29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Ölkə futbolu

Qurban Qurbanov: “ÇL-lə bağlı hələ düşünməyək, bugünlə yaşayaq”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun müsahibəsi

- Son görüşümüz zamanı “Qarabağ” “Ayntraxt”la oyuna hazırlaşırdı. Nə “Futbolinfo” var idi, nə sizin bu qədər uğurunuz. Növbəti dəfə nə vaxt üzbəüz əyləşəcəyik: Çempionlar Liqasının qrupunda oynayanda, yoxsa milli komanda ilə final mərhələsinə gedəndə?

- Görüşmək, fikir mübadiləsi aparmaq, nəyisə müzakirə etmək üçün həmişə səbəb var. ÇL-lə bağlı hələ düşünməyək, bugünlə yaşayaq. Milli komanda ilə bağlı isə növbəti sual olmasa, yaxşıdı - bu barədə danışmaq doğru deyil. Kiminsə işinə qarışmayaq, milli komandanın çox yaxşı məşqçiləri var və işlərini də yaxşı görürlər.

- Yəni, milli komanda ilə bağlı heç bir arzunuz yoxdu?

- Heç kimin işinə qarışmayaq, onların işinə təsir edəcək açıqlama verməyək. Öz işimiz var və heç də az deyil.  Məsuliyyətimiz böyükdü, öhdəsindən gəlməyə çalışırıq. “Qarabağ”da ölkə futboluna töhfə vermək üçün nələrsə etməyə çalışırıq. Həmişə olmasa da, müəyyən günlərdə hansısa nəticələrlə xalqı sevindirməyə çalışırıq.

- Karyeranızda sabitlik yaratmaq üçün çox əziyyət çəkdiz. “Neftçi”də məşqçiliyə başlayarkən çətin dövr oldu, “Qarabağ”da istədiyiniz komandanı qurmaq üçün zaman getdi.

- Ardıcıl məğlubiyyətlər olanda rəhbərliyin dəstəyini hiss etdik. Amma ümumi götürdükdə “Neftçi”də də işə pis başlamadıq. O zaman Rövnəq Abdullayev mənə güvəndi. “Neftçi”nin kapitanı idim, karyeramı bitirdim, qısa zamanda mənə baş məşqçi kimi güvəndilər. Normal komanda qurmuşduq, avrokubokda da ilk rəqibə qarşı yaxşı oynadıq, son dəqiqələrə kimi mərhələ adlamaq şansımız var idi. Alınmadı və məhz avrokubokdakı oyunun nəticəsinə görə rəhbərliyə inanılmaz təzyiqlər oldu, “Neftçi” ilə vidalaşdım. “Qarabağ”da bəzi çətinliklər oldu, lakin ilk gündən nəticə verməyə başladıq, kuboku qazandıq. Sonra sabitliyə nail olub, nəticələri daha da yaxşılaşdırdıq. Düşünürım ki, rəhbərliyin səbr göstərməsinə ehtiyac duyulan ortam olmadı. Avrokuboklarda pley-offa kimi irəlilədik, sonrası da bəllidi.

- Bugünkü təzyiq altında olan “Neftçi”yə baxanda öz dövrünüzü xatırlayırsız?

- Mənim “Neftçi”ni müzakirə etməyim doğru olmaz, klubun içindən xəbərim yoxdu. Komanda haqda oxuduqlarımıza əsasən məlumatlıyıq. Nəticələri yaxşı deyil, amma əminəm ki, klub rəhbərliyi hər şeyin yaxşı olması üçün çalışır və buna nail olacaqlar.

- Sabiq hücumçu niyə hücumçu seçə bilmir? “Qarabağ”da bombardir forvard görə bilmirik.

