Ölkə futbolu
“Fuad Musayev dedi ki, səni futboldan birdəfəlik silərəm, bir də futbol oynaya bilməzsən”
Onu çoxlarımız tanımırıq. Tanıyanların isə əksəriyyəti unudub. Etiraf edirəm ki, həmin unutqanlardan biri də mən idim. Vaxt var idi, Azər İsayevin adı gələndə futbol azarkeşlərinin gözlərinin önünə bəstəboylu, sürətli, çevik, texnikalı hücumçu gəlirdi. İndi isə...
Azəri futbolçu kimi sonuncu dəfə harada gördüyümü, hansı oyununa baxdığımı xatırlamıram. Bir neçə ay əvvəl uzun fasilədən sonra “İnter Arena”da rastlaşanda tanımadım. Gənc futbolçulara məşq keçirdi. Məşqçinin kimliyini soruşanda, dedilər ki, Azər İsayevdi. 80-ci illərin sonunda Azərbaycanın ən istedadlı və perspektiv vəd edən gənclərindən biri. Azər doğrudan da çox istedadlı futbolçu olub. İnanmırsınız? Elə isə bir neçə faktla sübut etməyə çalışacam. 3 il SSRİ-nin aşağı yaş qruplarından ibarət yığmalarının əsas heyət oyunçusu olub. 14 yaşında “Neftçi”nin əvəzedici heyətində rəsmi oyuna çıxıb. Azərbaycan milli çempionatları tarixində iştirak etdiyi 156 oyunda 73 qol vurub. Orta hesabla hər oyunda 0,47 qol. Fikrimcə, əla göstəricidi. Maraq üçün qeyd edim ki, Azər bu nəticə ilə milli çempionatlar tarixində 7-ci yerdə qərarlaşıb. 100-dən çox oyunun iştirakçıları olan futbolçulardan ən yaxşı nəticə isə Nazim Əliyevə məxsusdur - 0,78 qol. Bəs, nəyə görə Azər İsayev “Neftçi”nin əsas heyətinə cəlb olunmayıb? SSRİ-nin aşağı yaş qruplarının əvəzolunmaz hücumçusu hansı səbəbdən milli komandaya dəvət almayıb? Və yaxud SSRİ dağılandan sonra bir çoxları kimi ölkə xaricinə getməyib? Bütün bu suallar müsahibə götürməmiş mənim üçün də sual olaraq qalırdı. Hamısının səbəbi var. Amma bir qədər sonra. Əvvəlcə Azər haqqında bir qədər məlumat verim.
Azər İsayev 1967-ci ildə Buzovna qəsəbəsində, fəhlə ailəsində anadan olub. Zülfüqar kişinin ailəsində 6 uşaq böyüyüb. Azər 5 bacının tək qardaşıdır, sonbeşikdir. Qəsəbədəki orta məktəbdə təhsil alan balaca Azər 10 yaşında Boris Tibilovun rəhbərliyi ilə futbolda ilk addımlarını atmağa başlayıb. 1982-ci ildə 14 yaşında Azərbaycan yığma komandasının heyətində Moskvada gənc futbolçular arasında təşkil olunan turnirdə iştirak edib və SSRİ yığmasının məşqçilərinin diqqətini cəlb etməyi bacarıb. Azərbaycan yığması qrupda 2-ci yeri tutaraq final mərhələsində oynamaq imkanı qazanıb. Azər isə qrup mərhələsinin bombardiri olmaqla yanaşı bu mərhələnin ən yaxşı futbolçusu seçilib. Bu uğur final mərhələsində də təkrar olunub. Həm bombardir, həm də ən yaxşı futbolçu adına layiq görülən İsayev SSRİ yığma komandasına dəvət alıb. Üstəlik, 1982-cü ildə, 14 yaşında “Neftçi”nin əvəzedici komandasına da cəlb edilib. İlk baxışdan futbolumuzda gələcəyi parlaq görünən bir gəncin yetişdiyini düşünmək olardı. Amma, sən saydığını say, gör fələk nə sayır.
- Azər, o vaxt SSRİ yığmasında hansı məşhur futbolçularla birgə çıxış etmisən?
