22 Fevral 2026, Bazar günü
“Neftçi” Banişevskinin məzarı önündə
Berdıyevdən mini master-klass
Andrey Demçenkodan qələbə şərhi
"Araz-Naxçıvan”dan qələbə

Ölkə futbolu

Berdıyevdən mini master-klass

Azərbaycan Premyer Liqasında 21-ci tur başa çatmaq üzrədir. Turun mərkəzi oyunu – “Turan Tovuz” - “Zirə” qarşılaşması turnir cədvəli baxımından hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb edirdi. Mövsümün sonuna hələ 12 tur qalsa da, bu matçda qalib gələcək tərəf bürünc medal uğrunda vacib addım atmış olacaqdı...

Matç gözlənilmədən “Turan Tovuz”un hücumları ilə başladı. Gözlənilmədən ona görə deyirik ki, Tovuz klubunun bu matçda müdafiədən oynayacağı, daha çox əks-hücumlara bel bağlayacağı ehtimal edilirdi. Lakin “Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev istər rəqib, istər azarkeşlər üçün sürpriz hazırlamışdı. Yəqin ki, “Turan Tovuz”un bu matça o cür fəal başlayacağını “Zirə” də gözləmirdi. Berdıyevin taktikası özünü doğrultdu və artıq 19-cu dəqiqədə “Turan Tovuz” 2:0 hesabı ilə öndə idi. Nəticə bir kənara, Tovuz klubunun ilk hissədə göstərdiyi oyun sadəcə möhtəşəm idi. Komanda çox baxımlı futbol sərgiləyirdi. Daim etibarlı müdafiəsi ilə seçilən “Zirə” meydandan silinmişdi. İlk qolda Ayxan Hüseynovun cinahda inanılmaz keçid etdi.

Ümumiyyətlə, birinci hissədə meydanda yalnız bir komanda var idi. “Zirə”nin müdafiəsi isə pərən-pərən düşmüşdü. İkinci 45 dəqiqədə matçda ssenari dəyişsə də, nəticə dəyişmədi. Beləcə, 2:0-lıq qələbə sayəsində Berdıyevin komandası turnir cədvəlində “Zirə”ni geridə qoymaqla üçüncü pilləyə yüksəldi. Tovuz klubu fevralın 24-də “Qəbələ” ilə təxirə salınmış matçda da qalib gəlsə, bu halda dördüncü yerlə xal fərqi 5-ə çatacaq ki, bunu aradan qaldırmaq isə rəqiblər üçün heç də asan olmayacaq. Bir sözlə, “Turan Tovuz” bürünc medala, avtomatik olaraq həm də avrokuboka əmin addımlarla doğru irəliləyir. Üstəlik, Tovuz təmsilçisi kubokda da mübarizəni davam etdirir. Komanda yarımfinalında bir addımlığındadır. Bu mərhələdə rəqibin “Zirə”, yaxud “Sumqayıt” olacağını nəzərə alsaq, tovuzluların final həyəcanı yaşaması kifayət qədər realdır.

Bütün bunları nəzərə alaraq, avtomatik olaraq sual yaranır: Kurban Berdıyev niyə tənqid olunur? “Turan Tovuz”un qazandığı nəticələrə niyə ağız büzülür? Çempionatın üçdə ikisi geridə qalıb, “Turan Tovuz” üçüncü yerdədir, kubokda isə yarımfinalın bir addımlığında. Bu halda narazılıq nədəndir? “Qarabağ”ı, “Sabah”ı geridə qoyub lider olmaq? Bu istəkdə olan varsa, deməli, adını çəkdiyimiz iki klubun heyətindən də, maddi vəziyyətindən də xəbərsizdir...

Bəli, bəzən “Turan Tovuz” müdafiə futbolu oynayır, yaxud autsayderlərlə matçda parlaq futbol sərgiləmir. Lakin əsas olan nəticə deyil? Tarixdə axı yaxşı oyun qalmır. Yəqin hər “Turan Tovuz” azarkeşi də yaxşı oynayıb 5-ci olmaqdansa, avrokuboklara yollanmağı üstün tutar.

2-3 tur əvvəl komandanın aparıcı üzvü Ayxan Hüseynov bu barədə suala belə cavab verdi: “Hamı istəyir ki, “Qarabağ” kimi oynayaq. Lakin elə, yəni qısa ötürmələrlə, texnikalı oynamaq hər komandanın tərzi deyil. Hər kollektivin öz üslubu var. Bizim də yaxşı oyunlarımız olub”...

Həm də arada biz sanki “Turan Tovuz”un baş məşqçisinin kim olduğunu unuduruq. Elə danışırıq ki, sanki bu, hər hansı yoldan keçən biridir, “Nou Kamp”da “Barselona”nı məğlub edən Kurban Berdıyev yox. 2009-cu il oktyabrın 20-də keçirilən “Barselona” - “Rubin” görüşünü futbol azarkeşləri bu gün də yaxşı xatırlayırlar. Berdıyevin çalışdırdığı Kazan klubu səfərdə Ryazantsev və Gökdənizin qolları ilə Valdes, Puyol, Dani Alveş, Abidal, Xavi, İnyesta, İbrahimoviç, Messi kimi ulduzların yer aldığı, Xosep Qvardiolanın çalışdırdığı “Barselona”nı diz çökdürdü...

Həm də fikrimizcə, Berdıyevin məqsədi təkcə “Turan Tovuz”a medal qazandırmaq deyil. Təcrübəli mütəxəssis daha əvvəl çalışdırdığı digər klublar kimi, “Turan Tovuz”la da avrokubokların qrup mərhələsini hədəfləyir. Berdıyevi komandada saxlayan, işləməyə motivasiya edən də bu cür məqamlardır. Yoxsa ki, Berdıyevin məgər Azərbaycanda qazandığı pullara ehtiyacı var?..

İBRAHİM








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28