- Bu problem hər yerdə var. Türkiyə, Rusiya klublarına baxın. Çox yaxşı hücumçu olduqca azdı. Bombardir hücumçular 3-4 nəfərdi, onların da hansı komandalarda oynadığı bəllidi. Bizdə “sırf hücumçu” təzyiqi də var. Məsələn, Gelaşvili 6-7 qol burub, 7-8 məhsuldar ötürmə vermişdi. Hücumçu üçün pis göstərici deyil, amma ona o qədər təzyiq oldu ki, bəzən imkanlarından aşağı səviyyədə oynadı. Həm də bu gün futbol elədi ki, qolu təkcə mərkəz hücumçusu vurmur. Reynaldo cinahda oynaya-oynaya bizdə bombardir oldu. Hücumçudan yapışıb digər oyunçuları yaddan çıxarmaq olmaz. Futbol komanda oyunudu, bəzən hücumçular qol vurmaqdan daha çox komandaya verdiyi digər faydalarla seçilir. Etiraf edirəm ki, özüm vaxtilə hücumçu olduğumdan kaprizlərim var, bu xəttin oyunçularına xüsusi həssaslıqla yanaşıram. Alınmayanda alınmır. İspaniyada bombardir olan Quizanı yada salın, “Fənərbaxça”da təzyiq altına düşdü və 1-2 qolla mövsümü bitirdi.

- Yarımmüdafiədə seçim imkanınız çoxdu. Lakin müdafiədə də problemlər var. Rəşad Sadıqovla Bədavi Hüseynov oynamasın, nəinki “Qarabağ”da, ümumiyyətlə, Azərbaycanda səviyyəli mərkəz müdafiəçisi tapa bilməyəcəyik.

- Bizdə bütün mövqelərdə oyunçu qıtlığı var və bu, normaldı. Zaman-zaman bütün ölkələrdə belə problemlər ortaya çıxır. Hətta Türkiyədə, Rusiyada bəzən hansısa mövqeyə oyunçu tapılmırsa, daha kiçik Azərbaycanda belə olması gözləniləndi, normaldı.

- Bəlkə problem sisteli iş görülməməsindədi? “Qarabağ”ın uşaq komandalarındakı duruma baxanda sabah buradan kimlərinsə əsas komandaya yüksəlməyəcəyini, yenə legioner almağa məcbur olacağınızı düşünürsən.

- Razı deyiləm. Düzdü, vəziyyət məni narahat edir, amma bütün məşqçilərdən, komandalardan tələblərimiz var. Bu sahə yaddan çıxmayıb, ciddi iş gedir. Əslində, bütün komandalar axtarışdadı, hamı gənc istedadları tapmaq istəyir. Lakin 50-60, hətta 100 min əhalisi olan ölkələrdə də bəzən səviyyəli futbolçu tapılmırsa, bizdə də hansısa mövqeyə kiminsə tapılmaması normaldı. Bir şey də var ki, bəzən istedadlar dəstəsi birdən-birə peyda olur. Bir də görürsən hansısa komandadan bütöv bir istedad qrupu çıxır. Vaxtilə “Qarabağ”da da belə olmuşdu, indi komandada oynayan bir çox gənclər çıxmışdı. Zamanı gözləmək, bununla yanaşı, sistemli iş görmək, daim çalışmaq lazımdı.

- Legioner karyerası yaşamış Qurban Qurbanovun davamçıları niyə azdı? Futbolçular ölkədə daha çox qazandığı üçün xaricə can atmır?

- Dəqiq söz demək çətindi. Bəlkə pul da rol oynadı. Biz də bir aralar futbola həddindən artıq (! – müəl.) qayğı göstərildi, iş adamları bu sahəyə böyük yatırımlar etdilər. Çox tanınan futbolçu və məşqçilər bura axın etdi. Bəzi oyunçularımız pula görə getmədi, bəziləri həmin məşhurlara birgə işləyib “artırmaq” haqda düşündülər. Etiraf edək ki, “azərbaycanlı futbolçu” markası da populyar deyil. Öncə bunu yaratmalıyıq, futbol bazarında tələb olunana çevrilməliyik.

- Son illər əcnəbi məşqçilərin sayı azalıb. Onların Azərbaycana axınının azalmasının səbəbi nədi: maliyyə böhranı, yoxsa yerli kadr kimi hamını üstələyən Qurbanov?