- İqor Dobrovolski, Andrey Kiryakov, İqor Kolıvanov, qapıçı Dimitri Xarin... Adlarını çəkdiyim futbolçular hamısı sonradan məşhur oldular. 3 il ardıcıl yığmanın əsas heyət oyunçusu kimi demək olar ki, bütün oyunlara, toplanışlara dəvət alırdım.
Haşiyə: Azərin adlarını çəkdikləri hücumçular ondan fərqli olaraq uğurlu karyeraya malik olublar. İqor Dobrovolski “Dinamo” (Moskva), “Cenoa” (İtaliya), “Servett” (İsveçrə), “Marsel” (Fransa), “Atletiko” (Madrid) kimi klublarda oynayıb. SSRİ yığmasında 25 (7 qol), MDB yığmasında 4 (1), Rusiya yığmasında isə 18 (2) oyun keçirib. Seul olimpiadasının qalibi olmaqla yanaşı, “SSRİ idman ustası” fəxri adına layiq görülüb. Futbolu bitirdikdən sonra məşqçiliklə məşğul olmağa başlayıb. 2006-2009-cu illərdə Moldova millisini çalışdırıb. Son iş yeri Yunanıstanın “Veris” klubu olub.
İqor Kolıvanovun oynadığı klublar - “Dinamo” (Moskva), “Foca” və “Bolonya”dır (hər ikisi İtaliya). SSRİ yığmasında 19 (2), MDB yığmasında 5 (1) və Rusiya yığmasında 35 (12) matçda iştirak edib. SSRİ-nin beynəlxalq dərəcəli idman ustası, Rusiyanın əməkdar məşqçisidir. Məşqçi demişkən, 2002-2010-cu illərdə Rusiyanın aşağı yaş qruplarından ibarət yığma komandalarının məşqçisi olub. Hazırda “Ufa”dadır.
- Bəs, nəyə görə bu qədər üzdə ola-ola babat bir komandaya götürmədilər?
- Niyə ki? 1985-ci ildə Dobrovolski ilə məni Moskva “Dinamo”su istəyirdi. İqor getdi, məni isə qoymadılar.
- Kim?
- Fuad Musayev. “Dinamo”dan başqa eyni hadisə “Spartak”la da (Moskva) baş verdi. Fuad Museyev məni kabinetinə çağırıb dedi ki, sənin yerin Azərbaycandır. Bizim gələcəyimizsən. Nə gizlədim, hətta hədə-qorxu da gəldi ki, səni futboldan birdəfəlik silərəm, bir də futbol oynaya bilməzsən. 17-18 yaşım var idi, qorxub səsimi çıxara bilmədim. Hətta Ağasəlim Mircavadov və dünyasını dəyişdiyinə görə adını çəkmədiyim tanınmış məşqçilərimizdən biri də mənə qarşı çıxdı. Elə bil, paxıllığımı çəkirdilər. Hətta həmin o rəhmətlik mənim haqqında elə bir xasiyyətnamə hazırladı ki... Guya məşqlərə gəlmirəm, nizam-intizamı pozuram və s.
- Və göndərdilər hərbi xidmətə.
- 1986-cı ildə əsgərliyə getdim. 19 yaşım var idi. 1 il Gürcüstanda hərbi xidmət keçdikdən sonra Bakıya - OİK-ə qaytardılar.
- Azər İsayevi digər futbolçulardan fərqləndirən cəhətlər var idimi?
- Həm sürətli, həm də texniki cəhətdən güclü idim. Bu da məndə elə-belə yaranmamışdı. Məşqlərdə həmişə öz üzərimdə işləyirdim, məşqçilərin verdiyi bir tapşırığı iki dəfə edirdim. Qısası, məşqə çıxanda elə bilirdim ki, oyundayam. Amma bu həvəsi öldürdülər. Əsgərlikdən qayıdandan sonra tamam başqa Azər olmuşdum. Əməlli-başlı “sönmüşdüm”. OİK-dən sonra 1988-ci ildə SSRİ birinciliyinin 9-cu zonasında çıxış edən Sumqayıtın “Xəzər” komandasına çağırdılar.
- Nəyə görə “Neftçi” yox, “Xəzər”?
