2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Basketbol

AVRO-2016: “Qrupdan çıxmaq Azərbaycan millisi üçün uğur hesab olunacaq”

“Avropa çempionatının ölkəmizdə keçirilməsi çox müsbət haldır. Bu vaxta qədər ölkəmizdə digər idman növləri üzrə böyük yarışlar keçirilib. Azərbaycan daim mötəbər turniləri ən yüksək səviyyədə təşkil etdiyini bütün dünyaya göstərib. Əminəm ki, 17 yaşadək futbolçular arasında qitə birinciliyini də ən yaxşı şəkildə keçirəcəyik. Ölkəmizdə idmana dövlət tərəfindən böyük qayğı var. Budəfəki yarış da dövlət başçısının idmana olan diqqətinin göstəricisidir”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Neftçi”nin sabiq baş məşqçisi, veteran futbolçu Arif Əsədov deyib.

A. Əsədov qeyd edib ki, qitə birinciliyinin ölkəmizdə keçirilməsi gənclər üçün də stimuldur: “Avropa çempionatında oynamaq hər bir gənc futbolçu üçün əla şansdır. İlk dəfədir ki, Azərbaycan millisi belə bir mötəbər yarışda qüvvəsini slnayacaq. Futbolçular üçün bu, əla stimuldur. Özlərini yaxşı tərəfdən göstərməklə gələcək karyeraları baxımından böyük addım atmış olacaqlar”.

Təcrübəli mütəxəssis “A” qrupunda Portuqaliya, Belçika və Şotlandiya mübarizə aparacaq Azərbaycan millisinin şanslarını da dəyərləndirib: “Avropa çempionatında zəif komanda olmur. Rəqiblərimizin hər biri hegemon, yəni futbol ənənələrinə malik olan olan ölkələrdir. Amma bu, komandamızın şanssız olması demək deyil. Əvvəla, bu yaşda olanlar böyük futbolda ilk addımlarını atanlardır. 17 yaşlı futbolçuların mübarizəsində sürpriz nəticələr daha tez-tez qeydə alına bilər. Digər tərəfdən də bu yaş qrupu üzrə komandalarda dünya səviyyəli ulduzlar çıxış etmir. Hansı ki, təkbaşına oyunun taleyini həll edə bilsin. Azərbaycan millisi ilk oyununu Portuqaliyaya qarşı keçirəcək. Bu komandanın güclü olması heç kimə sirr deyil. Yığmamız qrup ikinciliyi uğrunda Belçika və Şotlandiya ilə mübarizə apara bilər. Şanslar barədə ilk oyunlardan sonra dəqiq söz demək daha doğru olar. İstənilən halda, Azərbaycan yığması rəqiblərə asanlıqla təslim olmayacaq”.

Arif Əsədov gənclər arasında Avropa çempionu olmuş azsaylı azərbaycanlı futbolçulardandır. Veteran futbolçu hesab edir ki, bu gün azərbaycanlı futbolçuların onun uğurunu təkrarlaması çətindir: “Bu gün gənclərimizin Avropa çempionu olması çox çətindir. Çünki biz SSRİ yığmasının tərkibində çıxış edirdik. Həmin komandaya 15 ölkənin ən yaxşıları dəvət alırdı. Yığmaya düşmək üçün biz üzərimizdə ikiqat çalışırdıq. Üstəlik, böyük turnirlərdə bürünc, hətta gümüş medal da SSRİ millisi üçün uğursuzluq hesab olunurdu. Hədəf yalnız çempionluq idi”.

Əsədov qeyd edib ki, bu gün millimizin Avropa çempionatında 1/4 finala adlaması uğur hesab olunacaq: “Açıq danışsaq, bu gün Avropa çempionu olmağımız çətindir. Hesab edirəm ki, qrupdan çıxmaq Azərbaycan millisi üçün uğur hesab olunacaq. Şotlandiya və Belçika milliləri zəif deyillər. Bununla belə, komandamız sona kimi rəqiblərə qarşı tam gücüylə mübarizə aparacaq”.

Arif Əsədov U-17 yığmamızın üzvlərinə məsləhət də verib: “Futbolçularımız ilk növbədə rəqibdən çəkinməməlidirlər. Rəqib futbolçuların da bizim oyunçular kimi 2 ayağı, 2 əli var. Ona görə də rəqibdən qorxmaq olmaz. Futbolçular özlərinə inanmalıdırlar. Üstəlik, azarkeş dəstəyi də yığmamızın tərəfində olacaq. Fürsətdən istifadə edib, bütün azarkeşləri yığmamıza dəstək olmağa, çətin oyunlarda komandamızı yalnız qoymamağa çağırıram. Avropa çempionatında bir çox klubların skautları olacaq. Özlərini yaxşı tərəfdən göstərəcəkləri təqdirdə, futbolçularımız karyeralarını gələcəkdə Avropanın qabaqcıl klublarında davam etdirə bilərlər. Odur ki, bu fürsəti əldən vermək olmaz. Bizim vaxtımızda belə fürsət yox idi. Avropa klublarından təklif gəlsə də, SSRİ-dən qırağa çıxa bilmirdik. Hazırda gənclərimiz üçün əla fürsət yaranıb”.

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31