27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Ali Ece: "Qarabağ”ın uğuru “Real”ın ÇL-i qazanması səviyyəsindədir" EKSKLÜZİV

“Tivibu Spor” telekanalında efirə gedən “Çempionlar Ekranı” proqramında son zamanlar “Qarabağ” haqda kifayət qədər maraqlı fikirlər səsləndirən Ali Ece Futbolxeber.az saytına eksklüziv müsahibə verib.

- “Çempionlar Ekranı” proqramında “Qarabağ” haqda səsləndirdiyiniz fikirlər, Azərbaycan barədə düşüncələriniz böyük maraqla qarşılanır. Ali Ecenin Azərbaycana olan bu sevgisinin xüsusi bir səbəbi varmı?

- Nənəmin valideynlərindən biri azərbaycanlıdır. Uzun illər öncə Türkiyəyə köç ediblər. Həm də azərilər də bizim kimi türkdülər. Azərbaycan daim maraqlandığım, diqqətdə saxladığım ölkədir. Futbolunuzu da çox yaxından təqib edirəm. 2000-ci illərin ortalarında Hamdi Sərpil Tüzün və Ali Yavaş kimi dəyərli hocalarımız orada çalışmağa başlayandan sonra bu maraq xüsusən artdı. Futbolun inkişafında aşağı yaş qruplarında görülən işlərin önəmi böyükdür. Hamdi Sərpil Tüzün və Ali Yavaş Türkiyə futbolunda böyük işlər görüb, xeyli sayda oyunçu yetişdiriblər. Səhv eləmirəmsə, Hamdı hocamız “Xəzər Lənkəran”da çalışırdı...

- “Xəzər Lənkəran”da yox, “Qarabağ”da, Ali Yavaş isə “Qəbələ”də.

- Hə. Ali Yavaş Türkiyə və dünya futboluna Arda Turan kimi ismi bəxş edib. Ümumiyyətlə, onun 100-dən artıq yetirməsi müxtəlif illərdə Türkiyə futboluna xidmət ediblər. Hər ikisi öz işinin peşəkarıdı.

- “Qarabağ”a, Qurban Qurbanova xüsusi simpatiyanız hiss olunur. Hardandı bu maraq?

- Dediyim kimi, Azərbaycan futbolu ilə uzun illərdi maraqlanıram. Qurban Qurbanovu hələ futbolçu vaxtlarından tanıyıram. Azərbaycan millisində forma geydiyi zamanlardan. Məşqçi kimi onu çox bəyənirəm. Artıq neçə ildir ki, onun rəhbərliyi altında “Qarabağ” həm ölkə çempionu olur, həm də Avrokubokların qrup mərhələsində oynayır. Qurban Qurbanov kimi məşqçinin Azərbaycan futboluna faydası çöx böyükdür.

“Tivibu Spor”da ötən ildən Avroliqanın qrup matçlarını yayımlayırıq. Tez-tez “Qarabağ”ın çıxışlarına da toxunuruq. Bu komanda diqqətimi ilk gündən çəkib. Bu mövsüm də “Qarabağ” daha böyük uğura imza ataraq nəhayət ki, Çempionlar Liqasının qrup mərhələsinə yüksəldi. Bu, böyük uğurdur və bilirəm ki, Azərbaycan futbolu tarixində ilkdir.

- “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsini nə ilə müqayisə etmək olar?

- Büdcə hesabı aparsaq, “Qarabağ”ın uğuru “Real”ın ÇL-i qazanması səviyyəsindədir.

- Artıq qrupların tərkibi məlumdur. “Qarabağ”dan nə gözləmək olar?

- “Qarabağ”ın ÇL-in qrupuna düşməsi özü böyük uğurdur. Bundan sonra da komanda əlindən gələni edəcək. Amma etiraf edək ki, bu gün “Çelsi”, “Roma”, “Atletiko” kimi klublara qarşı oynamaq heç də asan deyil. Bununla belə, azarkeşlərin “Qarabağ”ın ev oyunlarında futboldan doyunca zövq alacaqlarına əminəm.

- Bayaq Hamdi Sərpil Tüzün və Ali Yavaşın adını çəkdiniz. Onlardan başqa, Türkiyə futbolunda xüsusi çəkisi olan Oktay Dərəlioğlu, Bülənt Qorxmaz, Rasim Kara, Mustafa Dənizli kimi isimlər də Azərbaycanda çalışıb.

- Bəli, bu haqda da məlumatım var. Oktay Dərəlioğlu təkcə Türkiyənin deyil, Avropanın önəmli qolçularından olub. Bülənt Qorxmazın təqdimata ehtiyacı yoxdur. Eləcə də Oğuz Çətinin Azərbaycanda çalışmasından xəbərdaram.  

- Son zamanlar istər Türkiyə, istərsə də Azərbaycan mətbuatında “Qarabağ”ın “Beşiktaş”la, “Qəbələ”nin “Qalatasaray”la yoldaşlıq görüşü keçirəcəyi barədə xəbərlər yayılsa da, sonda məlumat təsdiqini tapmır. Halbuki Azərbaycanda hər 3 İstanbul nəhənginin kifayət qədər azarkeşi var.

- Təbii ki, bu cür oyunlar olmalıdır. Çünki haqqında danışılanlar 2 türk xalqının futbol klublarıdır. Qış fasiləsi zamanı Azərbaycanın bir çox klubları Antalyada hazırlıq keçirlər. Görünür, təqvim uyğun gəlmədiyindən sözügedən oyun baş tutmur. Yoxsa ki, bu tip görüşlərin keçirilməsini hər birimiz istəyərik.

- Yaxın gələcəkdə sizi Bakıda görə biləcəyikmi? Məsələn, “Qarabağ”ın Çempionlar Liqasındakı ev oyunlarından birində...

- Belə bir fikrimiz var. “Tivibu Spor”da “Bu matç kaçmaz” deyə proqramımz var. Həmin proqramın bir buraxılışını “Qarabağ”a həsr edəcəyik. Bu, ya “Qarabağ”ın ÇL-dəki ilk, ya da ikinci ev oyununa təsadüf edəcək. Məqsədimiz sadəcə matçı yayımlamaq, şərh etmək deyil, həm də Azərbaycandakı qardaşlarımızın həyəcanını ekranlara daşımaqdı.

- Sizi Bakıda görməkdən məmnun olarıq.

- Mən də çox şad olaram. Gələndə xanımımı və övladımı da özümlə birgə gətirməyi planlaşdırıram. Azərbaycanda bizi izləyən, dəyər verən hər kəsə təşəkkür edirəm. Bakıda görüşənədək.

Söhbətləşdi: İBRAHİM

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30