- “Neftçi”də də oynamışam. 14 yaşım olanda artıq komandanın əvəzedici heyətinə cəlb edilmişdim. Rəhmətlik Anatoli Banişevski məşqçimiz idi. Adətən oyunun qurtarmasına 10-15 dəqiqə qalmış məni meydana buraxırdılar. Buna baxmayaraq, mövsüm ərzində 8 qol vurmuşdum. “Zenit”, “Jalgris”, Tiflis və Kiyev “Dinamo”larına vurduğum qollar hələ də yadımdadır.
- Əvəzediciləri anladım, bəs, hansı səbəblərdən əsas komandaya duşə bilmədin? Axı, SSRİ yığmasında da oynamağın əlavə təkan ola bilərdi.
- Vallah, kimdəsə səhv axtarmaq fikrində deyiləm. Əsas səbəb özüm idi. Yəqin ki, hansısa məqamda zəiflik göstərmişəm, formada olmamışam, ona görə. “Neftçi”də oynamaq mənim uşaqlıq arzum olub. Düzdür, Azərbaycanda yeganə futbolçu olmuşam ki, 3 il ardıcıl həmyaşıdlarım arasında SSRİ yığmasının əsas heyətində oynamışam. Bir neçə turnirin bombardiri olmuşam, ən yaxşı oyunçusu seçiblər. İtaliyadakı turniri misal gətirə bilərəm. Bundan başqa İqor Dobrovolskidən sonra komandanın ikinci kapitanı idim. Özünüz bilirsiniz, kapitanlıq sarğısını elə-belə adama vermirdilər. İllah da azərbaycanlıya. İqordan zəif deyildim. Bəlkə də ondan daha bacarıqlıydım. Bunu İqorun özü də deyirdi. Sadəcə, o rus olduğuna görə kapitanlığı ona vermişdilər. Nə bilim, bəxtim gətirmədi.
- Dobrovolski ilə əlaqən var?
- İqorla çox yaxın münasibətlərim olub. Bir otaqda qalırdıq. Həmişə mənə dəstək olmağa çalışırdı. SSRİ dağılana kimi əlaqə saxlayırdıq, hal-əhval tuturduq. Sonradan o, xaricə getdi, əlaqələr itdi. 90-cı illərin axırında bizim Vladislav Qədirovdan məni xəbər almışdı.
- Mənim yadımda “Xəzər”li Azər kimi qalmısan...
- Hə, SSRİ birinciliyində 1991-ci ilə kimi “Xəzər”də oynadım. O vaxt komandada xeyli tanınmış futbolçular var idi - Vaqif Sadıqov, Nazim Əliyev, Yaşar Vahabzadə, Mehman Yunusov, Azad Mütəllimov...
- “Xəzər”də oynayanda da başqa klublardan təklif var idi?
- 9-cu zonada əsasən Gürcüstan komandaları çoxluq təşkil edirdilər. Onlardan “Quriya”, “Alazani” məni heyətinə cəlb etmək istəyirdi. Özü də “Alazani”nin baş məşqçisi məşhur futbolçu Otari Qabeliya idi.
- Niyə getmədin?
- Gürcüstanda müharibə gedirdi. Ona görə.
- Müharibə demişkən, Qarabağda vuruşmusan?
- 1 ay. Əgər ona da iştirak demək olarsa. İnstituta imtaha gedirdim. Mərdəkan dairəsində “oblava”ya düşdüm. 90-cı illərin əvvəllərində Azərbaycanda vəziyyət gərgin idi. Yararlıları küçənin ortasında tutub müharibəyə aparırdılar. Tələbə olmağıma baxmayaraq məni də tutub əvvəl Şəmkirə, ardınca təlim keçmək üçün Gəncəyə apardılar. Sonuncu yerim Ağdamın Gülçülük Sovxozu deyilən yer idi. Orada rəhmətlik Allahverdi Bağırovla rastlaşdım. Allahverdi müəllim məni yaxşı tanıyırdı. Görən kimi, qayıtdı ki, Azər sənin yerin müharibə yox, futbol meydanıdır. Onun tapşırığı ilə ordudan təxris elədilər.
- “Xəzər”də ilk oyunun və ilk qolun xatirindədir?
