29 Aprel 2024, Bazar ertəsi
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?
Millimiz Tacikistana qalib gəldi
“Sumqayıt”dan azarkeşlərinə müraciət

Ölkə futbolu

Coşqun Diniyev: “Keçidimdə pul həlledici olmadı” (MÜSAHİBƏ)

“ATAM “MƏNİ PİS VƏZİYYƏTDƏ QOYDUN” SÖZÜNÜ DEDİ”

Bir müddət əvvəl Türkiyənin "Ümraniyespor" klubuna transfer olunan Coşqun Diniyevin Futbolxeber.az saytına müsahibəsi.

- Əvvəlcə "Ümraniyespor"a transferin necə baş tutması barədə danışardın. Keçidin bir qədər gözlənilməz oldu. Düzdür, Türkiyəyə yollanacağın barədə xəbərlər yayılmışdı. Lakin sonradan "Səbail"lə müqavilə imzaladın və belə təəssürat yarandı ki, artıq Türkiyə məsələsi qapanıb...

- Azərbaycanda mövsüm bitməmiş "Ümraniyespor"la danışıqlarım gedirdi. İnanırdım ki, bu mövsüm legioner həyatı yaşayacağam. Sadəcə Türkiyədə mövsüm bizim çempionatından gec yekunlaşdığı üçün məsələ bir az yubandı. Danışıqlar gedən müddətdə atamdan gələn təklifi dəyərləndirdim. Atamın komandasına kömək olmaq istəyirdim. Onsuz da Azərbaycanda qalsaydım, Şahin müəllimlə bərabər işləmək qərarını vermişdim. Sadəcə ona da bildirmişdim ki, real təklifim var, Türkiyədə mövsüm gec bitdiyi üçün gözləyirəm. "Səbail" rəhbərliyi də, atam da sağ olsunlar ki, xaricdən gələn təklifə görə klubdan ayrıla biləcəyim barədə bəndin sözləşmədə yer almasına maneə yaratmadılar.

- Şahin müəllim gedişini necə qarşıladı? Demədi ki, "oğul, məni pis vəziyyətdə qoyursan?"

- Zarafatla da olsa, "məni pis vəziyyətdə qoydun" sözünü dedi. Amma o da qərarımı anlayışla qarşıladı. Çünki dediyim kimi, "Səbail"lə müqavilə imzalamamışdan qabaq mən mümkün gedişimlə bağlı onu məlumatlandırmışdım. Yekunda da atamın xeyir-duasını alaraq "Səbail"lə vidalaşdım.

- İki klubun müqavilə şərtləri arasında fərq nə dərəcədədi? Adətən azərbaycanlı futbolçular "o pulu evimdə də alıram" düşüncəsi ilə legioner həyatı yaşamaqdan imtina edirlər.

- Açığı, müqavilə şərtlərinin dərinliyinə varmaq istəmirəm. Qısaca onu deyim ki, "Ümraniyespor" Azərbaycanda alacağım pulun iki qatını təklif etdi. Amma səmimi deyirəm ki, keçidimdə pul həlledici olmadı. Qərar vermişdim ki, bu mövsüm xaricdə oynamalıyam. Son 4-5 ayda da demək olar ki, ancaq bu barədə düşünürdüm. İlk dəfə yanvarda menecerimlə bu haqda söhbətimiz oldu və ona da demişdim ki, maddiyyat mənim üçün ikinci dərəcəlidi.

- Artıq bir müddətdir "Ümraniyespor"dasan. Yeni klubunla bağlı təəssüratların necədi?

- Bəli, artıq 20 gündür burdayam. Çox yaxşı qarşılanmışam. Legioner həyatının gözlədiyim çətinliyini yaşamadım. İlk gündən həm rəhbərliklə, həm məşqçilərlə, həm də komanda yoldaşlarımla çox yaxşı münasibətim var.

- Klubun sosial şəbəkə hesabında məşqlərdən şəkillərə baxıram. Çox yaxşı, yüksək əhval-ruhiyyədə görünürsən. Deyəsən, məşqlər elə də ağır keçmir...

- Əksinə, mövsüm öncəsi olduğu üçün məşqlər həddindən artıq ağır keçir. Üstəlik, Türkiyə birinci liqasında fiziki cəhətdən üstün futbol oynanılır. Demək olar ki, Azərbaycanla müqayisədə məşqlərin səviyyəsi çox ağırdı.

- Baş məşqçi ilə münasibətin necədi? Ümumiyyətlə, Mustafa Erin azərbaycanlı futbolçulara qarşı simpatiyası olduğunu söyləmək olar. Səndən qabaq da "Bursaspor"da Namiq Ələsgərovun baş məşqçisi olub.

- Bəli, Mustafa hoca Namiqin də baş məşqçisi olub. Bu səbəbdən də təklif gələndə Namiqin də fikirlərini öyrəndim. Onun dedikləri ilə gəlib gördüklərim üst-üstə düşür. Çox gözəl insanlığı var, eləcə də məşqçi keyfiyyətləri yüksək olan bir mütəxəssisdi. Savadlı məşqçidi. Tez-tez ünsiyyətdə oluruq. Mənə güvənini hiss etdirir. İnşallah mən də onun bu inamını boşa çıxartmayacam.

- "Ümraniyespor"un yeni mövsümlə bağlı hədəfləri nədi?

- Klubun hədəfi ötən mövsümün sonunda itirdiyi Superliqadakı yerini geri qaytarmaqdı. Bu yolda sona qədər mübarizə aparacağımıza inanıram. Mən də komandamın bu məqsədə çatması üçün əlimdən gələni edəcəm.

İbrahim CƏFƏROV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30