29 Aprel 2024, Bazar ertəsi
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Minifutbol

Baş məşqçidən etiraz: “Millinin futbolçuları həvəskarlar liqasında oynamamalıdırlar” (MÜSAHİBƏ)

Minifutbol üzrə milli komandamızın baş məşqçisi Elşad Quliyevin Futbolxeber.az saytına müsahibəsi

 

- Minifutbol üzrə ölkə çempionatının 1/4 final mərhələsi sünsasiya ilə başladı. “Zirə”nin gözlənilməz məğlıubiyyətini nə ilə izah etmək olar?

- Oyundan əvvəl düşünürdük ki, “Zirə” qələbə qazanmalıdır. Lakin əksinə oldu. Bu nəticə minifutbol çempionatının nə dərəcədə güclü keçdiyini göstərir. Halbuki “Zirə” ilkin mərhələdə 15 oyunda 15 qələbə qazanmışdı. Lakin böyük komandalarda belə hallar olur, bəzən 15-20 oyunluq qələbədən sonra hardasa büdrəyirlər. Komanda bu gün (söhbət dünən olub - İ.C.) özünə oxşamırdı. Ümumiyyətlə, pley-off mərhələsi çempionat oyunlarından fərqlənir. Bir, ya iki matçda qalib aşkarlanır deyə istənilən komanda toparlanıb, daha güclü çıxış edə bilir. Cütün taleyi maraq doğurur. Cavab oyununu gözləmək lazımdır. Millinin baş məşqçisi kimi, mənim üçün bəlkə də belə olması daha yaxşıdır. Klublar nə qədər güclü olsalar, bu, milli komandanın xeyrinədir.

- Avropa çempionatına çox vaxt qalmayıb. Millinin heyətinin təxminən yarısını “Zirə”nin oyunçuları təşkil edir. Bu komanda mübarizəni 1/4 finalda dayandırsa, bu, millinin ziyanına olmayacaq?

- Aprelin 22-də milli ilə Monteneqroya gedəcəyik. "Zirə" pley-off mərhələsində uduzub dayanarsa, bu, düşür 10-na. Orada cəmi 10 gün vaxt qalır. Bu da elə böyük problem yarada bilməz. Monteneqrodan qayıtdıqdan sonra da cəmi bir final matçı var. Millinin məşqləri onsuz da davam edəcək. 20 günlük vaxtımız olacaq. Çalışırıq ki, finala çıxmayan komandaların oyunçularını götürüb məşqlərə davam edək. Çünki taktiki tərəfdən böyük işimiz var. Künc zərbələri, cərimə zərbələrinin heç birini yeni oyunçularla işləməmişik. Çox vaxtımız yoxdur. Bizə yarayan oyunçuları götürüb onlarla hazırlaşacağıq. Çempionatdakı final görüşündən sonra da qalan futbolçuları milliyə cəlb edəcəyik. Deməyim odur ki, bir il ərzində uduzmayan komanda bu gün uduzursa, həmin futbolçunu da silmək olmur. Yüksək səviyyədə oyunlar oynayırlar. Gördüyüm qədərilə, “Zirə”də çox böyük yorğunçuluq var idi. Çünki futbolçuların yarısı Azərbaycanda böyük futbolda da oynayırlar. Nə qədər icazə verməsək də, millinin baş məşqçisi kimi o qədər də səlahiyyətimiz yoxdur. Gərək klublar həmin oyunçulara icazə verməsin. Yenə deyirəm, mənim fikrim belədir ki, millinin futbolçuları həvəskarlar liqasında oynamamalıdırlar. Bir tərəfdən də başa düşürəm. Minifutbolda böyük pullar olmadığına görə, futbolçular məcburiyyətdən elə yerləri seçirlər. Baxıram minifutbol komandalarımıza, "Zirə", “Real Bakı”, “İnter”in oyunçuları böyük futbolda aşağı liqada çıxış edir. İki yerdə çatdırmaq nə dərəcədə mümkündür? Bunu oyunlarda görürük. İkinci Liqanın ikinci dövrəsi yeni başlayıb. “Zirə”nin oyunçuları böyük futbolda fasilə olan zamanı minifutbolda özlərini yüksək səviyyədə göstərdilər. Oradakı oyunlarda, buradakı məşqlər və oyunlar üst-üstə düşəndə, yorğunçuluq öz sözünü deyir. Futbolçular dəmirdən deyil ki.

- Üstəlik, hazırda Ramazan ayıdır...

