2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Minifutbol

“Gəmini birinci tərk edən” və dəyişilməyən kapitan

Cavid Hüseynovun "Report" agentliyinə müsahibəsini oxudum. İddia edir ki, o “Qəbələ”dən ayrıldıqdan sonra "kapitanın gəmini birinci tərk etməsi" fikrini ortaya atan 3-5 nəfərdi və bu fikirdə olanlar yalan danışırlar. Həmin fikirdə olan biri kimi bu səhnə mənə Cavidin həbs olunmamışdan öncəki sonuncu müsahibəsini ("Apollon"la oyundan sonrakı) xatırlatdı. Həmin vaxt Kiprdəki oyundakı jestinə görə çoxları Hüseynovu xalq qəhrəmanı elan etmişdi. Mən isə əks fikirdəydim. Cavidə bununla bağlı sual verəndə "Məni tənqid edənlər gedib qanlarını yoxlatdırsınlar" cavabını vermişdi. Həmin vaxt dərhal etiraz etdim və aramızda təxminən belə bir dialoq yaşanmışdı:

- Cavid, səni tənqid edən biri elə mən, xeyir ola qanımı yoxlatdırmalıyam?

- Sən nəyə görə məni tənqid edirsən ki?

- Çünki mənə görə sən peşəkar oyunçuya yaraşmayan hərəkət eləmisən. Sən komandanın kapitanı, ən vacib oyunçularından birisən. Etdiyin jestə görə UEFA tərəfindən cəzalanacaqsan və vacib məqamda, Avroliqanın pley-off mərhələsində "Qəbələ"yə kömək edə bilməyəcəksən. Halbuki futbolçusan və işin meydanda komandaya kömək etməkdi.

- (bir az dayanıb) Səhv başa düşdün, mən o sözü tənqid yox, təhqir edənlərə deyirdim...

Bu söhbətdən az sonra Cavid həbs olundu. Bir anda dünənin Xalq qəhrəmanı çöndü oldu "qatil". Cavidin ilk məhkəməsi bugünkü kimi yadımdadı. Bakı Apellyasiya Məhkəməsinin qapısından jurnalistləri, yaxınlarını içəri buraxmırdılar. Dəyərli dostumuz Mehman Muradlının sayəsində həyətə keçə bilmişdik və gördüklərim mənə çox pis təsir etmişdi. Bir neçə gün əvvəl xalq qəhrəmanı olan insanın indi 3 metr səndən aralıda, sınıxmış vəziyyətdə, əli qandallı dayanması dəhşətli səhnə idi. Və həmin vaxt "Unutduğunuz, tək buraxdığlnız Cavid" adlı balaca bir yazı cızma-qara eləmişdim.

Günlər ayları əvəzlədi, aramızdakı o dialoqa baxmayaraq, Cavidin həbsini haqsız sayırdım və 1 il 4 ay ərzində ədalətin bərpası üçün bir jurnalist kimi əlimdən gələn nə vardısa, az da olsa etməyə çalışdım. Yuxarıda adını çəkdiyim Mehman Muradlının Cavidin günahsız olması ilə bağlı yazıları oldu və əminliklə deyə bilərəm ki, ictimaiyyətin “Qəbələ”nin kapitanına qarşı müsbətə doğru fikrinin dəyişməsində bu yazıların çox böyük rolu oldu. 1 il 4 ay sonra haqq-ədalət yerini tutdu və Hüseynov azadlığa çıxdı. Geridə qalan müddət ərzində hər məhkəmədən sonra Cavidin anasının, dayısının, onu sevənlərin məyus qayıtmaları ürəkağrıdıcı mənzərə idi. Və nəhayət, onların da, Cavidin də səbirsizliklə gözlədiyi gün gəldi çıxdı. 2016-cı ilin 12 oktyabrında Hüseynov azadlığa çıxdı.

Düzdü, yaxınlarının söz verdiyi kimi həbsdən sonra ilk müsahibəsini mənə vermədi. Amma buna görə zərrə qədər də ondan incimədim. Həyatdı. Amma indiki mənzərə üzücüdü. Görünür, geridə qalan 4 il artıq sabiq “Qəbələ”li olan futbolçunun düşüncə tərzində dəyişiklik etməyib. Bu gün Cavid yeni ittihamçı mövqeyindədir. İddia edir ki, o, batan gəmini birinci tərk etməyib. Adım kimi əminəm ki, Cavid “Qəbələ”də qalmaq, hətta iddiasız olsa belə, komandada oynamaq istəsəydi, heç kim onu göndərməyəcəkdi. Futbolçu “aramızda pul söhbəti olmayıb” deyir. Əminəm olmayıb. Çünki “Qəbələ”nin sənin üçün nə etdiyini bilənlər bilir, Cavid. Xüsusən də o 1 il 4 ayda...

İBRAHİM




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31