- Burda mənlik bir şey yoxdu. Səbəb maliyyə böhranıdı. Bu amil bizə böyük zərbə vurdu. Klublarda gəlir yoxdu, sponsorlar ancaq xərcləyirlər. “Qarabağ”la “Qəbələ” qrupa düşməklə xərclərinin müəyyən hissəsini qarşıladı, lakin müəyyən hissəsini. Çünki xərc həddindən artıq çoxdu. Təkcə çarter reysi ilə səfərə çıxmaq böyük miqdarda valyuta itkisinə səbəb olur. Digər klublarda isə ümumiyyətlə, ancaq xərclər var, nə biletdən qazanırlar, nə də başqa hansısa bir yerdən. Teleyayımla bağlı müəyyən addımlar atılıb, lakin həmin ödənişlər də xərclərin qarşılığında çox cüzidi. Bu səbəbdən klub rəhbərləri əcnəbilərə maraq göstərmir. Hələ sağ olsunlar ki, neçə illər öz pullarını futbola xərclədilər.

- Bəlkə Avropaya getmək sizin növbənizdi? Futbolçular marka ola bilmədi, amma məşqçi kimi sabit nəticələrə maliksiz, artıq sizə maraq olmalıdı.

- Belə bir şey yoxdu. Uğurlarımız çox azdı. Ona görə də ölkəmizə diqqət istənilən səviyyədə deyil. Hələ burada çox iş görməliyik.

- Çex sindromunu nə vaxt qıracağıq? Hakimi gəlir, qələbəni əlimizdən alır; komandaları qarşımıza çıxır, uda bilmirik.

- Səhvimiz odur ki, keçmişdə qalırıq. Oldu, keçdi, sabaha baxmaq lazımdı.

- “Viktoriya” ilə oyundan sonra sizi daha çox nə məyus etdi: son anda əldən verilən qələbə, yoxsa mətbuatın təzyiqi, sosial şəbəkələrdə yazılanlar?..

- Həmişə hər şeyə hazır olmalıyıq. Futbolda son saniyələrdə o qədər qələbə qazanan, kubok itirən olub ki. Sadəcə, həyatın hər üzünə hazır olmalıyıq və mən də hər oyuna çıxanda bütün bunlara özümü hazırlayıram. Düzdü, məyus olursan, pis təsir edir. Azərbaycanlı olaraq, öz azarkeşimiz qarşısında məğlub olmağı heç vaxt istəməmişəm. Səfərdə 0:5-i həzm edə bilərəm, evdə uduzmaq daha pis təsir edir. Yazılanlara gəlincə, bütün bunlar antipatiya yaradır, futbolumuzda vacib olan birliyə əngəl törədir. Heç kim məğlub olmaq istəməz, bu, baş verdisə, lazımsız yazılarla daha bir zərbə vurmağa nə lüzum var? Əksinə, çalışıb bir olmalıyıq ki, futbolumuz inkişaf etsin. Neqativ yazılanlar camaatı futboldan soyudur, insanların tribunaya gəlməsinin qarşısını alır. Halbuki bir olmağımız daha vacibdi. Yalnız birlikdə olduğumuz halda nəyəsə nail ola bilərik. Sosial şəbəkədə yoxam, amma mənə müəyyən məlumatlar verilir. Mətbuatı ara-sıra izləyirəm. Bunu etməyim də daha çox özümlə yox, başqa səbəblərlə bağlıdı. Yazılanların futbolçulara təsirini azaltmaq, onları psixoloji cəhətdən hazırlamaq üçün bunu edirəm. Hamı öz işini şərəflə görməli, ümumi inkişafa fayda verməyə çalışmalıdı.

- “Höteborq”la oyuöncəsi sanki komanda çökmüşdü. Bu vəziyyətdən çıxmaq, “Viktoriya” ilə oyunu unutmaq üçün sizə ən çox kim dəstək oldu?

