4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi: “Pul alırıqsa, haqqını verməliyik”

“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Vadim Abdullayevin Futbolxeber.az saytına müsahibəsi

 

- Azərbaycan Premyer Liqasının 31-ci turunda “Səbail”ə 0:2 hesabı ilə uduzdunuz və bununla da qələbəsiz oyunlar seriyası 9-da çatdı...

- Məğlubiyyət çox üzücüdür. Uduzanda adam danışmağa söz tapa bilmir. Məğlubiyyət hər birimizə pis təsir edir. Desəm ki, pis oynayırıq, rəqiblər bizi tam üstələyir, belə deyil. Qışdan sonra maksimum 2-3 görüşdə rəqibdən geri qalmışıq. Gəl ki, yaxaladığımız qol epizodlarını qola çevirə bilmirik. Təbii ki, “Səbail” də keyfiyyətli oyunçulara sahibdir və onlar şanslarını dəyərləndirirlər. Bilmirəm hücumçuların “dişsizliyi” deyim, ya nə. Bircə onu bilirəm ki, məğlubiyyət çox üzücüdür. Təkcə “Səbail”lə oyun deyil. Əksər görüşlərimiz belə keçir.

- Qeyd etdiyiniz ki, oyun planında rəqiblərdən geri qalmırsınız. Bəs problem nədədir?

- Oyun cəhətdən problem olsa, başa düşərəm. Deyərəm pis oynayırıq, ona görə də uduzuruq. Amma həqiqətən də pis oynamırıq. Rəqiblər də qapımız qarşısında çoxlu qol epizodu yaratmırlar. Əksər qarşılaşmalarda biz daha çox qol şansı qazanırıq. Lakin hücumda “dişsizlik” var, şanslarımızdan istifadə edə bilmirik. Rəqiblərsə öz imkanlarını dəyərləndirirlər və qələbə qazanırlar.

- Bəlkə ardıcıl uğursuz oyunlardan sonra ab-hava qaydasında deyil?

- Xeyr, hər şey qaydasındadır, komandada mehribançılıq var. İstər legionerlər olsun, istər yerlilər, hamı oyunlara köklənir. Bu dəqiqədə bizdən çox qələbəni istəyən yoxdur. Məşqlərdə də əlimizdən gələni edirik. Lakin hər dəfə alınmır. Görünən odur ki, nəsə çatışmır.

- Ara-sıra mətbuatda komandada maddi baxımdan problem olduğu barədə xəbərlər yer alır. Bəlkə problem elə maliyyədədir?

- Komandada maliyyə problemi yoxdur, olmayıb da. Uduzuruqsa, bunun tək günahkarı biz futbolçularıq. Maaşlarımızı həmişə vaxtında alırıq. Məvacibini vaxtında alan futbolçu da meydana çıxırsa, nəticə verməlidir. Təəssüf ki, biz son oyunlar bunu bacarmırıq.

- Elmar Baxşıyevin gəlişi komandada nəyi dəyişib?

- Elmar müəllim bacarıqlı mütəxəssisdir. “Qəbələ”də nəyə qadir olduğunu göstərib, ölkə kubokunu da qazanıb. Hər məşqçinin öz sistemi var və o da öz sistemini aşılamağa çalışır. Biz də əlimizdən gələni edirik ki, onun tapşırıqlarını meydanda yerinə yetirək.

- Belə çıxır ki, zaman lazımdır...

- Bəli. Düzdür, mövsümün sonuna cəmi 5 tur qalıb. Ümid edirəm ki, tezliklə vəziyyət düzələcək. Biz də istəyirik ki, qələbə qazanaq, əziyyətimizin bəhrəsini görək. Uduzandan sonra danışmaq çox çətindir.

- Artıq avrokuboklar şansınız yoxdur. Bu halda son 5 tura necə motivasiya olacaqsınız?

- İndiki məqamda bizim üçün motivasiya imic, qələbə qazanmaqdır. Ardıcıl oyunları uduzan komanda üçün bir motivasiya var - o da qələbədir. Heç kim meydana uduzmaq üçün çıxmır.

- Növbəti tur “Zirə” ilə qarşılaşacaqsınız. Həmin matçda uğursuz seriyaya son qoymaq mümkün olacaq?

- “Zirə” ilə görüşə 100 faiz qələbə üçün çıxacağıq. Ümumiyyətlə, son 5 oyunun hamısında qalib gəlmək istəyirik, rəqib kim olur-olsun. Futbolçu meydana qələbə üçün çıxmırsa, özünü psixoloji olaraq rəqibdən zəif görürsə, gərək başqa işlə məşğul olsun. Hər birimiz şəxsiyyətik, futbolçuyuq, pul alırıqsa, haqqını verməliyik. Hər şeyimizi meydanda qoymalıyıq. Elə mübarizə aparmalıyıq ki, matçdan sonra gəzməyə hal olmasın.

Fərəc ASLANOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31