4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Fariz Nəcəfov: “Heç kimdən çəkinmirik” (MÜSAHİBƏ)

Bu gün UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində öz meydanında Kipr “Omoniya”sını qəbul edəcək “Qəbələ”nin prezidenti Fariz Nəcəfov Futbolxeber.az saytına müsahibə verib.

- Komandanızın hazırkı vəziyyətini necə qiymətləndirirsiz?

- Komandada dəyişikliklərin olması birmənalı olaraq, çətinlik yaradır. Artıq vərdiş etmişik və bu vəziyyətə uyğunlaşmağa məcburuq. Vaxtımız az da olsa, yeni gələn futbolçular tam hazır olmasalar da, uyğunlaşma prosesi yaxşı gedir.

- "Omoniya"nın baş məşçqisi oyunöncəsi mətbuat konfransında çox iddialı danışdı. Heç-heçə barədə düşünmədiklərini dedi...

- Biz "Omoniya"nın köklü və iddialı klub olduğunu bilirik. Öz ölkələrində kifayət qədər uğura imza atıblar və avrokubokda böyük təcrübələri var. Bu cür çıxışlara hörmətlə yanaşıram. Biz heç kimdən çəkinmirik və hazırlığımız da davam edir. Oyunda da bacardığımızı edəcəyik.

- Rəqib baş məşqçinin "qələbə üçün gəlmişik" deməsi, sizin futbolçular üçün müsbət amildir, ya necə?

- Bizim futbolçularla görüşümüz, məşqçilərimizin söhbətləri onları motivasiya etməyə kifayət edir. Ona görə hesab etmirəm ki, rəqib baş məşqçinin hər hansı bir sözü bizim üçün motivasiya ola.

- Əksi də olmayacaq? Həyəcan...

- Xeyr, biz hazırıq. Çalışacağıq ki, öz oyunumuzu oynayaq.

- Komandanın komplektləşməsi baxımından məşqçinin narazılığı yoxdur ki?

- Əslində, komandanı əvvəldən məşqçinin istəyinə uyğun komplektləşdiririk. Çünki futbolçu ilə bağlı son sözü baş məşqçi deyir. Komandasından, futbolçulardan razıdır. Ən azından mənlə olan söhbətlərində bunun şahidi olmuşam. Özündən də soruşa bilərsiniz.

- Son illər "Qəbələ"nin ən yaralı yeri büdcədir. Nəsə edə bilmisiniz?

- Bununla bağlı dəfələrlə danışmışıq və təkrarlamaq istəmirəm. Əlimizdə olan büdcəyə əsasən, komandanı 99 faiz formalaşdırmışıq. Növbəti mövsümdə bəzi məsələlərdə əziyyət çəksək belə buna öyrəşmişik. Rahat komanda formalaşdırmaq bizim üçün 2015-2016-cı illərdə qalıb. Həmin ildən bu yana əziyyət çəkirik.

- Futbolun İnkişaf Fondunun rəhbərliyi, heyəti ilə görüşlər, müzakirələr olub? Olubsa, bu görüşlər hansı mərhələdədir? Yoxsa onlardan əlinizi üzmüsünüz?

- Onlardan böyük gözləntimiz yoxdur. Kifayət qədər hər regionun özündən investorlar cəlb etməyə çalışırlar. Bu mövzuda Qəbələnin potensialını bildiyim üçün onlardan böyük gözləntim yoxdur. Özlərinə də demişdim ki, hansısa təklif, kluba kömək olarsa, onu müzakirə etməyə hazırıq. Amma indi nəsə yoxdur.

- Son dövrlərdə AFFA tərəfindən klublara ayrılan vəsaitdə 200-300 min manatın kəsilməsi məsələləri gündəmdədir.  "Qəbələ" həmin məbləği tam alıb, ya sizdə də kəsilib?

