27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Minifutbol

Bizim Aslan

Maraqlı ad və soyadı ilə diqqət çəkən Aslan Şahgəldiyev. Yox, təkcə bununla yox, bir çox yaxşı xüsusiyyətləri ilə diqqət çəkir bizim Aslan. Ad və soyadında liderlik keyfiyyətləri cəmləşib. O, həqiqətən də işinin, sahəsinin, mətbuat xidmətlərinin liderlərindən, mətbuatın Aslanıdır. Bəli, ad günü təbriklərimin növbəti qonağı hamımızın sevimlisi Aslan Shahgeldiyevdir. Peşəkar Futbol Liqasının (PFL) Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri olan dəyərli həmkarımızın bu gün 34 yaşı tamam olur.

"Karvan"la futbolumuza gələn

Aslan Şahgəldiyev adı və soyadı son 11 ildə futbolumuzda yer aldı, tanındı və özünəməxsus yerini tutdu. Bu da Yevlaxın “Karvan” klubunun futbolumuza gəlişiylə bağlıdır. Aslanı da məhz “Karvan”ın yetirməsi saymaq olar. 2004-cü ilin yayında yaradılan Yevlax klubunda ilk vaxtdan mətbuat katibi oldu. Yəni Şahgəldiyev bu sahədə ən çox təcrübəsi olanlardır. Mətbuat xidməti sahəsinə gəlişi isə heç də asan olmayıb. Hərbi xidmətdən yeni gələn gənc Şahgəldiyev “Karvan”ın 1 aylıq seçimlərindən sonra işə cəlb olunub.

Özü də “Karvan”da həmin vaxt futbolumuzda bir çox tanınmışlar cəmləşmişdi. Şahgəldiyev vaxtilə kənardan izlədiyi, görüşməyi xəyal etdiyi məşhurlarla indi bir klubda çalışırdı. Onlar arasında kimlər yox idi - baş məşqçi Yunis Hüseynov, futbolçular Tərlan Əhmədov, Dmitki Kramarenko, Kamal Quliyev, Fərrux İsmayılov və başqaları.

Aslanla şəxsi tanışlığım də həmin vaxtda - "Futbol-plus Qəzeti"ndə çalışdığı dövrdə olub. O, dərhal yaxşı insani keyfiyyətləri ilə diqqətimi çəkdi. Çox mədəni, nəzakətli, mərifətli, qanacaqlı, bir sözlə, əsl ailə tərbiyəsi görmüş, çoxlarına nümunə olacaq bir insan. Aslanda ən çox xoşuma gələn xüsusiyyətlərdən biri mətbuat katibi olsa da, jurnalistin işinə müdaxilə etməməsi, “bunu yazma, onu yazma” prinsipindən uzaq olmasıydı. Bəlkə onun ilk gündən sevilməsində, böyük hörmət qazanmasında bu amilin də böyük rolu olub.

“Karvan”ın ilk mövsümlərdəcə nəticə verməsiylə Aslan da mükafatları sıralamağa başladı. Əvvəlcə çempionatımızın bürünc, sonra gümüş medalı. 2006-cı ilin yayında isə Yunis Hüseynovun komandası Azərbaycan futbolunda tarix yazdı. Bu da UEFA kubokunda mərhələ keçən ilk klub olmasıdır. Şahgəldiyev həmin vaxt "Karvan"ın rəsmisi kimi tarixə düşməsiylə öyünə bilər.

Düzdür, ilk baxışdan nə qədər qəribə görünsə də, bu uğurdan sonra “Karvan”da eniş başladı. AFFA-nın o vaxtkı rəhbərliyinin legioner limitini “3+2” etməsi heyətində çoxlu legioner olan və daha çox onların sayəsində UEFA kubokunda tarixi nəticəyə imza atan Yevlax klubunu çətin vəziyyətə saldı. Nəticədə legionerləri bir-bir yola salan “Karvan” liderlik mövqeyini əldən verməyə başladı və sonda futbol səhnəsindən də silindi.

Ancaq Aslan onu futbolumuza gətirən doğma klubundan fərqli futbol səhnəmizdən silinmədi. 2009-cu ilin iyunun 15-də başlayan və indiyədək davam edən PFL-də fəaliyyəti onun karyerasının 2-ci mərhələsidir.