- Bütün qollarım yadımdadır. İlk qolumu Gürcüstan komandasına vurmuşdum. Hər mövsüm 20-25 qol vururdum. Qollardan da çox məhsuldar ötürmələr verirdim. Ümumiyyətlə, çoxlarından fərqli olaraq qol vurmağı yox, ötürmə verməyi xoşlayırdım. Dəfələrlə olub ki, 100 faizlik imkanım olduğu halda komanda yoldaşımın fərqlənməsinə şərait yaratmışam.
- Neçə il “Xəzər”də oynamısan. “Xəzər” Azərə nə qazandırdı? Maliyyə tərəfini nəzərdə tuturam.
- Heç nə. “Quru” maaş. Adımız zavodda fəhlə kimi gedirdi. Maaşımız da elə fəhlə maaşı idi - 210 rubl idi. İndiki dövrdə oynasaydım, milyonlarım var idi. Düzü, o vaxt bizi pul yox, daha da irəli getmək maraqlandırırdı.
- Yaxşı, SSRİ dağılandan sonra yenə də “Xəzər”də idin. Yenə də “quru” maaşa oynayırdın?
- Yox. Maaşımı qaldırdılar, 1 otaqlı ev verdilər. 1994-cü ilin sonuna kimi “Xəzər”də oynadım.
- İlk birincilikdə “Neftçi”yə ən layiqli rəqib sizin komanda idi. Doğrudan çempion olmaq mümkün deyildi?
- “Neftçi” çox güclü idi. Onlar da, biz də SSRİ çempionatına hazırlaşırdıq. Elə oldu ki, SSRİ dağıldı, öz birinciliyimizi keçirməyə başladıq. Futbolçular da komandanı tərk etmədilər. Baxmayaraq ki, onlar çempion oldular, amma “Neftçi”dən zəif deyildik. Hətta Sumqayıtdakı oyunda “Neftçi”yə 3:0 hesabı ilə qalib gəlmişdik. Qolların da birini mən vurmuşdum. O birilərini isə Vaqif Sadıqovla Nazim Əliyev.
- Eşitdiyimə görə, Nazim Əliyevin 2 qolundan 1-nin ötürməsini sən vermisən.
- Nazim taran tipli futbolçu idi. Başla yaxşı oynayırdı, qol vurmaq hissiyatı güclü idi. Məndə isə texnika və sürət. Bir-birimizi tamamlayırdıq. Çox vaxt cinahlardan hücum edib Nazimə ötürmə verirdim. Özü də təsdiq edə bilər. Ötürmələrin sayına gəlincə, bəlkə də 50-dən çox epizodda qol vurmaq imkanı qazanmağıma baxmayaraq, Nazimin fərqlənməsinə şərait yaratmışam. Buna rəğmən adımda 73 qol var. Məncə, pis nəticə deyil (gülür).
- Nazim müəllimlə əlaqə saxlayırsan?
- Əlbəttə. Nazim çox gözəl insandır, əsl dostdur. Çətin vaxtlarımda həmişə vəziyyətimlə maraqlanıb. Hətta kömək də edib. Ona verdiyim ötürmələr halalı olsun. Karyeram ərzində bir neçə komandada oynamışam. Heç kim məndən narazı qalmayıb.
- Azərbaycan müstəqillik qazananda 24-25 yaşın var idi. Xaricə getmək olmazdı?
- Nə gizlədim, o vaxt təklif yox idi. Vaxtında getmək lazım idi. 17-18 yaşında yaxşı potensialım var idi. Ona görə də təklif göndərirdilər. “Quriya”ya getmədiyimə görə o qədər peşmanam ki. Əvvəl Fuad Musayev imkan vermədi. Sonra da özüm səhv qərar qəbul etdim. Gərək, Gürcüstana gedəydim.
- O vaxt yeni qurulan milli komandaya hansı səbəbdən düşə bilmədin?
