19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

Ağasəlim Mircavadov: "Neftçi"nin nəticələri adamı təəccübləndirir"

Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov Qol.az saytına müsahibə verib. Təcrübəli mütəxəssis klublarımızın hazırlıq prosesini və Topaz Premyer Liqasının geridə qalan hissəsindəki şanslarını dəyərləndirib.
 
- Başlayaq "Qarabağ"dan. Antalya toplanışı çərçivəsində yoxlama oyunlarının heç birində qələbə qazana bilmədi...
 
- Bilirsiniz, gərək, klubların hazırlıq dövründə keçirdiyi oyunlarına canlı baxasan ki, informasiyan olsun. Biz bütün məlumatı mətbuatdan oxuyuruq. Qış fasiləsindəki hazırlıq bir qədər fərqli olur. Komandaların yoxlama oyunlarındakı nəticələri həyəcan yaratmamalıdır. Çünki qış fasiləsində klublar daha çox fiziki, taktiki-texniki məşqlərə üstünlük verirlər. Məncə, "Qarabağ"da əsas məsələ Dino Ndlovunun komandadan ayrılması oldu. Digər tərəfdən, müdafiənin mərkəzində də problem ola bilər. Çünki Bədavi Hüseynov hələ hazır deyil. Amma Qurban Qurbanov öz işini yaxşı bilir. Düzdür, komanda yoxlama oyunlarında qələbə qazan bilmədi. Amma bu o demək deyil ki, "Qarabağ" pis hazırlıq keçib. Hər şey çempionatın ilk turunda bilinəcək.
 
- Bəs "Qəbələ" haqda hansı fikirdəsiniz?
 
- Eşitdiyimə görə, 1-2 transfer etmək istəyirlər. Bir məqamı qeyd edim ki, klublarımız Antalyada güclü rəqiblərlə qarşılaşmağa çalışırdılar. Bu, yaxşı haldır. Çünki səviyyəli komandalarla oyunlarda çatışmazlıqlar daha tez üzə çıxır. "Qəbələ" güclü komandalarla görüşlərdə qüvvəsini sınayıb. Qriqorçukun müsahibəsini oxudum. Uduzduqları oyunda komandasından razı qaldığını deyib. Bu da başa düşüləndir. Deməli, istədiyini ala bilib.
 
- Yeri gəlmişkən, çempionatın 2-ci hissəsinin ilk turunda "Qarabağ" və "Qəbələ" üz-üzə gələcəklər...
 
- Bizi çox maraqlı oyun gözləyir. Əgər "Qarabağ" qələbə qazansa, xal fərqi bir az da aratacaq. Bu isə o deməkdir ki, intriqa azalacaq. Ancaq "Qəbələ" udsa, çempionluq yarışı yenidən qızışacaq. Bu mənada, fasilədən sonrakı ilk tur çox şey vəd edir.
 
- "Zirə"nin hazırlıq prosesi və hazırkı durumu 3-cü pillədəki mövqeyini qoruyub-saxlamağa imkan verəcək?
 
- Mən düşünürəm ki, "Zirə" 3-cü pilləni əldən verməyəcək. Komanda Antalyada yaxşı hazırlıq dövrü keçib. Çempionatın birinci hissəsində də pis təsir bağışlamadılar. Stabil komandadır, məncə, mövqeyini qoruyub-saxlayacaq.
 
- "Neftçi"də baş verənlərdən, yəqin ki, xəbərdarsınız. "Ağ-qaralar" Antalya toplanışı ərzində keçirdiyi bütün yoxlama oyunlarında məğlub oldular. Xüsusilə Rusiyanın "SKA-Xabarovsk" klubuna 1:8 hesablı məğlubiyyət geniş müzakirələrə səbəb oldu...
 
