15 Fevral 2026, Bazar günü
Rəşad Sadıqovdan qələbə şərhi
"Qarabağ" və "Zirə" qalib gəldi
Tahir Gözel "Neftçi"yə təşəkkür etdi
Millimizin rəqibləri müəyyənləşdi

Ölkə futbolu

İcraiyyə Komitəsi vaxtında Qurban Qurbanova qulaq assaydı...

İNDİ “QARABAĞ” AFFA-nın YANLIŞ QƏRARININ ƏZİYYƏTİNİ ÇƏKMƏZDİ

AFFA İcraiyyə Komitəsi Premyer Liqada klub sayını artıranda çoxları bunu müsbət məqam kimi dəyərləndirdi. Hətta günü bu gün də assosiasiyanın şəninə tərif yağdıranlar iştirakçı sayının 10-dan 12-yə çatdırılmasını “böyük uğur” kimi təqdim edirlər. Halbuki hələ 1 il əvvəl qərarı analiz edərkən bunun kökündən yanlış olduğu görünürdü. Məlum idi ki, I Liqada “Qəbələ”dən başqa hansısa klub Premyer Liqaya hazır deyil. Nə infrastruktur, nə də peşəkarlıq baxımından. Bəlkə də çoxları bilmir, amma məlumunuz olsun ki, Premyer Liqada klub sayının artırılıb-artırılmaması müzakirə olunarkən İcraiyyə Komitəsinin üzvlərindən yalnız Qurban Qurbanov buna etiraz edib. Mütəxəssis “Qəbələ”dən başqa digər klubların Premyer Liqaya hazır olmadığını söyləyib və haqlı olaraq komanda sayının artırılmasına qarşı çıxıb. Lakin Qurbanovun səsinə səs verən olmayıb. Həmin vaxt mövqeyi güclü olan AFFA-nın o vaxtkı baş katib Sərxan Hacıyev başda olmaqla, qalan komitə üzvləri 3 klubun Premyer Liqaya gəlişinə “yaşıl işıq” yandırıblar. Zaman isə göstərdi ki, Qurban Qurbanov haqlı idi. AFFA vaxtında “Qarabağ”ın baş məşqçisinə qulaq assaydı, indi vəziyyət belə biabırçı hal almazdı...

Dünəndən hamı Quba Olimpiya İdman Kompleksinin stadionunun qazonunun biabırçı vəziyyətdə olmasından, Qurban Qurbanovun “Belə meydançada “Nyukasl”la oyuna necə hazırlaşım?” sualından danışır. Təcrübəli mütəxəssis yerdən-göyə qədər haqlıdır. O cür meydanda Premyer Liqa oyunu keçirmək olmaz!

Hörmətli, AFFA. İndi görürsünüz ki, vaxtında necə yanlış qərar qəbul etmisiniz? Azarkeşlərin gözündə xal qazanmaq, yeni AFFA rəhbərliyinin gəlişi ilə Premyer Liqada klub sayının artırılmasını gözə soxmaq üçün verdiyiniz tələm-tələsik qərarın bu gün əziyyətini “Qarabağ” başda olmaqla Premyer Liqa klubları çəkir. “Karvan-Yevlax” pis yaxşı stadionuna əl gəzdirdi, bazası var. Bəs “İmişli” kimə, nəyə lazımdır? Premyer Liqada olduğu aylar ərzində bu klub Azərbaycan futboluna hansı fayda verib? Kluba verdiyiniz 1 illik möhlət tezliklə başa çatacaq. Bəs ondan sonra necə olacaq? Bu 1 ildə “İmişli” infrastruktur problemini həll etmək üçün hansısa addım atıb? İmişli stadionunda daş üstünə bir daş belə qoyulmayıb. Əvəzində isə dövlətin ayırdığı 2.5 milyon manat əksəriyyətinin səviyyəsi yerlilərdən heç də seçilməyən legionerlərə xərclənib. Dünənki oyunda qubalı azarkeşlər gah “Qarabağ”, gah da Quba qışqırırdılar. “İmişli”nin adını çəkən belə yox idi. Görəsən, AFFA rəhbərliyi bu mənzərəni izləyərkən zövq alırdı?..

Görünən odur ki, bu, hələ jurnaldır, kino qabaqdadır. Bu gün də I Liqada gələcəyin potensial “İmişli”ləri var. Sabah “Şəfa”, yaxud “Baku Sportinq” Premyer Liqaya lisenziya alsa, vəziyyət daha da biabırçı olacaq. Premyer Liqa oyunları harada keçiriləcək? “ASK Arena”nın (köhnə “Şəfa” stadionu) 4-cü meydançasında, ya Binədə? Bəlkə nəinki oyun keçirmək, qazonunda məşq etmək belə təhlükəli olan Buzaovna stadionunda?..

AFFA, nə qədər gec deyil, ayıl! Bir ölkədə futbolu inkişaf etdirmək üçün işə infrastrukturdan başlamaq lazımdır, infrastrukturdan. O cür stadionlarda Premyer Liqa oyunu keçirməzlər. Yoxsa sizin maksimununuz elə püşkatmalardan Polat Ələmdar sayağı fotolar paylaşmaq olacaq...

İBRAHİM








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28