- Səbəblərini bilmirəm. O vaxt özümü millidə oynayan hücumçuların heç birindən zəif hesab etmirdim. Hamısı ilə dost münasibətim var idi. Nazim Süleymanovla “Neftçi”yə bir yerdə gəlmişik. Hətta bir otaqda qalırdıq. Samir Ələkbərovla SSRİ dövründə respublikanın yığma komandasında oynayırdıq. Bizim oyunumuz çox oxşar idi. Hətta bir dəfə Riqada bir oyunda bizə qol vurdular. 17 yaşımız olardı. Necə hirsləndiksə, mərkəzdən başlayan kimi topu götürüb iki nəfərə qol vurduq. O da aldatmağı bacarırdı, mən də. Yenə təkrar edirəm, özümü o vaxtkı hücumçuların heç birindən zəif saymırdım. Hər bir futbolçunun karyerası şansdan və bəxtdən çox asılıdır. Mənim şanslarım çox oldu. İstifadə etmədim. Bəxtdən isə danışmağa dəyməz.
- “Xəzri”yə gəlişin necə oldu?
– “Xəzri” 1993-cü ildə yaradılmışdı. Mənə də bir buzovnalı kimi təklif göndərmişdilər. Həmin ərəfədə “Xəzər”də vəziyyət o qədər də ürəkaçan deyildi. Maaşlar gecikdirilirdi, verilmirdi. “Xəzər”lə müqaviləm olduğu üçün Buzovna kulubuna gələ bilmirdim. 6 ay “Xəzri”dən oynamaya-oynamaya maaş aldım. Onda komanda 1-ci dəstədə çıxış edirdi və 1994-cü ildə yüksək liqaya vəsiqə qazanmışdı. Komandadan bir neçə futbolçu “Neftçi”yə keçdi, Vaqif Sadıqov karyerasını bitirdi. Mən isə 1994/95-ci illər mövsümünün ikinci yarısında “Xəzri”yə gəldim. Düzü, “Xəzər”dən buraxmaq istəmirdilər Amma fikrimdə qəti idim. “Xəzri”də 3 ildən çox oynadım. 1995/96-cı illər mövsümündə gümüş medalları qazandıq. “Neftçi”dən 3 xal az toplamışdıq. Medalı da, diplomu da saxlayıram.
- Yəqin ki, Avrokubokda Polşanın “Qurnik” komandasına məğlubiyyət yadındadır?
- Yaddan çıxası hadisədir? İlk dəfə idi ki, Avropa səhnəsində oynayırdıq. İlk hissədən sonra hesab açılmamışdı. İkinci hissədə bir də o vaxt ayıldıq ki, hakim oyunu bitirib və 9 top buraxmışıq. Uşaqların hamısı çaş-baş qalmışdı. Heç kim özündə deyildi. Polşalılar hündürboy idilər. Topların çoxunu başla vurdular. Bəhanə gətirmirəm. İndi də fikirləşəndə biabırçı məğlubiyyətin səbəblərini tapa bilmirəm. Bakıdakı oyunda isə bir az özümüzə gəlmişdik, 2:2 oynadıq.
Azər İsayev 1997-ci ildə “Qarabağ”a keçib. Ağdam klubunda ona qalan “Kəpəz”ə 0:2 hesabla məğlub olduqları kubokun finalında aldığı diplom qalıb. Daha sonra 2 il Sumqayıtın “Kimyaçı”sında futbol oynayan bəxtsiz İsayev karyerasını 2000-ci ildə bitirib.
1990-cı ildə ailə həyatı quran Azərin 2 övladı var - 1 qızı və 1 oğlu. Qızını köçürüb, 1 nəvəsi var. Oğlu isə sənətini davam etdirməyib. Heç buna görə təəssüflənmir də. 1994-cü ildə qəbul olunduğu Bədən Tərbiyəsi İnstitutunda təhsilini başa vura bilməyib. 4-cü kursda demək istəmədiyi səbəblər üzündən oradan uzaqlaşıb. Hələ bu harasıdır? Futbolçu həyatından sonra məşqçilik etmək qərarına gəlib. Gəl ki, burada da bəxti gətirməyib. Ötən il “C” kateqoriyası imtahanları ərəfəsində el dilində desək, “paraliç” keçirib, sol tərəfi iflic olub. Uzunmüddətli müalicələrdən sonra indi bir az özünə gəlib.