- Özümü sakitləşdirməyi bacarıram. Məyus idim, amma vəziyyətdən çıxmaq üçün gücüm var idi və bunu bacardıq. Etiraf edirəm: vəziyyət yaxşı deyildi. Hər şey Çexiyadakı oyundan sonra başladı. Bizi müdafiə futbolu oynamaqda qınadılar və s. Oyun mətbuatda, televiziyada necə işıqlandırılırsa, kütlə də ona köklənir, təzyiqlər olur və bu, komandaya təsir edir. Bu səbəbdən yazılar çox önəmlidi. Tanımadığın rəqibə qarşı ehtiyatlı oynayırsan, futbolçuları uzun müddət bu matça hazırlayırsan. Rəqib azlıqda qaldı deyə hər şeyi dağıtmaq, qısa müddətdə bütün planları dəyişmək olmaz.

- Eyni situasiya təkrarlansa, yenə addımlarınıza sadiq qalarsız?

- Kənar təsirlərə uysaq, bizi onlar idarə etmiş olar. Bizim birlik səylərimizi artırmağa cəhd etməyimiz daha vacibdi. Niyyətimiz təmizdisə, hər şey yaxşı olacaq.

- Bəs, cavab oyunu? Şəxsən mən son dəqiqələrdəki əvəzetmədə səhv etdiyinizi düşünürəm. 5-ci müdafiəçi kimi Elvin Yunuszadəni oyuna buraxmaqla bütün müdafiə qurğusunu dağıtdız.

- Hər şeyin səbəbi olur. Həmin vaxt rəqib meydana ucaboy forvard buraxdı, mən isə alternativ addım atdım. Bəzən gözləmədiyin şeylər baş verir. Rəqib qapımıza bir zərbə vurur, o da qol olur. Bəs, meydana buraxdığım həmin oyunçu daha bir qol vursaydı, nə deyəcəkdik? Hər addımı uğur naminə atırıq. Bəzən belə də alınır. Ona görə deyirlər ki, oyunu futbolçular udur, məşqçi uduzur.

- Amma həmin oyunda siz qələbə üçün hər şey etmişdiz. Rəqib gözünü aça bilmir, “Qarabağ” isə saysız qol epizodlarını boşa verirdi. Bu səbəbdən düşünürəm ki, həmin oyunu o qolları vura bilməyən futbolçular uduzdu.

- Deməli, hər şey mümkündü. Amma kimisə günahlandırmaq asandı. Bəzən istədiyin olmur.

- Zaur Tağızadə hələ də futbol oynasaydı, Dani Kintana heyətə düşərdi? Və ya məşqçilər korpusunda olan digər köməkçi dostlarınız?..

- Eyni cinahda oynasalar da, onlar çox fərqli oyunçulardı. Bəzən Zaur kimi sürətli oyunçular lazım olur, bəzən Dani kimi oyunu üzərinə götürüb hücum quranlar. Futbol çox dəyişib, onlardan kimisə heyətə qoyub-qoymayacağımı deyə bilmərəm. Heç özümü də indiki heyətdə düşünmürəm (gülür).

- Sabiq məşqçilərinizin konspektləri köməyinizə gəlir, yoxsa kompüter əsrinə uyğunlaşıb, biliklərinizi fərqli üsullarla artırırsız?

- İndi televiziya var, daha çox oyunu canlı görüb nəsə götürmək imkanı olur. Ümumiyyətlə, məndə heç kimin konspekti yoxdu. Kompüterdən də istifadə edirəm. Təcrübə keçmək üçün vaxtilə bir çox klubun düşərgəsində olmuşam. Zənnimcə, köməyimə daha çox onlar çatır. Futbolçu vaxtı öyrəndiklərim öz yerində, məşqçilik kurslarında da çox şey mənimsədim. “Pro” kateqoriyası alan zaman tələblərə uyğun olaraq, Dortmund “Borussiya”sında, “Barselona”da oldum, bir həftə ərzində çox şeyi özüm üçün kəşf etdim. Bunadək “Bavariya”nın düşərgəsində də olmuşdum, daha sonra “Qalatasaray”a getdim. Hacı Hacıyevin yanında isə tam bir ayı keçirdim. Futbol hər gün dəyişir, zamanla ayaqlaşmaq, biliklərini yeniləmək lazım gəlir. Sürət artır, dayanmaq olmaz. Futbola canlı, televiziyadan baxmaq özü bir məktəbdi.

