27 Aprel 2024, Şənbə
İnfantino "Qarabağ"ı təbrik edib
Hidayətdən 4-cü Avropa çempionluğu
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub

Ölkə futbolu

“Ağ-qaralar”ın “Black Friday”i

VƏ YA SƏN ATAMIN MƏNƏ YEGANƏ MİRASISAN, “NEFTÇİ”!

“Bu gün “Forza”nın uşaqları gəlmişdi “dubl”un oyununa. “Fakel” yandırdılar, komandanı ürəkdən dəstəklədilər”.

Şənbə günü axşam bunu mənə “Neftçi”də çalışan dostlardan biri dedi. Sonra həmin foto feysbukda qarşıma çıxdı.

Gözəl mənzərədi. Azərbaycanda hansı klubun azarkeşləri əvəzedici heyətin oyununa gedir? Hansı əvəzedici komandanın matçında futbolçular azarkeşlərin dəstəyini hiss edirlər? Cavab yoxdu...

Amma çox sevinə bilmirsən. Çünki dərhal göz önünə 1 gün əvvəlki mistik mənzərə gəlir. “Neftçi Arena”dakı “Black Friday”. Yox, martın 15-də “ağ-qaralar” bilet satışında, yaxud fan-şopdakı hansısa məhsulun qiymətində endirim etməmişdilər. “Səbail”lə oyun “Neftçi” üçün nəticə baxımından olmasa da, azarkeş baxımından "qara cümə" idi. Stadion elə sakitliyə bürünmüşdü ki, az qala Bojoviçin köməkçiləri, hakimlərin bir-biri ilə danışıqlarını da eşidəsən. Mən hələ media sektordakı söyüşləri, şit zarafatları demirəm (bu, bir ayrı söhbətin mövzusudu).

Acınacaqlı mənzərədi. Sanki 87 yaşlı babanı övladları, nəvələri atıblar qocalar evinə...

Nə oldu, nə baş verdi axı “Neftçi” bu günlərə düşdü? Məlum məsələdi, həmin gün stadionda “qara cümə” yaşanmasında “Forza Neftçi”nin məlum boykot qərarının da rolu var. Jurnalistikanı kənara qoysaq, mənə görə qərar yanlışdı. Amma yenə də azarkeşləri qınamaq fikrindən uzağam. Lap “Forza”nı çıxdıq. Həqiqətənmi 3-4 milyon əhalisi olan bu şəhərdə “Neftçi”ni stadiondan dəstəkləyəcək 10 min, 5 min demirəm, cəmi-cümlətanı 500 azarkeş yoxdu? Axı Bakıda futbolu da, “Neftçi”ni də sevənlərin sayı 500 mindən də artıqdır. Suallar çox olsa da, cavab birdi! İnsanları “Neftçi”dən küsdürüblər. Mən bir-bir günahkar axtarışına çıxmayacam. Çünki “Neftçi” bu gün atılmış, tək qalmış vəziyyətdədisə, bunda hamının günahı var. Futbolçunun da, məşqçinin də, idarəçinin də, lap elə jurnalistin də...

Bəlkə də hazırda “Neftçi”də aylıq maaşı 4-5 rəqəmli olanlar (sağlıqlarına qismət) bu cızma-qaranı oxuyub “bu nə deyir əəə” (ya da “О чем он вообще говорит”) deyəcəklər. Olsun. Onlar bu gün var, sabah olmayacaqlar. Amma “Neftçi” hər zaman olacaq. Mənə görə “ağ-qaralar” bu gün Bakının üç rəmzindən biridi...

Ümumiyyətlə isə

* “Neftçi” mənim üçün bu ölkənin flaqmanıdı...

* “Neftçi” mənim üçün Zaur Tağızadədi...

* “Neftçi” mənim üçün Moskvada erməniləri ağlar günə qoyandı...

* “Neftçi” mənim üçün ilklərdi...

* “Neftçi” mənim üçün Bakının özüdü...

* “Neftçi” mənim üçün atadan övlada keçən futbol sevgisidi...

* “Neftçi” mənim üçün dəyərdi...

Bu ildən isə “Neftçi” həm də atamdan mənə qalan mirasdı. Başqaları kimi atamdan mənə ev, maşın, şirkət qalmayıb. Qalan bircə miras məhz “Neftçi” sevgisidi (fikrim yanlış anlamasın, bu, övlad şikayəti deyil)...

Flaqman, bağışla ki, 87 yaşın tamam olan gündə sənin şəninə təriflər yağdıra bilmirəm. Bağışla ki, ad günündə bu cızmaqaranı bədbin notlar üzərində qurmuşam. Bağışla ki, səni 87 yaşda uşaq-muşağın dilinə salıblar... Bu “bağışla ki”ləri çox uzatmaq olar. Amma kaş ki, səni bu günə qoyanlar da bircə faiz utanardılar... Kaş ki, sənin böyüklüyünü, dəyərini dərk etməyənlər də indi mənim kimi xəcalət təri axıdardılar...

88 yaşında əvvəlki əzəmətini qaytarmaq ümidi ilə, ad günün mübarək, FLAQMAN!

İbrahim CƏFƏROV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30