30 Aprel 2024, Çərşənbə axşamı
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Ölkə futbolu

Yaşar Vahabzadə: "Qarabağ" zəifləməyib, digər klublar güclənib” (MÜSAHİBƏ)

“ZİRƏ”NİN LİDERLİYİ TƏSADÜFİ DEYİL”

Məşqçilər Komitəsinin üzvü Yaşar Vahabzadənin Futbolxeber.az saytına müsahibəsi

- Azərbaycan Premyer Liqasında artıq 5 tur geridə qalıb. Startı necə qiymətləndirirsiz?

- Qiymət vermək üçün bir qədər tezdir. Çünki cəmi 5 tur geridə qalıb. İlk dövrə yekunlaşandan sonra bu barədə daha dəqiq fikir bildirmək olar. Lakin deyə bilərəm ki, rəqabət göz qabağındadır. İlk turlarda maraqlı mübarizəyə şahidlik edirik. Təsadüfi deyil ki, 5 turdan sonra uduzmayan komanda yoxdur.

- İlk 5 turda kifayət qədər maraqlı nəticələr qeydə alınsa da, çempionluq uğrunda favorit kimi 3 komandanın - "Qarabağ", "Sabah" və "Neftçi"nin adı çəkilir...

- Bəli, razıyam ki, qızıl medallar uğrunda yarışacaq komandalar arasında "Qarabağ", "Sabah", "Neftçi"nin adını çəkmək olar. Eləcə də "Zirə" öz potensialını ortaya qoyur. "Turan Tovuz" da çempionata pis başlamayıb. Əsas rəqabət bu komandalar arasında olacaq. Millinin oyunlarına görə yaranan fasilədən sonra çempionatda mübarizə daha da qızışacaq.

- Geridə qalan müddətdə hansı komandanın oyunu daha çox bəyənirsiz?

- Demək olar ki, əksər komandalar xoş təsir bağışlayırlar. Kimisə xüsusi qiymətləndirmək bir az düz çıxmaz. Bütün oyunları izləyirəm. Çempionat elə start götürüb ki, 5 turdan sonra hansısa komandanın digərlərindən tam üstün olduğunu, yaxud tam geri qaldığını söyləmək mümkün deyil.

- Razısız ki, bu mövsüm əvvəlki çempionatlardan fərqlənir?

- Bəli, çempionatda oyunlar həm maraqlı, həm də gərgin keçir. Sürpriz nəticələr görürük. İlk 5 tura əsasən demək olar ki, hər bir komanda digərindən xal ala bilər.

- Bu yay Azərbaycana gələn legionerlərdən kimi fərqləndirərdiz?

- Yaxşı legionerlər var. Məsələn, debütant “Araz-Naxçıvan”ın heyətə cəlb etdiyi əcnəbiləri fərqləndirmək olar. “Səbail”in legionerləri seçilirlər. Belə görünür ki, klublar legioner seçimində çox diqqətli olublar, bu məsələyə çox həssas yanaşılıb.

- “Neftçi”nin hazırkı durumunu necə şərh edərdiz?

- "Neftçi"də çoxsaylı dəyişikliklər oldu. Kluba yeni baş məşqçi və çoxsaylı legionerlər gətirilib. Komandaya vaxt lazımdı. Həm baş məşqçiyə, həm də yeni transferlərə. Onlar baş məşqçinin oyun üslubuna uyğunlaşmalıdırlar. Bu isə vaxt alır. Hiss olunur ki, Mutu oyunçulardan fərqli sistem tələb edir. Düşünürəm ki, zamanla daha yaxşı "Neftçi" görəcəyik.

- Yəqin ki, siz də “Qəbələ”nin 5 turdan sonra sonuncu olacağını gözləməzdiz.

- Bəli, "Qəbələ"nin sonuncu olması gözlənilməzdir. Heç kim inanmazdı ki, komanda ilk 4 turda xala həsrət qalacaq. Konfrans Liqasında mübarizəni erkən dayandırsa da, komanda heç də pis təsir bağışlamamışdı. Amma görünür ki, avrokuboklardan sonra “Qəbələ”də bir qədər eniş yaşandı. "Zirə" ilə sonuncu turun oyununda müəyyən qədər toparlanma hiss olunurdu. "Qəbələ" də heyətə yeni oyunçular cəlb edib, aparıcı futbolçular klubdan ayrılıb. Zamanla komanda özünə gəlməyə başlayacaq.

- “Qarabağ”ın 5 tur ərzində 2 dəfə uduzmasını nə ilə əlaqələndirmək olar? Komanda əvvəlki illərə baxanda zəifləyib?

- Deməzdim ki, “Qarabağ” zəifləyib. Sadəcə olaraq Ağdam təmsilçisinə qarşı oynayan digər klublar çalışır ki, yaxşı müdafiə olunub, əks-hücumda uğur qazansınlar. "Qarabağ" zəifləməyib, digər klublar güclənib.

- “Zirə”in liderliyini necə qiymətləndirmək olar?

- "Zirə" neçə ildir Rəşad Sadıqovun rəhbərliyi altında oynayır. Bu mövsüm komanda istədiyi futbolçuları heyətə cəlb edə bilib. Geridə qalan turlarda kollektiv baş məşqçinin istədiyi futbolu oynayır. “Zirə”nin liderliyi təsadüfi deyil. Bu, komandada nizam-intizamın yüksək səviyyədə olmasından xəbər verir.

- Sabiq klubunuz “Kəpəz” mövsümə qeyri-stabil başlayıb...

- Komanda 2 ev oyununda uduzsa da, “Neftçi” və “Qarabağ”la oyunlarda 4 xal qazanıb. Azər Məmmədova ilk növbədə uğurlar arzulayıram. Komandanı, oyun üslubunu yenidən qurub. Heyətdəki müəyyən dəyişikliklər oyun tərzinə təsir göstərir. “Kəpəz” uyğunlaşma problemi yaşayır. Görünən odur ki, yeni transferlər hələ heyətə tam uyğunlaşmayıb. Bunun üçün zamana ehtiyac var.

Azad NURİYEV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30