26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Qəbələ”nin məqsədi futbolçu yetişdirib satmaq yox, yetişdirdiyi oyunçudan faydalanmaqdı”

NAİL KƏRİMOV: “BU GÜN AZƏRBAYCANLI YENİYETMƏLƏRİN AVROPA KLUBLARINA YOLLANMASI ÇOX ÇƏTİNDİR”

“Qəbələ” Futbol Akademiyasının direktor müavini Nail Kərimov Futbolxeber.az saytına müsahibə verib.

- Bu günlərdə “Qəbələ” sabiq futbolçusu, “Bakcell” ilə “Mançester Yunayted”in birgə layihəsinin qaliblərindən olan Tamerlan Rizvanovun atası, Elşən Rizvanov klubunuza qarşı müəyyən ittihamlar səsləndirib. Əvvəlcə buna münasibətinizi öyrənmək istərdik.

- Elşən bəyin açıqlamaları ilə tanışam. Əvvəla onu deyim ki, Elşən Rizvanov çox hörmət bəslədiyimiz bir insandı. Lakin klub haqda səsləndirdiyi ittihamlar əsassızdır. Elşən bəy bildirib ki, Tamerlanın müqaviləsi sentyabrda başa çatır. Aprel ayında ona yeni müqavilə təklif olunmasını anlamır. Biz akademiyamızın üzvü olan hər bir futbolçu ilə 3 illik müqavilə imzalayırıq. Həmin sözləşmənin müddətinin bitməsinə 6 ay qalmış bizə lazım olan futbolçularla yeni müqavilə imzalamağa çalışırıq. Yəni, hələ 6 ay əvvəldən marağımızda olan futbolçulara yeni müqavilə təklif olunur. Hansısa oyunçu bizi qane etmirsə, onunla vidalaşırıq. Tamerlan da bizim maraq dairəmizdə olan bir futbolçudur. Onun komandada qalmasını istəyirdik. Bu səbəbdən də ona yeni sözləşmə təklif etdik. Amma atası qəbul etmədi və beləcə o, klubumuzu tərk etdi. Yəni, müqavilənin müddəti bitməmiş Tamerlana yeni müqavilə təklif olunmasında heç bir qeyri-adilik yoxdur. Özü də biz təkcə Tamerlana deyil, gələcəkdə də xidmətində maraqlı olduğumuz bütün futbolçulara yeni müqavilə təklif etmişik.

- Futbolçunun atası belə bir iddia da irəli sürmüşdü ki, hansısa xarici klub Tamerlanın xidmətində maraqlıdır, “Qəbələ” də bundan xəbərdardı və satışdan pul əldə etmək üçün təcili futbolçuyla müqavilə imzalamaq istəyir. Bu, nə dərəcədə doğrudur?

- Hansısa klubun Tamerlanla maraqlanmasından məlumatsızam. Tək Tamerlana görə yox, ümumiyyətlə heç bir futbolçuya görə xarici klublardan təklif almamışıq. “Qəbələ”nin məqsədi futbolçu yetişdirib satmaq yox, yetişdirdiyi oyunçudan faydalanmaqdı. İstəyirik ki, bu gün akademiyamızın üzvü olanlar gələcəkdə “Qəbələ”nin əsas komandasında çıxış etsinlər. Dediyim kimi, Tamerlana görə heç kim bizə müraciət etməyib. Bəlkə də hansısa menecer onun atasına deyib ki, oğlunu xaricə aparacaq. Amma mən bu məsələdən xəbərsizəm. 

- Ümumiyyətlə, 10-15 yaş arası azərbaycanlı futbolçuların bu gün xaricə getməsi real görünürmü?

- Bu, çox çətindir. Söhbət heç də bacarıqdan getmir. Azərbaycanda da kifayət qədər bacarıqlı uşaqlar var. Sadəcə olaraq, dediyiniz yaşda azərbaycanlı xaricə yollanarkən onun orada məskunlaşması, qalması çox uzun prosedurdu. Bunu həyata keçirmək üçün xeyli sənəd, vaxt lazımdır. Yəni, 1-2 günə həll olunan məsələ deyil. Ona görə də əminliklə deyirəm ki, bu gün azərbaycanlı yeniyetmələrin Avropa klublarına yollanması çox çətindir. Məsələn, “Barselona” seçim qarşısındadır: eyni bacarığa malik olan 2 futbolçu var, biri Azərbaycandan, digəri isə hansı Avropa və ya Latın Amerikası ölkəsindəndir. Bu halda Kataloniya klubu mütləq azərbaycanlını yox, digər futbolçunu seçəcək. Çünki onun İspaniyaya üz tutması prosedur qayda olaraq daha asan başa gələcək.

- Bir müddət əvvəl Bakıda “İnter”in təşkilatçılığı ilə keçirilən beynəlxalq turnirdə çıxış edən “Ayntraxt”ın U-14 komandasının azərbaycanlı futbolçusu Murad Mahmudovla maraqlanırdınız. Amma onu heyətə cəlb edə bilmədiniz.

- Bəli, həmin futbolçuyla maraqlanırdıq. Hələ əvvəldən Mahmudov barədə məlumatımız var idi. Seleksiyaçı məşqçilərimiz də stadiondan canlı olaraq onun çıxışını izlədilər. Çox yaxşı futbolçudur. Amma bu gün o, Azərbaycanda gəlib oynamaz. Özü də müsahibəsində bildirmişdi ki, Azərbaycan deyil, Almaniya millisində oynamaq istəyir. Ona görə də bu məsələnin üstünə düşmədik.

- Ümumiyyətlə, xaricdə oynayan azərbaycanlı futbolçuları diqqətdə saxlayırsınızmı?

- Bizə bu cür futbolçular hər zaman təklif olunur. Rusiyadan, Ukraynadan, Almaniyadan, hətta İsveçrədən də olanlar var. Amma bizim siyasətimiz bir qədər fərqlidir. Hesab edirik ki, xarici klubların akademiyasında olan uşaqlar artıq özlərini göstərmək üçün şans qazanıblar. Yəni, onları hansısa komanda üzə çıxarıb. Bzim məqsədimiz Azərbaycanın müxtəlif bölgələrində olan istedadlı kəşf edib, onları yetişdirməkdir.

- Bu gün “Qəbələ”nin futbol akademiyasında gələcəyin ulduzu gözüylə baxılan yeniyetmə varmı?

- Çox da olmasa, bir neçə belə futbolçu var. Yəni, onlar çox böyük potensiala sahibdirlər. Həm məşqçiləri, həm də biz həmin futbolçulara böyük ümidlər bəsləyirik. Lakin onların adlarını açıqlamağım qeyri-mümkündür. Çünki bu barədə futbolçuların özləri də məlumatsızdırlar. Biz akademiyamızda olan 250 futbolçunun hamısına eyni gözlə baxırıq. Özünüz də gəlib buna şahid ola bilərsiniz. Bacarığı ilə seçilən futbolçuların kimliyini bu gün açıqlasaq, bu, həm həmin oyunçulara, həm də digərlərinə mənfi təsir edə bilər. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30