Azərdən dolanışığı ilə maraqlandım. “İnter Arena”da azyaşlı futbolçulara fərdi məşq keçməklə başını qatır. Dediyinə görə, aralarında istedadlı gənclər var. Məsələn, dönə-dönə Rəsul Babazadənin adını çəkdi. Fərdi məşqlərdən qazandığı ilə ailə saxlamaq çox çətindir. Klublarda isə məşqçi kimi işləmək üçün kateqoriya tələb olunur. Yenidən imtahan vermək fikrindədir. Hətta lazım olan məbləği birtəhər tapıb ödəyib də. Bəlkə ondan sonra iş təklif eləyən ola.
Müsahibədən əvvəl Azərdən köhnə şəkil gətirməsini xahiş etmişdim. Cəmi 1 şəkillə gəlmişdi. Dedi ki, qalanlarını uşaqlar cırıblar. Buna da şukür deyib şəkildəkilərin kimliyini soruşdum. Solunda dayanan “Xəzri”nin adminstratoru Səfər Haşımovdu. Səfər müəllim hakim Ceyhun Haşımovun atasıdır. Sağındakı isə qapıçı Tahir Əliyevdir. Tahir indi futboldan çox uzaqdır. Azərin təbirincə desəm, “krosna ustası”dır. Hətta AFFA-nın məsul vəzifədə olan məmurlarından birinin evində antena quraşdırıb. Pulunu isə hələ də ala bilməyib. Söhbət 80 manatdan gedir. Azər həmin adamın adını söyləsə də, bilərəkdən vermirəm. Bəlkə xəbər tutar, utanıb fəhləyə olan borcunu ödəyər. Sənət demişkən, söhbətin sonunda Azərin yaxşı “malyar” olduğu üzə çıxdı. Demə, futbolu buraxdıqdan sonra neçə il ailəsini suvaq vurmaq, “oboy” çəkməklə dolandırıb. “Kimin evində pulsuz işləməyə hazırsan? Və ya kimin evində milyon da versələr işləməzsən?”. Son iki sualıma Azərin cavabı belə oldu: “Kasıbın, imkansızın evində pulsuz işləməyə həmişə hazıram. Futbol ictimaiyyətinə gəlincə, kim çağırsa, işini görə bilərəm. Özü də keyfiyyətli. Samir Ələkbərov, Nazim Əliyev və Vəli Hüseynovdan pul almaram. Amma Yaşar Vahabzadə ilə Əsgər Abdullayev milyon da versələr, əlimi ağdan-qaraya vurmaram. Hər ikisi vaxtilə mənə çox yaxın olublar. Müəyyən məqamlarda onlardan ümid gözləmişəm. Ümidimi puç etdilər”.
Azər İsayevi yada saldı: İlqar TAĞIYEV, “Het-trik news” qəzeti
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- Qurbanovdan nümunəvi addım
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
- “Aznur”un baş məşqçisi: “Mənim üçün “Birbaşa Bakı” “Zirə”dən daha narahat rəqibdir”
- Ayxan Abbasov: “Komanda adı çəkmək mənə yaraşmaz, amma bu söhbətlər olacaq”
- Avropa çempionatında möhtəşəm nəticə
- 90-cı dəqiqədə meydana çıxdı, “Neftçi” - “Araz-Naxçıvan” oyununun ən yaxşısı seçildi
- Hakimlər “kimə işləyir”? - Araşdırma
- Klublar Komitəsinin iclası keçirilib
-
18:19
Abu Dosso: “Sumqayıt”ın potensialı avrokuboklarda oynamağa imkan verir”
-
17:58
Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa Kubokunun mükafat fondu açıqlanıb
-
17:42
Azərbaycanlı nümayəndə ilk dəfə Avropa çempionatında
-
17:25
Şahin Bağırov Azərbaycan voleybol millisinin üzvləri ilə görüşüb
-
17:03
Azərbaycanı Bakıdakı Avropa Kubokunda təmsil edəcək gimnastlar müəyyənləşib
-
16:51
"Qusar" Ağdaşdan qələbə ilə qayıtdı VİDEO
-
16:37
“Prezident kuboku-2024” reqatasının birinci gününə yekun vuruldu