- Bu münasibət bütün klublara eynidir. Biz də o siyahıdayıq. Bu kəsintiləri hazırda Təftiş Komisiyyasının ayağına yazmaq istəmirəm. Çünki həmin şəxslər işlərini meyarlar üzərindən aparır. Boşluq əvvəlki qərarlarda olub. Ona görə də bu kəsintilər var. Son toplanışdan sonra müəyyən məbləğin ödəniləcəyi deyildi. Məsələn, qadın futboluna görə olan 50 min və uşaq futboluna görə kəsintilər olub. Artıq hamı razılaşıb bununla. Amma növbəti mövsümdən ümid edək ki, məsələlər öz həllini tapacaq. Klublar Komitəsinin iclası, Rövnəq Abdullayevlə görüşdən sonra həmin boşluqlar dolduruldu. Kəsilsə də, klubların öz səhvlərindən kəsilə bilər.

- Qadın futbolunu anladıq, amma uşaq futboluna "Qəbələ" diqqət yetirir axı...

-  Orada meyar başqa idi. Uşaq futbolu deyəndə, başqa bir regionda akademiya filialı açmalıyıq ki, 50 min manat oraya ayrılsın və həmin filiala xərclənsin. Mənə görə məntiqsiz idi. Çünki Qəbələdəki akademiyamızda büdcə kəsrimiz var, əziyyət çəkirik. Həmin məbləği mən akademiyaya tapıb xərcləyə bilmirəm. Amma qarşıma şərt qoyulur ki, bu məbləği başqa regionda filiala xərclə.

- Məsələ nə yerdə qaldı?

- Heç nə. Bizim o filialı açmağa nə vaxtımız var, nə də hələlik potensial.

- Yeni mövsümdə də belə olacaq?

- Hələ açıqlanmayıb. Amma bu məsələ ilə bağlı danışırıq.

- Siz regionlardan da azyaşlı uşaqlar götürürsünüz axı...

- Məsələ bu idi ki, başqa regionda filial açmalıyıq. Hətta Qəbələnin ən son kəndi Hacalıda bizim meydançamız var. Orada xərc çəkdik, iş gördük. Onun pulunu ödəmədilər ki, bu sayılmır. Mütləq başqa rayonda olmalıdır.

- Niyə?

- Burda başqa məntiqdir. Qərar buna görə qəbul olunub ki, ayrılan məbləğin bir hissəsi futbol olan regionlardan kənar bölgələrdə də uşaq futboluna təkan olsun. Həmin məbləğin klubların vasitəsilə olması yenidən pul verib bu işi görməmək üçündü. Amma yəqin ki, qərar yarımçıq olub ki, klubların heç biri bu işi yerinə yetirə bilməyib.

- Məsələn, İsmayıllı sizə sərf etmir?

- Edərdi. Amma biz düşünürdük ki, Hacalıda etdiyimiz bu işin nəticəsində bizə ödəniş olunar. Belə deyək də, ilk idi, hər iki tərəfin  təcrübəsizliyi var.

- Cari mövsüm üçün komanda qarşısında hədəf nədən ibarətdi?

- Bununla bağlı hələ söhbətimiz olmayıb. Açığını deyim, son mövsüm də, ondan əvvəl də komanda qarşısına avrokubok hədəfi qoyulmamışdı. Yalnız baxımlı futbol oynamaq, mübarizə aparmaq, hər şeyini meydanda qoymaq tələbi var idi. Hardasa hansısa uğuru hiss etsək, həmin hədəfə çatmağa çalışacağıq. Bu məqsədlə irəlilədik və baxdıq ki, avrokuboklara çıxmaq hədəfinə çata bilərik. Bu mövsüm komandalara sərmayələr artdı, daha səviyyəli transferlər oldu. Hesab edirəm ki, yeni mövsüm ağır olacaq. Hədəflərimiz eynidir və futbolçular da bunu bilir.

İbrahim CƏFƏROV, Qəbələ




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31