Ramin Musayevin ən yaxşı transferi

İyunun 2-də 7 yaşı tamam olan PFL-də mətbuat xidmətinin 6 ili Şahgəldiyevlə bağlıdır. Maraqlıdır ki, Ramin Musayev də ilk prezidenti olduğu quruma klubdan gəlib. O, “Neftçi”nin vitse-prezidenti işləyəndə, Aslan “Karvan”da çalışanda mükafatlar uğrunda rəqib olublar. İndisə onlar uzun müddətdir bir kollektivin üzvləridir və çox yaxşı işgüzar münasibətdə (maşallah, göz dəyməsin) çalışırlar. Ramin müəllimin 6 ildir Şahgəldiyevə etimad göstərməsi onun layiqli kadr olmasının göstəricisidir. Bəlkə də kənardan Musayevlə işləmək çətin görünsə də, Şahgəldiyev bunun heç də belə olmadığını uzun illərdir sübut edir. Ramin müəllinin yanında işləmək təklifini alanda, qısa müddətdən sonra çıxacağını düşünsə də, həyat hər şeyin heç də kənardan göründüyü kimi olmadığını göstərdi. Təsadüfi deyil ki, Aslana çalışdığı qurumun rəhbərliylə işləmək rahat yox, çox rahatdır. Mən o fikirlə razıyam ki, Ramin Musayevin ən yaxşı transferi Aslan Şahgəldiyevdir. Futbol diliylə desək, baş məşqçi belə bacarıqlı yetirməsini qətiyyən əldən buraxmaq istəməz.

Təbii ki, klubla müqayisədə PFL-də iş daha çətin, daha məsuliyyətlidir. Maksimum dərəcədə az səhv etməlisən, mətbuata verdiyin açıqlamalara xüsusi diqqət yetirməlisən. Tənqidlər də az olmur. Əslində, Aslan tənqidə müsbət yanaşanlardır. Ancaq təbii ki, bu, qərəzli yox, sağlam olmalıdır. O, tənqidə sağlam düşüncəylə yanaşır. Yəni futbolda tənqid mütləq olmalı, futbolun əsası tənqidin üzərində qoyulmalıdır. PFL-nin gəlişi futbolumuzda, çempionatımızda canlanma yaratdı. Çempionatımıza əsas qiyməti avrokuboklar verir. Klubarımızın qrup mərhələsinə düşməsi də məhz PFL-in dövrünə təsadüf etdi. Budur, artıq 2 klubumuz birdən qrupa düşür və bu, çempionatı təşkil edən qurumun də uğurudur.

Kollektivdə gözəl ab-hava yaradan

Şahgəldiyevin birbaşa məsul olduğu departament iş saat mexanizmi kimi gedir. PFL-nin rəsmi saytında oyunlardan dərhal sonra protokollar edə bilirik, matçların fotosessiyası, video icmalları ilə tanış ola bilirik. Hərçənd, səbəbkar özü də yaxşı bilir ki, internet mediasından əvvəl qəzetlərdə biz işlədiyim vaxtda oyunların protokollarını almaq üçün necə dəridən-qabıqdan çıxır, istəyimizə çatanda necə sevincək olurduq. Aslan kollektivdə elə gözəl ab-hava yaradıb ki, iş vaxtı bitəndən sonra da evə gedən olmur. Yəni bu, onun yaxşı insani keyfiyyətlərinin nəticəsidir ki, iş vaxtının tez bitməsi üçün işçisinin gözü saatda qalmır. Bu da Aslanın həm rəhbər kimi xoşbəxtçiliyi deməkdir, həm də kollektiv adamı olduğunu göstərən faktordur. Şahgəldiyevlə hələ "Karvan"da, sonra PFL-də birgə çalışmış Emil Schukurow, sonradan onu əvəzləyən Elgiz Abbasovun haqqında necə yüksək fikirdə olmasına dəfərlərlə canlı şahid olmuşam.

PFL-nin tədbirlərində yaxşı təşkilatçılıq diqqət çəkir ki, bunda Aslanın əməyi az deyil. Bu, daha çox ölkə kubokunun final matçlarında özünü göstərir. Onlardan sonuncusu Qəbələdə keçirildi və kubokun helikopterlə meydanın ortasına endirilməsi Şahgəldiyevin çoxdan həyata keçirmək istədiyi ideya idi. Bütün bunlar ondan irəli gəlir ki, səbəbkar ideyalarla zəngin, yeni ideyaları, yenilikəri sevən, novator bir insandır. Aslan beynəlxalq təcrübədən istifadə etməyə də üstünlük verir. O, Barselonada, məşhur “Nou Kamp”da keçirilən tədbirdə gördüklərinin bir çoxunu özündə qeyd edib.