- Bəli, futbolçuların çox oruc tutur. Bunun da təsiri var. Fikrimcə, futbolçular peşəkar olmalıdırlar. Səkkiz ay, bir il əziyyət çəkdikləri işin axır nöqtəsini qoya bilmirlərsə, demək ki, çatışmazlıqları var. Bəlkə xarakterdə problem var. Bunun üstündə işləmək lazımdır. Fikirləşməlidir ki, bir il əziyyət çəkirik, 15 günə çempion ola bilərəm, bunu əldən verirəmsə, demək üzərində işləmək lazımdır.

- Avropa çempionatının püşkatmasına az qalıb. Qrup mərhələsində qarşılaşmaq istədiyiniz və istəmədiyiniz hansısa rəqiblər var?

- Bir tərəfdən, güclü komandalardan birinin bizim qrupda olması yaxşıdır ki, onlarla finala qədər oynamayacağıq. Digər tərəfdən çətindir ona görə ki, qrupda daha çətin rəqiblərlə çox güc itirirsənsə, qrupdan çıxandan sonra toparlanmaq çətin olur. Xeyirlisi, görək də. Amma çətin komandalar var. Təsəvvür edin, İspaniya kimi komanda 4-cü səbətdədir. Dünya çempionatında onları çox bəyəndim. Çexiya, Macarıstan kimi komandalar ikinci səbətdə yer alıb. Birinci səbətdə isə Bosniya və Herseqovina düşüb, hansı ki, o səviyyədə deyil. Onlar da ev sahibidir deyə, belə olub. Portuqaliya çox güclüdür, amma üçüncü səbətə daxil ediblər.

- Aprelin sonunda Monteneqrodakı turnirdə iştirak edəcəksiniz. Orada hər zaman Avropa çempionatının favoriti olan Rumıniya da yer alıb. Yəqin ki, onlarla qarşılaşsaz, Avropa çempionatı öncəsi bütün kartları açmayacaqsınız?

- Monteneqroya böyük heyətlə gedirik. Oyunçuları yoxlayacağıq. Ancaq bilmək olmaz Avropa çempionatında Rumıniya ilə qarşılaşacağıq, ya yox. Dünya çempionatı öncəsi Çexiya ilə yoldaşlıq görüşü keçirdik, amma rəsmi turnirdə heç onlarla oynamadıq. Biz Rumıniya ilə Avropa çempionatında qarşılaşacağıqsa, yoldaşlıq görüşündəki taktika ilə oynamayacağıq. Rumıniya ilə yoldaşlıq görüşündə əsas fikrimiz qalib gəlmək yox, oyunçuların bu cür rəqiblərlə görüşü hansı səviyyədə oynamağa qadir olduğunu görməkdir. Yeni oyunçularımız var, görəcəksiz. Onları orada “bişirmək” istəyirik ki, Avropa çempionatında oynamaq onlar üçün daha rahat olsun. Hamısı təcrübəli, keyfiyyətli oyunçulardır. Amma nə qədər olmasa da, minifutbol başqadır, böyük futbol başqa.

- Böyük futbol deyəndə, belə çıxır ki, millinin sabiq futbolçularından ibarət olan “İnter”dən də kimlərisə götürəcəksiz?

- Orada olanlar da diqqətimizdədir, “Real Bakı”nın oyunçuları da, digərlərinin də. Hər komandaya baxırıq ki, səhv etməyək, ən güclüləri götürək. Kim döyüşürsə, keyfiyyəti varsa, formadadırsa, milliyə onu cəlb edəcəyik.

- Avropa çempionatı üçün millinin heyətini özlüyünüzdə müəyyənləşdirmisiniz, yoxsa Monteneqrodakı turnirdən sonra bəlli olacaq?

- Yox, Monteneqrodan sonra bilinəcək. Hələlik, böyük heyətlə ora gedirik. Amma daha sonra heyəti biləcəyik. Bilirsiz, ildən-ilə istər-istəməz hansısa futbolçuda güc azalır. Kimdəsə yaşla əlaqədardir. Görürsən ki, keçən ilki futbolçu deyil. Məcbursan ki, başqası ilə yeniləyəsən, daha fiziki güclü, daha çox temp yarada biləcək oyunçunu milliyə götürəsən. Şükür Allaha, futbolçularımız var. Çalışacağıq ki, Avropa çempionatına ən güclü futbolçularımızla gedək. Bizim üçün fərqi yoxdur. Məsələn, keçən il özünü yaxşı tərəfdən göstərən oyunçular var ki, bu il formada deyillər. Demək ki, onları aparmayacağıq.

İbrahim CƏFƏROV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30