26 Aprel 2024, Cümə
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda

Ölkə futbolu

Dəyişməyən Mahir

Millətlər Liqası ilə məğlubiyyətlə vidalaşan milli komandamızın bu turnirə qayıdışı uğursuz alındı. Necə “getmişdiksə”, elə də “qayıtdıq”. Dünən Canni De Byazinin baş məşqçi kimi debüt etdiyi yığmamız Bakıda Lüksemburq millisinə məğlub oldu. Düzdür, Kosovadan alınan biabırçı məğlubiyyəti (0:4) dünənki yenilgi ilə müqayisə etmək nə dərəcədə düzgündü, bilmirəm. Amma istənilən halda məğlubiyyət məğlubiyyətdi.

Milli komandamız Lüksemburq qarşısında aciz qaldı. Rəqib bir baş bizdən üstün idi və layiqli qələbə qazandı. İndi məğlubiyyətin səbəbləri haqda çox şey demək olar. Lakin dəyişməyən həqiqət var - uduzmuşuq! Oyundan sonra keçirilən mətbuat konfransında De Byazi əsl peşəkar kimi məğlubiyyəti öz üzərinə götürdü. Respekt! Bəzi yerli məşqçilər kimi özündən başqa hamını günahkar çıxarmadı. Amma hamımız çox gözəl bilirik ki, bu yenilginin günahkarı italiyalı mütəxəssis deyil.

Düzdür, kimsə De Byazinin dünənki taktiki seçimini bəyənməyə bilər. Amma bu, italiyalının seçimidi. Üstəlik, o, gəldiyi ilk gündən “mənim üçün yaxşı oyundan çox, nəticə maraqlıdı” mesajını vermişdi. Hər halda Albaniya millisi Avropa çempionatına hücum futbolu ilə yüksəlməyib.

Bəs dünənki yenilginin əsas səbəbkarı kimdi? Qırmızı vərəqə alaraq meydandan qovulan Mahir Emreli, öz qapısına top göndərən Anton Krivotsyuk, yoxsa futbolla voleybolu səhv salan Adil Nağıyev? Yenilgidə adçəkilən 3 futbolçu da daxil olmaqla bütün komandanı günahı var, bu, şübhəsizdir. Amma bir var oyun epizodunda səhv edirsən, bir də var qəsdən rəqibə zərbə endirirsən. Mahirin dünənki hərəkəti peşəkar futbolçuya yaraşmadı. De Byazi yenilgiyə görə mətbuat konfransında futbolçularını qorumağa, bütün məsuliyyəti üzərinə götürməyə çalışdı. Amma Mahirin hərəkətinin yolverilməz olduğunu da bildirdi: “Mahir Emreli yaxşı uşaqdır, yaxşı oyun keyfiyyətləri var. Böyük səhv idi, bunu hamımız başa düşürük. Amma bilmirəm, niyə belə etdi. Bu hərəkəti ilə komandamıza zərbə vurdu. İnanıram ki, digər futbolçular bunu görüb, eyni səhvi bir daha etməzlər”.

Bəli, Emreli dünən komandamıza zərbə vurdu. Onun qeyri-peşəkarlığı millimizin oyunun böyük hissəsini azlıqda keçirməyimizə səbəb oldu. Mahir meydanda qalsaydı, bəlkə də yenə də uduzacaqdıq. Amma ən azından say azlığı olmayacaqdı. Ramil Şeydayev meydanda olduğu müddətdə təkcə özünün deyil, Mahirin də yerinə qaçmalı olmayacaqdı.

Görünən odur ki, Mahir hələ də böyüməyib. İllər onu dəyişməyib. Halbuki cari mövsümə yaxşı başlayan, istər Çempionlar Liqasında, istərsə də Premyer Liqada “Qarabağ”ın heyətində qolla vuran Emrelinin uğurlu çıxışına Qurban Qurbanov da aldanıb. Belə olmasaydı, “Şerif”lə oyundan öncə təcrübəli mütəxəssis Mahir Emrelidən tam razı olduğunu söyləməzdi: "Onun inkişaf edən dövrüdür. Son vaxtlar daha peşəkar olub. Belə davam etsə, daha yaxşı Mahir görəcəyik. Bu, onun borcudur”.

Dünən isə gördük ki, Mahir peşəkarlaşmayıb. 5 il əvvəl hakimə hücum etdiyi üçün Nazim Süleymanovun U-19 millisindən qovduğu hücumçudu. Əvəzləndiyi üçün gedib tribunada tum çırtlayan futbolçu geridə qalan 5 ildə dəyişməyib. Əslində, U-19-dan qovulduğu gündən dünən meydandan uzaqlaşdırılmasına qədər 5 ili əhatə edən zaman kəsiyində Mahirin adı ən azı 5 dəfə qalmaqalda hallanıb. Gah Çempionlar Liqasında Nainqolanla kəllə-kəlləyə gəlib, gah ona əl uzadan Mbodjun əlini sıxmayıb, gah efirdəki qeyri-ciddiliyinə görə “Qəbələ” “Mahir üzr istəməlidi” bəyanatının yayılmasına səbəb olub. Görünən odur ki, son 5 ildə dəyişən yalnız Mahirin soyadıdı. Bu gedişat isə yaxşı heç nə vəd etmir. Gah Yunanıstan klubunun “hədəfinə düşür”, gah “Beşiktaş”a “keçir”. 26-cı dəqiqədə meydanda rəqibinə təpik atan, komandasını çətin vəziyyətdə qoyan futbolçunu “Beşiktaş” yox, heç “Edirnespor” da transfer etməz.

Milli komanda hər bir ölkənin qürurudu. Millinin formasını geyən futbolçu daşıdığı məsuliyyəti dərk etməlidi. Bu məsuliyyəti dərk etmirsə, meydandan da qovulacaq, məğlubiyyətə görə dişini də ağardacaq. Dünəndən izləyirəm, görəsən, Mahir sosial şəbəkədə paylaşım edib, etdiyi qeyri-peşəkarlığa, komandasını pis vəziyyətdə qoyduğuna görə üzrxahlıq edəcək? Hələ ki “sakitçilikdi”. Halbuki Omar Momaninin Lüksemburqla oyundan öncə hazırladığı karikaturaya millimizin hücumçusu daha operativ “reaksiya vermişdi”. Əsas Momanidir, əsas aparıcılara göndərilən gül buketləridi, əsas karantini pozub özünə ad günü keçirməkdi. Millinin heyətindən isə qovulmaq da olar, komandanı pis vəziyyətdə qoymaq da...

Futbolxeber.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30