29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi
“Sumqayıt”dan azarkeşlərinə müraciət

Ölkə futbolu

Daha Vahabzadədən əl çəkin...

1 AY ƏRZİNDƏ “KƏPƏZ”Ə 1 MANAT BELƏ DƏSTƏK OLMAYANLAR HANSI ƏSASLA TRANSFERLƏRƏ AĞIZ BÜZÜRLƏR?

Gəncəli azarkeşlərin gözü aydın. Bu gün Mehman Allahverdiyevin kluba qayıdışı reallaşdı. 90-cı illərdə “Kəpəz”lə çempionluqlar qazanmış mütəxəssis bundan sonra doğma klubunda idman direktoru vəzifəsini tutacaq. Yəqin ki, bu təyinatdan sonra gəncəli azarkeşlər nisbətən sakitləşərlər. Yaxud daha da konkretləşdirsək, baş məşqçi Yaşar Vahabzadədən əl çəkərlər. 2 ildi Gəncədə ögey münasibətlə üzləşən Vahabzadəyə qarşı təzyiqlər “Kəpəz”in Premyer Liqada çıxış edəcəyi dəqiqləşəndən sonra daha da artdı. Başa düşürəm, gəncəli azarkeşlər doğma komandalarına yerli məşqçinin rəhbərlik etməsini istəyirlər. Lakin yerlibazlığa qalsa, onda gərək “Neftçi”ni bakılı, “Şamaxı”nı şamaxılı, “Qarabağ”ı ağdamlı çalışdırsın. Bu, mümkün deyil. Biz azərbaycanlılar digər millətlərlə müqayisədə yerlibazlığı xoşlayırıq. Ancaq futbol elə bir sahədir ki, burda yerlibazlıq keçmir. 

Gəncəli azarkeşlər məndən incisələr də, razılaşmasalar da, onların Yaşar Vahabzadəyə qarşı tutduqları mövqe qərəzlidi. Başa düşürəm, deyəcəklər ki, “Kəpəz” son mövsüm I divizionda 7-ci yeri tutub. Razı, amma “Kəpəz”in bundan öncəki Premyer Liqaya qayıdışını xatırlayın. Səhv eləmirəmsə, Gəncə təmsilçisi həmin vaxt I divizionda mövsümü 9-cu pillədə tamamlamışdı. Lakin güclülər dəstəsində normal şərait qarşılığında komanda hətta avrokuboklara da vəsiqə qazandı. İndiki məqamda da səbr etmək lazımdı. İmkan verin Yaşar Vahabzadə işləsin, onsuz da istədiyi nəticəni qazanmasa, o, özü gedəcək, sizin istefaya səsləməyinizə belə ehtiyac yoxdu. Amma bu gün çempionat hələ başlamayıb, klubun feysbukdakı səhifəsində Yaşar Vahabzadə ilə müqavilə imzalanması barədə xəbər yer alıb, altındakı şərhlərlə tənqid bir yana, təhqirə də yol verilir. Dostlar, tuneldə rəqibləri döymək zamanı geridə qalıb gedib. İndi XXI əsrdi...

O gün biri deyir ki, Yaşar Vahabzadə məşqçi deyil. Yaxşı, məşqçi deyil, bəs kimdi, kosmonavtdı? Yaşar Vahabzadə uzun illər aşağı yaş qrupları üzrə milli komandalarda çalışıb. Onun rəhbərliyi altında U-21 yığmamız 30 illik tarixi ərzində 2 ən yaxşı nəticəsindən birini göstərib. Həmçinin, Yaşar Vahabzadənin çalışdırdığı gənclər millimiz Ukrayna, Albaniya, Kosovo kimi heç də zəif olmayan rəqiblərin çıxış etdiyi “Antalya Cup”un qalibi olub. Eləcə də ötən İslam Həmrəyliyi Oyunlarında Yaşar Vahabzadə yığmamızı çempionluğa daşıyıb. Kimsə bu nəticələrə ağız büzə, Qurban Qurbanovun, Roman Qriqorçukun, Böyükağa Hacıyevin klub səviyyəsində daha yüksək uğurlara imza atdığını vurğulaya bilər. Razıyam, lakin Vahabzadəyə də “Kəpəz”də vaxt vermək lazımdı. İmkan verin, çempionat başlasın, Yaşar bəy komandasını formalaşdırsın, 1-2 dövrə oyunlarını keçirsin, sonra nəticələr barədə danışmaq, fikir yürütmək olar. İndi isə çempionat başlamamışdan göstərilən bu cür münasibətin adı yalnız qərəzdi. 

Digər bir məqam isə transferlərlə bağlıdı. Bu ana qədər “Kəpəz” Tural Axundov, Elvin Yunuszadə və Kamran İbrahimovla güclənib. Bu futbolçularla nəinki çempionluğa, heç avrokuboklar uğrunda belə oynamaq mümkünsüz görünür. Amma unutmaq olmaz ki, hər şey büdcədən asılıdı. İmkanı olsaydı, Yaşar Vahabzadə də komandasını Namiq Ələsgərov, Ataa Caber, Marko Yankoviç kimi futbolçularla gücləndirərdi. Lakin bu transferlər təkcə baş məşqçinin istəyinə yox, əsasən maliyyəyə görə reallaşdırılır. Vahabzadə də “Kəpəz”in büdcəsinə uyğun gələn futbolçularla komandasını formalaşdırır. 

Mayın 26-da “Kəpəz”in sosial şəbəkələrdəki hesabları vasitəsi ilə komandaya dəstək üçün iş adamlarına çağırış edildi. Dünən bu məsələ ilə bağlı klubun mətbuat katibi Azad Mustafayevə müraciət etdik. A.Mustafayevin cavabı təxminən belə oldu ki, “klub rəhbərliyi müəyyən görüşlər keçirsə də, hələ ki heç bir yenilik yoxdur”. Bu isə o deməkdir ki, geridə qalan 1 ay ərzində bir nəfər belə komandaya dəstək çağırışına qoşulmayıb. Bu halda edilən transferlərə ağız büzmək nə dərəcədə haqdır?

İBRAHİM

P.S. Əslində, ümumilikdə azarkeşlərin hamısını qınamaq düz deyil. Çünki Yaşar Vahabzadəyə qarşı olan münasibət bütövlükdə “Kəpəz” azarkeşlərinin hamısının fikri ola bilməz. Bu, daha çox özünə futbol veteranı deyən, amma futbolçu karyerası bitəndən sonra heç bir ciddi futbol işi ilə məşğul olmayan, işi-gücü çayxanalarda dedi-qodu etmək olan bəzi futbol möhtəkirlərinin özü və yönləndirdiyi azarkeş adlandırılan şəxslərin Vahabzadəyə qarşı fikri, münasibəti və qərəzidir.  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30