30 Aprel 2024, Çərşənbə axşamı
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi

Ölkə futbolu

Qəbələ döyüşü - TƏƏSSÜRAT

VƏ YA AFFA ÜÇÜN “ÇÖRƏKLİ OYUN”

HƏR İKİ TƏRƏF ÜÇÜN PRİNSİPİAL MATÇ

Azərbaycan Premyer Liqasında V turun “Qəbələ” - “Zirə” oyunu hər iki tərəf üçün xüsusi əhəmiyyət kəsb edirdi. Matçın vacibliyini artıran bir neçə məqam vardı. Meydan sahibləri mövsümə ardıcıl 4 məğlubiyyətlə başlamışdı. Ötən mövsümün dördüncüsünün bu nəticəsi heç də gözlənilən deyildi. Odur ki, “Zirə” ilə görüş “Qəbələ” üçün son şans kimi dəyərləndirilirdi. Hətta məğlubiyyət seriyası beşə çatacağı halda, baş məşqçi Elmar Baxşıyevin istefaya göndəriləcəyini iddia edənlər də vardı.

“Zirə” üçün isə matçı prinsipiallaşdıran 2 xüsusi məqam var idi. Birincisi, tarixi ərzində ən uğurlu startına imza atan “qartallar” qələbə seriyasını beşə çatdırmaq istəyirdi. Digər tərəfdən də ötən mövsümün yekununda “Qəbələ” ilə mübarizədən məğlub ayrılan Rəşad Sadıqovun komandası bir növ matça avrokuboklardan kənar qalmağın revanş kimi baxırdı.

HAVA İDELA, MEYDAN ƏLA, AZARKEŞ İSƏ...

Dünən Qəbələdə futbol üçün ideal şərait var idi. Hava çox da isti deyildi, qazon isə həmişəki kimi ideal vəziyyətdə idi. Gəl ki yerli fanatların matça marağı yenə də istənilən səviyyədə deyildi. Bölgə komandası üçün 850 azarkeş nədi ki...

Bu haqda dəfələrlə yazılıb, deyilib. Lakin dəyişən nəsə yoxdu. Qəbələdə futbola maraq istənilən səviyyədə deyil. Belə görünür ki, heç vaxt da olmayacaq. Komanda ardıcıl iki il Avroliqanın qrupunda oynayanda belə çempionat oyununa min azarkeş gəlirdisə, ardıcıl dörd məğlubiyyətdən sonra “Zirə” ilə görüşdə anşlaq yaşanmasını gözləmək sadəlövhlük olardı.

FUTBOL, YOXSA DÖYÜŞ?

90 dəqiqə ərzində Qəbələdə baxımlı futbola şahidlik etmədik. Hər iki tərəf istəkli idi, qələbə arzulayırdı. Bunun üçün də tərəflər meydanda vuruşurdular. Bəli, məhz vuruşurdular. Çünki matç boyu maraqlı futbola həsrət qalsaq da, əvəzində tez-tez meydanda gərginliyə tamaşa edirdik. Sarı vərəqələr sanki göydə uçurdu. İndidən demək olar ki, AFFA təkcə sarı vərəqə limitinə görə bu matçdan 1400 manat qazanc götürəcək. Hələ bura Elmar Baxşıyevin qırmızı vərəqə almasını da əlavə etsək, İntizam Komitəsi üçün əməlli-başlı “çörəkli oyun” olduğunu vurğulaya bilərik.

YENƏ QİSMƏT...

Son illər “Qəbələ”nin uğurları üçün çalışan Ruan Renato və Məqsəd İsayev bu dəfə rəqib qismində Qəbələ şəhər stadionuna təşrif buyurmuşdular. Yerli publikanın onları necə qarşılayacağı maraq doğururdu. 90 dəqiqə boyunca hər iki futbolçu ilə azarkeşlər arasında hər hansı insident yaşanmadı. Renato hətta bəzi epizodlarda aqressivləşən komanda yoldaşlarını sakitləşdirməyə çalışırdı. Əvəzində yenə də Qismət Alıyev bir-iki epizodda yerli azarkeşlərlə dialoqa girdi. Xüsusən də komandalar fasiləyə yollanarkən sabiq “Qəbələ”li onun ünvanına etiraz bildirən yerli azarkeşlərə sərt şəkildə etiraz etdi. Təsadüfi deyil ki, hətta oyundan sonra “Qəbələ”nin prezidenti Fariz Nəcəfovun müsahibəsi zaman ünvanlanan suallardan biri də Qismətin növbəti dəfə “Qəbələ” azarkeşləri ilə mübahisə etməsi barədə idi.

“QƏBƏLƏ”: YIXILMADIM, AYAQDAYAM!

Gərgin keçən oyun “Qəbələ”nin qələbəsi ilə yekunlaşdı. Komanda bu matçda xarakter nümayiş etdirdi. Sonuncu dəfə Elmar Baxşıyevin komandası ölkə kubokunun finalında bu cür əzmkar görünürdü. Futbolçular da ardıcıl beşinci məğlubiyyətin qəbulolunmaz olduğunu dərk edirdilər.

Bu qələbədə Elmar Baxşıyevin də rolunu qeyd etmək lazımdı. Mütəxəssis bir tərəfdən komandasını matça tam kökləyə bilmişdisə, digər tərəfdən də qapıda etdiyi dəyişikliklə bəlkə də matçın taleyini həll etmişdi. Çünki Rəşad Əzizli 2 epizodda əla qurtarışla komandasının qələbəsində böyük pay sahibi oldu.

O ki qaldı “Zirə”yə, Rəşad Sadıqovun komandası ardıcıl qələbələrdən sonra hardasa büdrəməli idi. Bu, gözlənilən idi. Kim bilir, bəlkə də məhz çempionatda yaranan fasilə öncəsi alınan məğlubiyyətin komandaya daha çox faydası olacaq.

İbrahim CƏFƏROV, Qəbələ




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30