- Vüqar Nadirov komandaya keçmiş xidmətlərinə görə qaytarıldı?

- Onun oyununa da, imkanlarına da bələdəm. Açığı, onun kənarda qalması mənə çox pis təsir etdi. Bizdən ayrılandan sonra 3 komandada işləri yaxşı getmədi. Psixoloji cəhətdən pis vəziyyətdə idi. Bu səbəbdən onu geri qaytarmaq, ona kömək etmək lazım idi. Vüqar ortada qalmamalıydı.

- Vaqif Sadıqova nə qədər qonorar verəcəksiz? Onun futbolumuza gətirdiyi məşhur künc zərbəsinə görə xeyli vacib qollar vurmusuz.

- O, bizdən qonorar istəməz (gülür). Əla ev tapşırığıdı, imkan daxilində yararlanırıq. Mən oynadığım vaxtdan bu kombinasiya ilə tanışam. İş ondadı ki, bunu hər komanda belə ustalıqla tətbiq edə bilmir. Rəqib də uyğun olmalıdı, hər komandaya qarşı bu, keçmir. Standart vəziyyət zamanı rəqibin necə müdafiə olunduğunu nəzərə alaraq, buna üstünlük veririk.

- Həm də Vaqif Sadıqovla birgə AFFA İcraiyyə Komitəsinin üzvüsüz. Özü də tədbirlərə qalstuksuz qatılan yeganə üzv...

- Yenə qalstuk?.. Xoşlamıram da qalstuku.

- Bəlkə də ab-havaya öyrəşə bilmirsiz. Komitəyə seçilməyiniz gözlənilməz oldu. Heç olmasa, iclaslar maraqlı keçirmi?

- Mənim üçün maraqlı təcrübədi. Oradakı müzakirələr tam fərqlidi. Hamı futbolun inkişafı üçün çalışır, müzakirələr olur. Məşqçilikdə görünməyən tərəflərlə orada rastlaşıram. Futbolun inkişafı üçün hərə bir təklif verir, araşdırırıq. Sağ olsunlar, futbolun içində olduğumdan fikirlərimi qəbul edirlər. Ancaq hansısa məqamlarda fərqli düşünənlər də olur və fikirlərini əsaslandırırlar. Ölkədəki maliyyə durumu bəzən istədiklərini həyata keçirməyə imkan vermir. Reallığı qəbul etmək lazımdı.

- Nəvaxtsa limit məsələsinin müzakirəsini təklif edəcəksizmi? Sizcə, dəyişikliyə gərək yoxdumu?

- Limit lazımdı, belədə nəyəsə görə bir az məsuliyyətli olursan. Bəlkə də qismən dəyişmək haqda düşünmək olar, ancaq gərək öz mənafeyini bir kənara qoyasan, bunu futbolun inkişaf strategiyası naminə edəsən.

- Dinə bağlılığınızın uğurlarınızda rolu olub?

- Futbol öz yerində, din insan kimi formalaşmağımda müstəsna rol oynayıb. Bu barədə çox danışmaq olar. Allah qarşısında vəzifələrimizi yerinə yetirməliyik. Dinimizə qarşı çox diqqətsiz olmuşuq.

- Çoxlu dostlarınız var. Dostluqda sadiqliyinizdə din rol oynayır?

- Dostum çox deyil.

- Onlardan biri Ramin Musayevdi. PFL prezidenti ilə münasibətləriniz insanlara qazandığınız uğurlara şübhə ilə yanaşmaq üçün əsas vermirmi?

