26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Maksim Medvedev: "Hər bir rəqibin işini çətinləşdirməyə çalışmalıyıq"

Milli komandamızın müdafiəçisi Maksim Medvedev AÇ-2020-nin püşkatması ilə bağlı müsahibə verib. Futbolxeber.az saytı həmin müsahibəni təqdim edir:
 
- AVRO-2020-nin seçmə mərhələsinin püşkatması nəticəsində düşdüyünüz qrupu necə dəyərləndirirsiniz?
 
- Normal qrupa düşmüşük. Bundan da çətin qrupa düşə bilərdik. Bütün komandalarla sonadək mübarizə aparmalı və onlara çətinlik yaratmağa çalışmalıyıq. Qrupun autsayderi olmadığımızı sübut etməliyik. Yaxşı oyun nümayiş etdirməli və güclü rəqiblərlə 90 dəqiqə vuruşmağa hazır olmalıyıq.
 
- UEFA Millətlər Liqasında qrupda qalmağınız seçmə mərhələdəki çıxışlarınıza necə təsir edə bilər?
 
- Millətlər Liqası artıq geridə qaldı. İrəliyə pozitiv baxırıq. Son nəticə (Kosovoya 0:4 hesablı məğlubiyyət - red.) komandamızın mübarizə əzmini qırmamalıdır. Əksinə daha motivasiyalı, döyüşkən komanda olmalıyıq. Gələcək oyunlarda yaxşı nəticələrə nail olmaq üçün daha mehriban, daha möhkəm kollektivə çevrilməliyik.
 
- Xorvatiya son dünya çempionatının gümüş medalçısıdır və qrupun favoriti sayılır. Bəs qrup ikinciliyi uğrunda mübarizə şanslarını necə görürsünüz?
 
- Qrupumuzdakı komandalar həm reytinqcə, həm də oyun baxımından daha səviyyəlidir. Amma hər bir rəqibin işini çətinləşdirməyə çalışmalıyıq. Biz bunu bacarırıq və inanıram ki, qrupda hansısa sürprizləri gerçəkləşdirəcəyik.
 
- Əvvəllər Azərbaycan yığması bu rəqiblərdən Slovakiyaya qalib gələ, Xorvatiya və Uelslə heç-heçə edə bilibsə, Macarıstandan xal almaq mümkün olmayıb. Bu faktlar hansısa psixoloji üstünlük verirmi?
 
- Məncə, heç bir psixoloji üstünlük vermir. Çünki hazırkı futbolçuların heç biri bu komandalara qarşı oynamayıb. Biz yeni yığmayıq. Futbolçuların çoxu təzədir. Özüm milliyə çoxdandır çağırılmağıma baxmayaraq, nə Slovakiya, nə Uels, nə də Macarıstana qarşı oynamışam. Ona görə də heç bir üstünlük görmürəm. Rəqiblər də artıq fərqli futbol və fərqli futbolçularla oynayırlar. Biz də yığma olaraq, tam başqa oyun sərgiləyirik. Ona görə də hər şey sıfırdan başlayacaq.
 
- İlk oyunu Xorvatiya, sonuncusunu isə Slovakiya ilə səfərdə keçirəcəksiniz. Təqvimin nəticələrə təsiri ola bilər?
 
- Birinci görüşün harada və kiminlə olmasının fərqi yoxdur. Çünki reytinqcə ən aşağı yerdə gedən komanda bizik. Hər bir rəqiblə həm evdə, həm də səfərdə qarşılaşacağıq. Kiminlə başlayıb kiminlə qurtarmaq mənim üçün fərq etməz.
 
- Slovakiya yığmasının kapitanı Marek Hamşik Azərbaycan millisindən 6 xal almalı olduqlarını bildirib. Ümumiyyətlə, əksər rəqiblərin sizə belə yanaşmasına reaksiyanız necədir?
 
- Baxırlar-baxsınlar. Bu, onların öz işləridir. Qrupun lideri olub-olmadıqları fərq etməz, bütün komandaların işini çətinləşdirməliyik ("Report").



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30