17 May 2024, Cümə
XXXV turun hakim təyinatları
“Şamaxı” zirvəyə yüksəldi
Mirzov "Neftçi"dən ayrılır?
Mövsümün ən yaxşıları müəyyənləşdi

Ölkə futbolu

Rəşad Sadıqov: “Bu gün ən azı 7-8 xal fərqlə 2-ci yerdə olmalı idik”

“Futbolçularıma təşəkkürümü bildirirəm. Qələbə qazanmaq üçün 90 dəqiqə əlimizdən gələni etdik. Fürsətlərdən yararlana bilmədik. Rəqibin 90-cı dəqiqədə qapımıza ilk ciddi zərbəsi qolla nəticələndi. Mövsüm ərzində belə oyunlar olur. Bu da onlardan biri idi. Ərazi üstünlüyümüzü daha çox qol epizodları yaratmağa çevirə bilmirdik. Belə olan halda məğlubiyyət qaçılmaz olur. Amma ən azı oyun heç-heçə bitməli idi. Təəssüf ki, son dəqiqələrdə standart vəziyyətdən gözlənilməz qol buraxdıq. Ruhdan düşməməli, oyunumuzu davam etdirməliyik”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 32-ci turunda öz meydanında "Araz-Naxçıvan"a 0:1 hesabı ilə uduzduqları oyundan sonra deyib.

O, sonda "Araz-Naxçıvan"ın bir qol vurub qələbə qazanacağı barədə düşündüyünü bildirib: “Bu qədər üstünlüyü qola çevirə bilmirsənsə, son dəqiqələrdə sənin üçün çətin keçəcək. Korner olanda ürəyimə damdı ki, qol olacaq. Hər komanda mövsüm ərzində 4-5 belə oyun keçirir”.

“Yenə Elmar Baxşıyev - Rəşad Sadıqov duelində həmkarınız qələbə qazandı...” fikrinə “Zirə”nin çalışdırıcısı belə cavab verib: “Onu qələbə münasibətilə təbrik edirəm. Açığı, Elmar Baxşıyevin müdafiəyəmeyilli futbol oynatdığını ilk dəfədir görürdüm. Onun həmişə hücum futboluna alışmışıq. Müdafiəni yara bilmədik”.

Mütəxəssis hakimlikdən də söz açıb: “Hələ mübahisəli epizodlara baxmamışam. Bəli, Qismət Alıyevə sarı vərəqə göstərilən epizodda etiraz edirdim. Çünki baş hakim Cavid Cəlilov 5 metr məsafədə, Nicat bəy isə 30 metr məsafədə idi. Cavid Cəlilov davam göstərdi. Dördüncü hakim isə oyunu saxlayıb sarı vərəqə verdirdi. Hakimliklə bağlı köhnədən qalma bağlantılar var. Bəzi klubların hakimlərlə münasibəti... Əminəm ki, bu, yaxın gələcəkdə aradan qalxacaq. Amma hələ ki, davam edir. O bağlantılar aradan qalxmayana qədər çempionatda hər şey ola bilər. Bu gün ən azı 7-8 xal fərqlə 2-ci yerdə olmalı idik. Verilən, verilməyən penaltilər, ofsayd və s. Bu tip epizodlar çox olub. Təəssüf ki, mövsümün sonunda heç kim bunları yada salmayacaq. Bəzi qərarlar çəkilən əziyyətləri yerə vurur. Mənim 30 illik futbol təcrübəm var. İnşallah bəzi klubların hakimlərlə bağlantıları yaxın gələcəkdə aradan qalxacaq. Əminəm ki, gələn mövsümə qalmayacaq. Əvvəldən belə şeylərə göz yumulub. Müəyyən insanlar münasibətlərindən istifadə edirlər”.

“Sizin dedikləriniz dünən "Sumqayıt"la oyunda "Qarabağ"ın verilməyən penaltisi ilə də bağlıdır?” sualını R.Sadıqov belə cavablandırıb: “Ümumən hakimlikdən danışıram. Hansısa oyunu, epizodu qabartmaq istəmirəm. Avrokubok zonasında olan bütün komandalar əla performans göstərir. Amma çox ciddi və qərəzli şəkildə hakim səhvləri var. Bu qədər təsadüf ola bilməz. Bəlkə kimsə elmsizdir. Amma elmsiz deyillər. Elə olsaydı, bir-iki dəfə də tam əks qərar verərdilər. 4 tur qalıb. Çalışacağıq ki, qarşımıza qoyduğumuz yerdə mövsümü bitirək”.

O, komandasının qeydə alınmayan qolundakı ofsayd epizoduna şərh verməyib: “Görməmişəm. Baxmadığım epizod haqda danışmağı düzgün hesab etmirəm. Amma tək bu deyil ki... O qədər epizodlar var. İnanıram ki, Azərbaycan futbolu qərəzli səhvlərdən qurtulacaq”.

Sadıqov yeni AFFA rəhbərliyinə inanaraq belə ümidli danışdığını söyləyib: “Yeni rəhbərliyə inanıram. Hakim səhvləri qaçılmazdır. Amma əminəm ki, bu tip səhvlər aradan qalxacaq. Hakimlik yer üzərində ən məsuliyyətli işdir. Axirətdə onların sorğu-sualı ağır olacaq. Komandalar ilboyu əziyyət çəkir. Amma hakimlərin soyuqqanlı halda verdiyi qərarlar çempionatın birbaşa gedişatına təsir edir”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31