29 Aprel 2024, Bazar ertəsi
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Minifutbol

“Qəbələ” - 18!

Bu gün “Qəbələ” İdman Klubunun 18 yaşı tamam olur.

Futbolxeber.az saytının məlumatına görə, 2005-ci il sentyabrın 1-də peşəkar klub kimi Ədliyyə Nazirliyində qeydiyyatdan keçən komandanın əsası daha əvvəl qoyulub. 1995-ci il iyulun 3-də “Göy Göl” adı ilə yaradılan komanda 10 ildən sonra peşəkar kluba çevrilib.

2005-ci il sentyabrın 5-də AFFA-da  qeydiyyatdan keçən klub 2005-2006-cı illər mövsümündə Azərbaycan çempionatının I dəstəsində debüt edib. “Göy Göl”ün adı 2006-cı ilin əvvəlində “Gilan”a dəyişdirilib. I dəstədəki ilk mövsümdə Xanları təmsil edən klub çempion adına yiyələnib. Bununla da komanda Premyer Liqaya vəsiqə qazanıb.

Komanda 2006-cı ilin yayında Xanlardan Qəbələyə köçüb. 2007-ci il avqustun 31-də “Gilan” PFK adı “Qəbələ” PFK adına dəyişdirilib. 18-ci mövsümdür Premyer Liqada mübarizə aparan klub dəfələrlə mükafatçılar sırasında yer alıb. 2016-2017 və 2017-2018-ci illər gümüş mükafatı əldə edən “Qəbələ” 2013-2014, 2014-2015, 2015-2016-cı illər mövsümlərində bürünc medala yiyələnib. “Qırmızı-qaralar”ın futbolçuları iki dəfə Azərbaycan çempionatının bombardiri adına sahib çıxıb. 2016-2017 mövsümündə Filip Ozobiç 11, 2017-2018 mövsümündə isə Baqali Dabo 13 topla mükafat qazanıb.

“Qəbələ” Azərbaycan kubokunda da uğurla çıxış edir. Təxminən üç ay öncə - iyunun 3-də əlavə vaxtda vurulan qolla “Neftçi”yə 1:0 hesabı ilə qalib gələn “qırmızı-qaralar” ikinci dəfə bu titulu qazanıb. İlk belə uğur 2018-19-cu illər mövsümündə gerçəkləşib. Komanda final matçında “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub edib. “Qəbələ” 2013-2014, 2016-2017, 2017-2018-ci illər mövsümlərində də kubokun finalına qədər irəliləyib.

Avrokuboklarda 2014-cü ilin yayında debüt edən “qırmızı-qaralar” 8 dəfə qitəmiqyaslı turnirlərdə qüvvəsini sınayıb. Azərbaycan futbolu tarixinə ardıcıl 4 mərhələ adlayan ilk və yeganə klub kimi düşən “Qəbələ” 2015-2016-cı illər mövsümündə UEFA Avropa Liqasında qrup həyəcanı yaşayıb. Komanda növbəti mövsümdə də eyni uğura imza ataraq turnirin tarixində ardıcıl iki dəfə 4 mərhələ adlayan ilk iştirakçı olub.

“Qəbələ” aşağı yaş qruplarından olan komandalar üçün də baza klublarından birinə çevrilib. Əsasən bu yığmalara verdiyi oyunçuları ilə diqqət çəkən klub ölkənin əsas millisində də təmsil olunub. Həmçinin futbolçular müxtəlif ölkələrinin yığmalarında da çıxış edib. Üç futbolçu - Rəşad Sadiqov, Tellur Mütəllimov, Elvin Camalov U-21 millisinin heyətində İslam Həmrəyliyi Oyunlarının çempionu adını qazanıb. Azərbaycanın əsas yığmasında “Qəbələ”ni onlarla futbolçu təmsil edib. Cavid Hüseynov daha çox - 16 matça çıxıb. Mahir Şükürov “qırmızı-qara” forma geyindiyi dövrdə yığmada daha çox - 3 top vurub.

“Qəbələ” Futbol Akademiyasının müxtəlif yaş qrupları üzrə komandaları AFFA-nın təşkil etdiyi liqalarda uğur qazanıb. Dəfələrlə Azərbaycan çempionu olan “Qəbələ” təmsilçiləri gümüş və bürünc medallar da əldə edib. U-19 komandası ölkə çempionu kimi 2016-cı ildə UEFA Gənclər Liqasında debüt edib. İki ildən sonra “Qəbələ” bu turnirdə mərhələ adlayan ilk Azərbaycan təmsilçisi kimi tarixə düşüb. Bu il komanda növbəti dəfə qitə miqyaslı turnirə qatılacaq. Bundan başqa, əvəzedicilərdən ibarət komanda da ölkə birinciliyində uğurla çıxış edir. 2015-2016-cı illər mövsümünün çempionu olan “qırmızı-qaralar” 4 gümüş və 2 bürünc medal da qazanıb. İkinci komanda Azərbaycan I divizionunda da çıxış edib.

Qəbələ şəhər stadionu üç dəfə Azərbaycan kubokunun final oyununa ev sahibliyi edib. Bu, 2014-2015, 2017-2018 və 2021-22-ci illər mövsümlərinə təsadüf edib. Avrokubokların təsnifat görüşlərini qəbul edən arenada əsas komandanın iştirakı ilə beynəlxalq “Jalə” kuboku, 3 dəfə 15 yaşadək futbolçular arasında “Qəbələ” kuboku turniri keçirilib ki, burada Avropanın bir sıra tanınmış klubları çıxış edib. Burada Azərbaycanın müxtəlif yaş qrupları üzrə yığmalarının, həmçinin Premyer Liqa klublarının təlim-məşq toplanışları və yoxlama oyunları da keçirilib. Digər ölkələrin komandaları da təlim-məşq toplanışı üçün dəfələrlə Qəbələyə üstünlük verib.

2013-cü ilin əvvəlindən İdman Klubu kimi fəaliyyətə başlayan “Qəbələ”də döyüş növləri - boks, taekvondo, cüdo, sambo, karate, güləş, əlbəyaxa döyüş, həmçinin atıcılıq üzrə bölmələr də mövcuddur. “Qəbələ” idmançıları bu müddətdə Azərbaycan və beynəlxalq miqyaslı turnirlərdə dəfələrlə fəxri kürsüyə yüksəlməyi bacarıb. Bakı-2015 Birinci Avropa Oyunlarında idmançılar 2-si qızıl olmaqla 5 medala sahib çıxıb. Braziliyanın Rio-de-Janeyro şəhərindəki Yay Olimpiya Oyunlarında boksçulardan Lorenso Sotomayor gümüş, Kamran Şahsuvarlı bürünc medal qazanıbsa, taekvondoçu Milad Beiqi Harçeqani də 3-cü yeri tutub. 2021-ci ildə keçirilən Tokio-2020 Yay Olimpiya Oyunlarında karateçi Rafael Ağayev gümüş mükafata yiyələnib. “Qəbələ” Atıcılıq Klubu da bir sıra beynəlxalq yarışlara, o cümlədən Dünya Kubokunun final mərhələsi, Rio-de-Janeyroda keçirilən Olimpiadaya lisenziya xarakteri daşıyan mərhələlərə ev sahibliyi edib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30