27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Digər idman növləri

Mahir Məmmədov: “Bu tək mənim yox, bütövlükdə Əməliyyat Komitəsinin uğurudur”

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadası bu gün başa çatacaq. Olimpiadanın Əməliyyat Komitəsinin rəhbəri Mahir Məmmədov jurnalistlər üçün keçirdiyi brifinqdə yarışın yekunları ilə bağlı danışıb. Futbolxeber.az saytı Mahir Məmmədovun müsahibəsini təqdim edir:

- Artıq olimpiada bu gün başa çatır. Mötəbər yarışın yekunlarını necə dəyərləndirərdiniz?

- Olimpiada yekunlaşmaq üzrədir. Axşam saatlarında yarışın rəsmi bağlanış mərasimi olacaq. Artıq son turun görüşləri start götürüb. Hansı komandaların çempionluq uğrunda mübarizə apardıqları məlumdur. Əfsuslar olsun ki, yığmalarımız son turda medallar uğrunda mübarizədə iştirak edə bilmir. Nəticələrin belə alınmasına görə təəssüflənirik. Şahmatçılarımız üçün olimpiadadan öncə hər cür şərait yaradılmışdı. Komandalarımız güclü hazırlıq keçmişdilər. Lakin bu idmandır və hər dəfə arzulanan nəticə qazanmaq mümkün olmur. Ola bilər ki komandamızda hardasa psixoloji sınma yaranıb. 2-3 oyunu şahmatçılarımız uğursuz başa çatdırdılar. Bununla belə, həyat davam edir.

Olimpiadanın təşkilatı baxımından nəticələr əladır. Təşkilatçılığımız dünya ictimaiyyəti, iştirakçılar, kapitanlar, məşqçilər, oyunçular, FIDE rəsmiləri tərəfindən müsbət qiymətləndirilir. Olimpiadanın gedişində heç bir mənfi hal yaşanmayıb. Hər şey öz axarı ilə gedir. Yarışların keçirildiyi Kristal Zalda yaradılan sərgi salonu, əyləncə yerləri insanların böyük marağına səbəb oldu. Olimpiada zamanı minlərlə insan, mötəbər qonaqlar sərgi salonunu ziyarət etdi. Əfsuslar olsun ki, olimpiada artıq başa çatır. Təşkilat və Əməliyyat komitəsinin üzvləri artıq indidən olimpiadanın yekunlaşmasına görə təəssüflənirlər.

Yarışın sponsorlarına dərin minnətdarlıq etmək istərdim. Sponsorların iştirakı olimpiadanı gözəl edən amillərdən biridir.

Dövlət başçımız cənab İlham Əliyevin sərəncamı ilə yaradılmış və baş nazirin birinci müavini Yaqub Eyyubovun rəhbərlik etdiyi Təşkilat Komitəsi işinin öhdəsindən lazımınca gəldi. Bu axşam bağlanış mərasimində Təşkilat Komitəsinin yekunla bağlı kiçik hesabatı olacaq. Hamını bağlanış mərasiminə dəvət edirik.

- Əsas milli komandalarımız medal qazana bilməsə də, sevindirici məqamlardan biri də odur ki, qadınlardan ibarət yığmamızın üzvü Gülnar Məmmədova  mübarizə apardığı üçüncü löhvədə qalib ola bilər.

- Hazırda bu haqda dəqiq fikir bildirmək çətindir. Son nəticələri gözləyirik. Təbii ki, Gülnarın öz löhvəsində birinci olacağına ümidlərimiz var.

- Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi etmək Azərbaycana nə verdi?

- Hazırda Bakı şəhəri şahmat yarış meydanına çevrilib. Bu yarışın ölkəmizdə şahmatın inkişafı baxımından sıçrayış edəcəyini söyləyə bilmərəm. Çünki onsuz da ölkəmizdə şahmatın inkişafı göz önündədir. Regionlarda şahmatın inkişafı çox yüksək sürətlə gedir. Bütün təbəqələr, müxtəlif auditoriyalar bu idman növünə böyük maraq göstərir. Hazırda ölkəmizdə şahmat böyük potensiala malikdir. Böyük idmançı və məşqçi ordusu yetişir. Gələcəkdə yüksəksəviyyəli şahmatçıların yetişdirilməsi üçün böyük potensial mövcuddur. Valideynlər övladlarını şahmata aparmaqdan qürur duyurlar.

Olimpiadada ikinci və üçüncü komandalarımız əsas yığmadan uğursuz çıxış etmədilər. Hətta bəzi məqamlarda bizi daha çox sevindirdilər.

2009-2014-cü illər üzrə ölkəmizdə şahmatın inkişafı bağlı proqramın tam yerinə yetirildiyinin şahidi olduq. Şahmat qarşıdakı illərdə Azərbaycanda daha da inkişaf edəcək. Bundan sonra da mötəbər yarışlara ev sahibliyi edəcəyik. Mətbuatımızın da bu idman növünə marağı gündən-günə artır. Olimpiadanın işıqlandırılmasında yaxından iştirak edən mətbuat nümayəndələrinə minnətdarlıq edirik.

- 2009-2014-cü illər üzrə şahmatın inkişafı ilə bağlı proqramın yüksək səviyyədə yerinə yetirildiyini vurğuladınız. Yaxın gələcəkdə yeni inkişaf proqramının qəbul olunmasını gözləmək olar?

- Dəqiq bir söz deyə bilmərəm. Onsuz da əvvəlki proqram ölkəmizdə şahmatın inkişafına təkan verib. Bu idman növü ölkəmizdə ən yüksək səviyyəyə qaldırılıb. Məktəblərdə şahmat tədris olunmağa başlayıb. Xüsusən də Naxçıvanı, digər regionlarımızı nümunə kimi göstərmək olar.

- FIDE-nin yüksək təşkilatçılığa görə sizə xüsusi mükafat verməsi doğrudur?

- Bu günlərdə FIDE-nin konqress iştirakçılarının, kapitanların, rəsmi nümayəndələrin qəbulu oldu. Həmin tədbirdə mənə kiçik bir mükafat verildi. Amma bu mükafat tək mənim yox, bütövlükdə Əməliyyat Komitəsinin uğurudur.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30