- O, ən çox mübahisə etdiyim adamdı. Bir çox məsələlərə fərqli yanaşmamız var. Bir-birimizi yaxşı tanıyırıq. Dostluğumuz məqsədli olsa, səmimi olmazdı. Bir-birimizi neçə illərdi tanıyırıq, lakin heç vaxt nə mən ona, nə o mənə məqsədli münasibət göstərməmişik, bir-birimizin köməyinə ehtiyacımız da yoxdu. Ondan nəsə umsaydım, rahatlaşardım, bu, məndə arxayınçılıq yaradardı. Belə olan halda isə bu qədər işi görə bilməyəcəkdik. O, özü mənə işlə bağlı nəsə kömək etmək istəsə, o zaman münasibətlərimiz bitərdi.

- İlk məşqçiniz Şaban Şirdanovu heç vaxt unutmamısız. İndi də “Zaqatala”nın baş məşqçisidi. Hətta deylənlərə görə, qardaşınız Musa Qurbanovun rəhbərlik etdiyi kluba da öz hesabınızdan maliyyə yardımı edirsiz. Sabiq məşqçinizə, yoxsa qardaşınıza görə?

- Düzgün informasiya deyil. Mən onlara heç bir kömək etmirəm.

- Ən ucqar dağ kəndində də Qurban Qurbanovu tanıyırlar. Bu, futbolçu vaxtından qalma populyarlıqdı, yoxsa hər şeyi məşqçi kimi qazanmısız?

- Futbolçu kimi çox da böyük işlər görməmişəm, uğurlarım çox olmayıb. Yəqin ki, əsas nüfuzu məşqçi kimi qazanmışam. Oyunlarımıza hər yerdə baxırlar, görürlər.

- Respublika stadionunu da icarəyə götürdüyünüzü nəzərə alsaq, faktiki 2 arenaya sahibsiz. Lakin “Qarabağ” ev oyunlarını Masazırda keçirir, avrokuboklarda “Dalğa Arena”ya üz tutur. Deməli, nəyisə düzgün etməmisiz...

- Bu il havalar çox isti keçdiyi üçün qazonu qoruya bilmədik. Amma razıyam, səhvlərimiz var, daha diqqətli olsaydıq, problemdən çıxış yolu tapardıq. Acı təcrübə oldu.

- Oyunlarda topdaşıyan uşaq tapılmır, qazon bərbad hala düşür, meydandankənar hadisələr olur – bunların hamısı barədə suallar Qurban Qurbanova verlir. Sizə elə gəlmirmi ki, baş məşqçi olsanız da, əslində, klubun əsas idarəçisisiz...

- Doğru iraddı, haqlısız. Hər sahəyə cavabdeh insanlar olmalıdı və var. Azarkeşlərlə də, mətbuatla da, sair işlərlə də məşğul olanlar var. Sadəcə, hər işdə ön plana mən çıxıram. Görünür, klub olaraq tam formalaşmamışıq. Bu problem tək bizdə deyil, futbolumuzda var. Zamanla hər ey sistemləşməli, yoluna düşməlidi ki, məndən ancaq komanda barədə soruşasız.

- Qurban Qurbanovun istənilən müsahibəsində dostu Rəşad Sadıqov haqda sual olmalıdı. Kapitanı U-19 komandanıza baş məşqçi təyin etdilər. O, karyerasını bitirib məşqçiliyə başlamaq istəyir?

- Yox, hələ karyerasını bitirmək haqda söhbət yoxdu. Sadəcə, onu bu komandaya göndərməklə uşaq futbolundakı bəzi problemlərin həllinə çalışırıq. İstəyirik ki, bu komandalarla yaxından işləsin, problemlərin içində olsun, həllinə yardım etsin. İşi çoxdu.

- Əlavə nə işi var ki? Həm də “Zirə”yə yardım etməyini nəzərdə tutursuz?

- “Qarabağ”da, milli komandada oynayır, hər iki komandada kapitan kimi məsuliyyətləri var. İndi uşaq komandalarımıza da yaxın olacaq. “Zirə”yə gəlincə, gizlətmirəm, bu komandaya yardım edir. Bu klubun rəhbəri dostudu, onlara təcrübəsinə arxalanaraq məsləhətlərini verir. Futbol adamıdı, futbola bağlı işlə məşğuldu bə bunda qəbahət yoxdu.

Mənbə: futbolinfo.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31