-
15:44
Çingiz Hüseynzadə: "Bu yarış gənc avarçəkənlərimiz üçün böyük təcrübədir"
-
14:16
Premyer Liqamızda apreldə vurulan 5 ən gözəl qol VİDEO
-
14:08
AMADA təmiz idman təbliğatını Suqovuşanda davam etdirir
-
13:32
“Sərhədçi”nin baş məşqçisi: "Ümid edirəm ki, yaxşı oyunla qələbə qazanacağıq”
-
12:29
I Liqada hakim təyinatları açıqlandı
-
12:15
Prezident Kuboku-2024" reqatasının Füzulidə də keçirilməsi planlaşdırılır
-
11:53
Suqovuşanda “Prezident Kuboku-2024” reqatasının açılış mərasimi keçirilib
-
10:41
Millimiz Rumıniyaya uduzub, Bosniya və Herseqovinanı darmadağın edib
-
10:17
Ülviyyə Fətəliyeva: "Vətənimə qızıl medalla qayıtmaq qürurvericidir"
-
09:30
"Bavariya" - "Real" matçında 4 qol VİDEO
-
22:22
Azərbaycanın iki idmançısı Olimpiadaya vəsiqə qazandı
-
21:38
Pley-off start götürdü: “Neftçi” uduzdu
-
21:00
“Şahdağ Qusar” - “Füzuli” oyununda 6 qol VİDEO
-
18:49
II Liqada 23-cü tura yekun vuruldu
-
18:34
Millimizin “Böyük Dəbilqə” üçün heyəti açıqlanıb
-
17:55
Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
-
16:31
Şəhriyar gerilədi, Teymur irəlilədi
-
16:17
Musa Qurbanlı: “Hamı mənə dəstəkdir”
-
16:00
ETOPAZ-ın baş sponsorluğu ilə keçirilən “Fire League”da qrup mərhələsi başa çatdı FOTOLENT
-
15:48
Millimiz Qızıl Avropa Liqası öncəsi məşqlərə start verib
-
14:52
Mingəçevirdə “Prezident Kuboku-2024” reqatasının iştirakçılarının rəsmi paradı olub
-
14:25
U-21 millimiz yoldaşlıq oyunu keçirəcək
-
14:03
AFFA 2 kluba texniki məğlubiyyət verdi
-
13:36
Azərbaycanı Göygöldə keçiriləcək Avropa Kubokunda 147 cüdoçu təmsil edəcək
-
13:19
“Zirə”nin yarımmüdafiəçisi: “Hakimlərə etiraz etməyimiz normaldır”
-
12:54
Azərbaycanın iki şahmatçısı Avropa çempionatında xüsusi mükafata layiq görülüb
-
11:41
"Qarabağ" - "Neftçi" oyununun yeri dəyişdirildi
-
10:27
Millimizin üzvündən məhsuldar ötürmə VİDEO
-
10:02
"Barselona"dan əzmkar qələbə VİDEO
-
09:38
İqor Ribeyro: “Tanrıya şükürlər olsun ki, üzümüzü güldürdü”
-
09:15
Tarixi medal qazanan Azərbaycan gimnastı Vətənə dönüb
-
22:47
Cəlalın komandası qələbəni əldən verdi VİDEO
-
22:18
Zirədə tək qol VİDEO
-
22:00
Rəşad Sadıqov: “Bu gün ən azı 7-8 xal fərqlə 2-ci yerdə olmalı idik” VİDEO
-
21:32
Elmar Baxşıyev: "Prinsipim Rəşad Sadıqovla deyil"
-
20:54
“Zirə”dən gözlənilməz məğlubiyyət
-
20:41
Mehriban Əliyeva Avropa çempionunu təbrik etdi
-
18:26
Millimizin Albaniya ilə oyununun məkanı və saatı bilindi
-
18:00
Bəhlul Mustafazadə: “Neftçi”nin adı əlavə motivasiyadır”
-
17:43
Azərbaycanın çimərlik voleybolu yığmaları Türkiyəyə toplanışa yollanıblar
-
17:17
Avropa çempionumuz: "Arzum həyata keçdi"
-
16:54
Ozobiç: "Yalnız birlikdə uğur qazana bilərik”
-
16:36
Fətəliyeva Avropa çempionu oldu
01.05.2024
30.04.2024
29.04.2024
Arxiv
May 2024 |
B.e | Ç.a | Ç | C.a | C | Ş | B |
01 | 02 | 03 | 04 | 05 | ||
06 | 07 | 08 | 09 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | 31 | ||