznur”da çıxış etməsi daha yaxşı olardı. Amma bunun üçün gərək onlara normal maaş verəsən. Bizdə “Birbaşa Bakı”da, “Zirə”də olan büdcə yoxdur. Komandaya Nuri baxır. Mən oyunçulara cibimdən də pul verə bilmərəm, onların çörəyinə də bais ola bilmərəm. Təbii ki, elə olması ən çox mənə sərf edər. Çünki belədə həftədə 3 dəfə məşq edərik, daha yaxşı hazırlıq keçərik. İndiki halda həftədə cəmi 1 dəfə məşq edirik. Həmin 1 məşqdə də bütün istədiklərimizi həyata keçirmək mümkün olmur.

İbrahim CƏFƏROV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31