30 Aprel 2024, Çərşənbə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Digər idman növləri

Pərviz Nəsibov: “Azərbaycandan dəfələrlə təklif almışam, amma Ukraynanı tərk edə bilmərəm”

Tokio-2020 XXXII Olimpiada Oyunlarında Yunan-Roma güləşi üzrə Ukraynanı təmsil edərək gümüş medal qazanan azərbaycanlı Pərviz Nəsibovun müsahibəsi.

- Pərviz, Tokio-2020 Olimpiada Oyunlarına lisenziyanı Azərbaycan güləşçisi Rəsul Çunayev üzərində qələbə sayəsində qazandın. Belə bir rəqibi üstələdiyin üçün olimpiadada iddialı pəhləvanlardan olacağını düşünürdünmü? Olimpiadada əldə etdiyin nəticə gözlədiyindən yüksəkdir, yoxsa əksinə?

- Rəsul Çunayev üzərində qələbə qazandıqdan sonra məndə bu əminlik yarandı ki, əgər olimpiya üçüncüsünə qalib gəlmişəmsə, deməli, olimpiadada ciddi nəticə əldə edə bilərəm. Mənim üçün başlıca olan döşək və rəqibdir. Fərq qoymuram ki, bu, avtoritet idmançıdır, ya yox... Olimpiadaya gəldikdə, birmənalı olaraq qızıl medal arxasınca getmişdim. Çünki illərdir əziyyət çəkirdim və buna əmin idim. Amma, görünür qismətimdə gümüş medal imiş. Bundan da razıyam və Allahın köməkliyi ilə 2024-cü ildə Parisdə növbəti olimpiadada qızıl medalı hədəfləmişəm.

- İdman karyerasına nə vaxt başladın?

- İdmana ilk olaraq 6 yaşımda, doğulduğum Ağstafa rayonu, Muğanlı kəndində başlamışam. Ailəmin verdiyi stumula əsasən idmana başladım. Bir il sonra ailəvi şəkildə Ukraynaya köçdük və fəaliyyətimə davam etdim. Mariupol, Donetsk şəhərlərində idman internatlarında oldum. Ukrayna çempionu titulunu qazandım, Avropa çempionatında üçüncü, dünya çempionatında isə ikinci oldum... Çox əziyyət çəkmişəm. Yaşıdlarım öz həyatlarını yaşayanda mən daim güləşirdim, məşqlər edirdim. Elə olub aylarla ailəmi görməmişəm. Və buna görə bu gün dünyanın ən populyar medallarından biri məndədir.

- Əvvəllər səni Ukraynada Azərbaycan diasporunun tədbirlərində görməmişik. Bundan sonra bu tədbirlərə qatılmaq barədə düşünürsən?

- Əlbəttə, istəyərəm. Biz Ukraynada yaşayırıq və həmişə istəmişəm ki, Vətənimiz Azərbaycanın adı burada daim uca olsun. Tək mən yox, burada başqa peşəkar idman növlərində ad qazanan azərbaycanlı gənclər var ki, onların da diasporda fəallığı vacibdir. Çünki buna qədər də diasporumuzdan dəstək görmüşəm və həmişə istəmişəm ki, böyüklərimizin yanında olaq. Kiyev Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Azərbaycanlıları Radasının həmsədri, idman ustası Oleq Krapivin mənə həm maddi, həm də mənəvi çox dəstək olub. Sonuncu dəfə lisenziya yarışlarında da o, mənə dəstək oldu. Oleq Andreyeviç burada bir çox azərbaycanlıı idmançılara dəstək verir.

- Ukraynada uğur qazanan azərbaycanlı gənclər çoxdur?

- İdman sahəsi ilə bağlı deyə bilərəm ki, çox olmasa da, potensial var. Biz onlara stimul ola bilərik. İnanıram ki, istəsələr, buna nail olacaqlar. Çünki şansları burda kifayət qədərdir.

- Artıq Ukraynada kifayət qədər tanınırsan. Adətən dünyada populyar insanlar öz missiyalarında doğma vətənləri üçün təbliğat aparırlar...

- Bu yolda keçdiyim hər mərhələdə Azərbaycanı unutmuram. Təbii ki, hər addımda Azərbaycan barədə həqiqətlərin yayılması çox önəmlidir. Ukraynada yaşayan həmyerlilərimiz arasında vətənpərvərliyin daha da gücləndirilməsini istərdim. Tək əldən səs çıxmaz, güc birlikdədir. Bizim burada ağıllı, güclü gənclərimiz var.

Bundan başqa, bir məqamı da demək istəyirəm. Burda azərbaycanlı gənclər var ki, idmanın müxtəlif sahələri üzrə potensiallara malikdirlər. Onlar özlərini doğrultmaq üçün nə etməli olduqlarını bilmirlər, ya da utanırlar. Düşünürəm ki, mənim vasitəmlə idman ustası Oleq Krapivinə müraciət etsələr, o, tanınmış idman xadimi kimi onlara istiqamət verəcək.

- Ailənin mətbuata verdiyi açıqlamaya görə, 2 il əvvəl Azərbaycandan sənə dəvət gəlib. Həmin vaxt niyə müsbət cavab olmadı? Belə təklif təkrar olarsa, cavabın necə olacaq?

- Azərbaycanı sevirəm, çünki Vətənimdir. Mənə bir dəfə yox, bir neçə dəfə belə təkliflər olub. Amma mən Ukraynada bir güləşçi kimi yetişib formalaşmışam. Burada məni hər şey qane edir. O cümlədən burada məni ürəkdən sevən azarkeşlərim var, onları tərk edə bilmərəm.. Açığı, verdiyiniz sonuncu suala tam cavab verməkdə çətinlik çəkirəm. Amma buranı tərk etmək istəməzdim. Ona görə də hazırkı məqamda Azərbaycandan olan hansısa təklifi qəbul etməyi düşünmürəm.

- Ötən il Azərbaycan Ermənistanın 30 illik işğalına son qoydu və torpaqlarımızı geri qaytardıq. Həmin ərəfədə burada azərbaycanlı gənclər arasında əhval-ruhiyyə necə idi? Ermənilər tərəfdən qeyri-adekvat münasibətlərə rast gəlinirdi?

- Olduqca inamlı idik. Bu Qələbə bizdə böyük əhval-ruhiyyə yaratdı. Amma, necə deyərlər, idman siyasət deyil. Mənim işim burada məşq etmək idi. Burada elə bir qeyri-adekvat münasibətə rast gəlmədim. Biz çox şadıq ki, bu müharibə başa çatdı və torpaqlarımız azad olundu. Vətən uğrunda canını fəda edən igidlərimizə Allahdan rəhmət diləyirəm (“Report”).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30