2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Minifutbol

Sevgililər günündə dünyaya gələn bizim “Torres”

Bilmirəm təsadüfdür, yoxsa nədir, ad günü təbriki yazdığım bu dəyərli həmkarım da televiziya sahəsindən, 1984-cü il təvəllüdlü insandır. Maraqlıdır, Ismayil Abdullayev, Mehman Rasulov və Sanan Shafizadenin ad günləri son 4 günə təsadüf etdi. Yəni sevgililər günündə dünyaya gələn Sənanın da həmyaşıdları kimi 31 yaşı tamam olur.

Müxtəlif idman növlərində ilkləri

Şəfizadə artıq 15 ildir mətbuatda olsa da, uzun illərdir çalışdığı ATV-də tanındı və məşhurlaşdı. 2004-cü ilin sentyabrın 27-də ilk dəfə efirə çıxan Sənan 11-ci ildir bu telekanala, onun idman şöbəsinə bağlıdır. O, təkcə futbolda yox, idmanın bir çox sahələrində diqqət mərkəzində olub.

Bununla belə, Şəfizadənin daha çox bağlı olduğu idman növləri var. O, kişi şahmatçılarımız Serbiyada Avropa çempionu olduqları zaman yarışı keçirilən məkandan işıqlandıran yeganə azərbaycanlı jurnalist olub. “Birlik kuboku” turnirində Azərbaycana son zəfəri yaşadan “İnter”in Sankt-Peterburqdan oyunları məhz ATV-də, məhz Sənanın şərhində canlı təqdim olunub. Bu matçlar arasında Ermənistanın “Mika” üzərində 4:0 hesablı tarixi qələbəmiz ən yaddaqalan olub. Elnur Məmmədov Pekin Olimpiadasından çempion kimi qayıtdıqdan sonra Sənana verdiyi sözə əməl edərək, həmin gün ilk olaraq ATV-nin canlı efirində onun qonağı olub.

Həvəskar boksçu, peşəkar boksda aparıcı

Son vaxtlar isə səbəbkarı daha çox boks turnirlərində aparıcı kimi görürük ki, bu da təsadüfi deyil. Axı Sənan tələbəlik vaxtında boksla həvəskar səviyyədə də olsa məşğul olduğundan, bu idman növünə biganə deyil. Bunun nəticəsidir ki, Şəfizadə “Bakı Fires” peşəkar boks klubunun ev oyunlarının daimi aparıcısıdır. Onun işi Ümumdünya Boks Seriyası tərəfindən yüksək qiymətləndirilib. Sənan bir sıra digər idman növlərində, habelə idmançıların, idman qurumlarının və mətbu orqanlarının tədbirlərinin da aparıcısı olub.

Mahir masabəyi olan Şəfizadə idarə etdiyi məclisi yaxşıca ələ ala bilir. O, artıq idmandan kənarda, şou-biznesdə də yaxşı tanınır, necə deyərlər, əsl şoumenə çevrilib Təbii ki, Sənan bütün bunlara istedadının, bacarığının, zəhmətinin nəticəsində nail olub. Bununla da o, biz idman jurnalistlərinin fəxrinə çevrilib. Sənanda ən çox xoşuma gələn cəhətlərdən biri geniş dünyagörüşünə malik, çox məlumatlı olmasıdır. Yəni idmana tam aidiyyatı olmayan sahədən nəyləsə maraqlansan, nəyisə soruşmaq istəsən, Şəfizadəyə müraciət etmək yetərlidir ki, o da sənə yardımçı olsun.

Müdir sarıdan bəxti gətirən fəlsəfə doktoru

Mən daha çox futboldan yazdığımdan Şəfizadə ilə də məhz bu idman növündə tanış olmuşam, dostlaşmışıq, dəfələrlə birgə səfərlərdə olmuşuq. Onunla ölkə xaricinə yolumuz “Bakı” klubuyla düşüb. Bu komandanın Çempionlar Liqasında debüt etdiyi 2009-cu ilin iyulunda Litvaya “Ekranas”la, Bolqarıstana “Levski” ilə səfərləri mənim üçün Sənanla birgə ən unudulmaz səfərlərdəndir. Bu siyahıya 2010-cu ilin yanvarında Moskvaya “Birlik kuboku”na yollanmağımızı da əlavə edə bilərəm. Sənan son vaxtlar futbolda da mahir aparıclığını nümayiş etdirib. Belə ki, milli komandamızın oyunları, “Qarabağ”ın avrokuboklarda matçları zamanı Şəfizadə stadionda məharətini göstərib, azarkeşlərimizi qələbəyə səsləndirib. Ağdam klubunun xüsusilə qrup mərhələsində uğurlu çıxışında Sənanın da az əməyinin olduğunu desək, yanılmarıq.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunu olan Şəfizadə ötən il ixtisası üzrə - sənətşünaslıq üzrə dissertasiyanı müdafiə etdi. Bununla da o, idman jurnalistikasında fəlsəfə elmləri doktoru olmaqla ilkə imza atdı. Hesab edirəm ki, Sənanın bu səviyyəsində özüylə yanaşı, 11 ildir birgə çalışdığı dostumuz Ilkin Xalilovun böyük rolu olub. Belə demək olar ki, səbəbkarın müdir baxımından bəxti gətirib. Sənan televiziyada ilk addımlarını İlkin kimi istedadlı jurnalistin yanında atıb. Xəlilov Şəfizadənin püxtələşməsinə öz töhvəsini verib, ona daim dəstək olub, heç vaxt mane olmayıb. Şəfizadənin idman mediasında “Torres” ləqəbinin yaranmasında da həmkarının bağlılığı olub. Düzdür, Sənan xarci görünüşcə bənzədiyi milli komandamızın braziliyalı sabiq baş məşqçisi Karlos Alberto Torres kimi dünya çempionu olmasa da, öz işində çempion olduğunu deyə bilərəm. Həmişə belə öndə olasan, bizim "Torres"..

Mehman SÜLEYMANOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31