- "Neftçi"nin rəhbərliyi, məşqçiləri var. Onlar vəziyyəti məndən də yaxşı bilirlər. Yoxlama oyunlarında nəticə önəmli deyil. Mən özüm də baş məşqçi olanda əsas oyunu düşünürdüm. Komandanı inkişaf etdirib, çempionatda qələbə qazanmaq lazımdır. Düzdür, "Neftçi" bütün oyunlarda məğlub oldu. Biz həmişə "Neftçi"yə çox fikir vermişik. Çünki bizim tariximizdir. Hamı istəyir ki, "Neftçi" yaxşı olsun, birinci yer uğrunda mübarizə aparsın. Oyunlarına baxmamışam. Amma nəticələr adamı təəccübləndirir. Fasilədən sonra ilk oyunları "Kəpəz"lədir. Maraqlı oyun olacaq.
 
- "Kəpəz"dən söz düşmüşkən, bu komandada da ciddi dəyişikliklər oldu. Gəncə klubu da "Neftçi" kimi Antalyada biabırçı məğlubiyyətlə üzləşdi, Polşa "Yagelloniya"sına 1:8 hesabı ilə uduzdular. "Kəpəz"in şanslarını necə dəyərləndirisiniz?
 
- Fasilədə "Kəpəz"i xeyli futbolçu tərk etdi.Təxminən bir o qədər də transfer etdilər. Yeni komanda yaratmağa çalışırlar. Məncə, "Kəpəz" rəhbərliyi növbəti mövsümü fikirləşir, buna çalışır. Əsas məqsədləri növbəti mövsümdə uğurlu çıxış etməkdir. Çünki bir aya komanda düzəlmir. Qışda transfer çox çətin başa gəlir. Futbolçuların klubları ilə müqavilələri olur. Amma 1-2 mövqeni gücləndirmək olar. Məncə, Yunis Hüseynov da bunu düşünür. Dieqo Souzanı Azərbaycana ilk mən gətirmişəm. Çox istedadlı futbolçudur. Yunis onun iş qabiliyyətini bilir. Ona görə, də dəvət edib. Bu, yaxşı cəhətdir.
 
- Fasilədə heyətlə bağlı ciddi dəyişikliklər edən digər komanda "Keşlə" oldu. Yeni baş məşqçi, yeni futbolçular...
 
- "Keşlə"nin oyunlarına Bakıda baxmışam. Dəyişikliklər hiss olunur. Yuri Maksimov yeni məşqçidir. Axtarışları davam edir. Rauf Əliyevi transfer etmək istəyirdilər, razılığa gələ bilmədilər. Hücum xəttində problem var idi, onu legioner futbolçu ilə aradan qaldırdılar. "Keşlə"nin əsas hədəfi kubokdur. Avroliqaya yolları oradan keçir. Çempionatda isə yaxşı yerlərə heç bir ümidləri yoxdur. Hiss olunur ki, komanda həvəslidir. Üçüncü dövrənin startı bir çox suallara aydınlıq gətirəcək.
 
- "Sumqayıt"dan nə gözləmək olar?
 
- "Sumqayıt"dan hər şey gözləmək olar. Onlar həm 4-cü pilləyə iddialıdırlar, həm də kubokda şansları var. Sadəcə, sabit oynamalıdırlar. Burada psixoloji durum da önəmlidir. Kubokun yarımfinalında "Keşlə" ilə oynayacaqlar. Finala adlaya bilərlər. 4-cü yerdən Avroliqaya getmək şansları da qalır. Hər şey özlərindən asılıdır.
 
- Son olaraq, "Səbail" haqda da fikirlərinizi bilmək maraqlı olardı...
 
- Bakıda Samir Əliyevlə 1-2 dəfə görüşmüşəm. Problemləri var, özü də deyir. Yeni komandadır. Hər şeyi birdən-birə etmək olmur. Amma Samir işləyən oğlandır. Bir neçə çempionat oyunlarına baxmışam. Onlara da yaxşı futbolçular lazımdır. Düzdür, çox şey maliyyədən asılıdır. Sevindirici haldır ki, bu qış bütün klublar Antalyaya getdilər. Deməli, maliyyə durumları pis deyil. Nə qədər xarici klublarla oynasalar, bir o qədər inkişaf olar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31