Adətən aslanlar qəzəbli olsa da, bizim Aslan səbirli, dözümlüdür. Yəni o, işinin tələblərinə uyğun olaraq hərəkət edir. Dediyinə görə, pis xasiyyəti özündən çıxandan sonra özünə gəlməyinin çox çətin olmasıdır. Ancaq arabir aqressiv olsa da, bu, uzun müddətli deyil. Ümumiyyətlə, Şahgəldiyev gülərüz, yumor hissi, zarafatla araşı yaxşı olandır. Özü də ciddi halda birdən elə söhbət eləyir ki, dərhal adamın sifətində təbəssüm yaranır. Zarafatları, hazırcavablığı ilə seçilən Aslanın söhbətləri “tutuzdurur”. Onda maraqlı əhvalatlar çox olur.

PFL-nin xəttiylə hər ilin yanvarında jurnalistlər Antalyaya səfər edərkən səbəbkar xüsusilə diqqət mərkəzində olur. Arabir millimiz, klublarımızın beynəlxalq oyunları zamanı nümayəndə heyətində yer alan Şahgəldiyevlə 2012-ci ilin oktyabrında “Neftçi”ylə Avropa Liqasının qrup mərhələsində “Rubin”lə oyuna gedərkən səfər yoldaşı olmuşam. Həmin Kazan səfəri ən maraqlı səfərlərimizdən olub. Qəbələyə birgə yolçulumuz az olmayıb. İnşallah, “Qəbələ”mizlə Avropa Liqasının qrup mərhələsində də yol yoldaşı olarıq.

Mənim uğuruma səmimi sevinən

Aslanın səmimiliyinə hələ 4 il öncə əmin olmuşam. O vaxt apasport.az saytına çalışarkən fərdi planda fərqlənmişdim. Bu da 2010/11 mövsümündə “ən yaxşı elektron KİV nümayəndəsi” nominasiyasında futbol jurnalisti seçilməyim idi. Yadımdadır, həmkarlarımız arasında keçirilən sorğunun qalibi olmağımla bağlı həmin xoş xəbəri məhz Aslandan almışdım. Mənə zəng vurub şəklimi göndərməyimi istədi. Ramin Musayevin şəxsən təqdim etdiyi mükafatdan sonra da məni səmimi təbrik edən Şahgəldiyevin qalib olmağıma ürəkdən sevinməsi, buna layiq olduğu deməsi indiyədək yadımdadır.

Aslan eyni zamanda gözəl ailə başçıdır. 2011-ci ildə ailə həyatı quran həmkarımız artıq 2 övlad sahibidir. Sizə təqdim etdiyim fotoda ilk övladı olan oğlu Fəridlə birgədir. Ay Fərid bala, sən belə mərd, sevimli, hörmətcil insanın övladı olduğuna görə özünü artıq xoşbəxt saya bilərsən. Öz aramızdır, Aslan oğlu olmaq hər adama nəsib olmur. Atanın “Qalatasaray” azarkeşi olduğunu deyə bilmərəm, ancaq mən bir "Qalatasaray"lı olaraq sənə böyüyəndə bu klubun azarkeşi olmağı arzulayardım. Axı bu klubun rəmzi “Aslan”dır.

Belə baxıram ki, Şahdəldiyevlə bağlı təbrik yazım ən geniş həcmlilərdən oldu. Əslində, o, buna, daha geniş təqdimata da layiq oğlandır. Aslan, yay aylarının sonuncu günündə, yeni tədris mövsümü öncəsi anadan olmusan və 2 klubumuzun qrupa düşməsi sənə ad günü öncəsi ən gözəl hədiyyə oldu. Mən isə səni bu yazımla çalışdığım "Qəbələ Ik Qəzeti" adından da səmimi qəlbdən təbrik edərək, ürəyində olan bütün arzulara qovuşmağı, övlad toyu görməyi arzulayıram. Uğur səni sevir və işlərində həmişə səninlə birgə olsun. İnanıram ki, təbrik yazımı oxuyandan sonra təəssüratın şəkildə göstərdiyin "əla" işarəsinə uyğun olacaq.

Ad günün mübarək, Şahgəldiyev!

Mehman SÜLEYMANOV

P.S. Aslan, neçə vaxtdır bir-birimizi tanısaq ki, ikimizin ayrıca şəklimiz yoxdur. Gərək bu boşluğu qarşıdan gələn 35 illik yubileyinədək aradan qaldıraq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30