2 May 2024, Cümə axşamı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə
Emin Mahmudov niyə oynamır?

Ölkə futbolu

Yens Andersson: “Sizə söz verə bilmərəm ki, qruplarda oynayacağıq”

"Neftçi"nin idman direktoru Yens Andersson bu gün mətbuat konfransı keçirib.

Futbolxeber.az saytının məlumatına görə, “Neftçi Arena”da baş tutan tədbirdə isveçli funksioner əvvəlcə klubdakı ilk altı ayını dəyərləndirib:

“İlkin təəssüratlarımı sizinlə bölüşəcəyəm. Eləcə də bu günə qədər gördüyümüz işlərdən və gələcək planlarımızdan söhbət açacağam. Öncə onu qeyd edim ki, bu cür böyük kluba gəlmək, çox həyəcanvericidir. "Neftçi"nin zəngin tarixi var. Yeni ölkəyə gəlmək çox çətin ola bilər. Amma əvvəlki klublardan da belə təcrübəm olub. Burada məni çox yaxşı qarşıladır. “Neftçi”də yaxşı işləmək üçün imkanlarımız var. Geridə qalan müddətdə klubda bir neçə islahat həyata keçirmişik. Amma mən daha çox çalışdığım idman departamentinin fəaliyyəti haqda danışacağam”.

O, əvvəlcə idman departamentinin strukturunu dəyişdiklərini söyləyib: “Burada təbii ki, əsas, əvəzedici heyət var. Bundan başqa, transfer komitəsi fəaliyyət göstərir. Bura skautinq də daxildir. Bu departamentə daha birini n əlavə edə bilərik. Hansı ki, klubun idman qurğuları ilə məşğul olacaq. "Neftçi"yə ilk gələndə şəraitlə bağlı təəccübləndim. Bizim təlim-məşq bazasında çox gözəl binamız var. Amma təəssüf ki, binanın içi tamamilə boş idi, ondan istifadə edə bilmirdik, biz konteynerlerdə çalışırdıq. Bu, klub üçün yolverilməzdir, düzgün deyil. Bazanın təmirinə zaman və resurslar, pul ayırdıq. Əvvəldən də təmir planlaşdırılırdı. Planı dəyişdik və bazanın birinci mərtəbəsində kifayət qədər yeniliklər etdik. Bunun sayəsində oyunçuların gündəlik işlərini mümkün qədər peşəkar etməyə çalışırıq ki, bu, "Neftçi"də çalışma mədəniyyəti yaratsın. Eyni zamanda, klubda yeni skaut fəaliyyətinə kifayət qədər vaxt və diqqət ayırmışıq. Biz uzunmüəddətli transfer mövsümünə daxil olacağıq”.

Yens Andersson “Neftçi”nin hazırkı heyətində yaşlı oyunçuların çoxluq təşkil etdiyini bildirib: “Bizim üçün əsas olan potensialla təcrübənin balansını yaratmaqdır. Bu dəqiqə skaut komandamızı maraqlandıran məsələ, düzgün xarakterə malik olan oyunçular tapmaqdır. Çünki indiki bazamızda əvvəlki dönəmlərlə müqayisədə daha çox çalışmaq lazım olacaq. Xatırlayırsızsa, ilk konfransımda demişdim ki, əvvəlcədən danışmağı xoşlamıram. İşləyib, daha sonra onun haqda danışmağı xoşlayıram. İndi isə danışmağın zamanıdır. Başa düşürəm ki, hazırda klubda müəyyən qədər narahatçılıq, qəzəb var. Bəzən bu narazıçılıq və qəzəb klubdaxilində də olub. Çünki yaxşı nəticələr gözləyirik. Böyük klublarla da uzunmüddətli uğur əldə etmək üçün qısamüddətli uğur da əldə etmək lazım olur. Hazırda daha çox uzun məsafəli hədəflərimizə daha çox enerji, vaxt ayırırıq. Qarşıdakı illərdə bunun önəmini görəcəyik. Bazanın qurulmasına çox vaxt sərf edirik. Təbii ki, bunun nəticəsini sabah "Zirə" ilə görüşdə görməyəcəksiniz. Bəzən olur ki, irəliyə iki addım atmaq üçün geriyə bir addım atmaq lazım gəlir”.

Daha sonra Y.Andersson jurnalistlərin suallarını cavablandırıb: 

- İdman departamentində sizdən başqa daha iki nəfər var: Kamil Məmmədov və Zaur Əzizov. Həm sizin, həm də onların fəaliyyəti nədən ibarətdir?

- Adını çəkdiyiniz şəxslərdən başqa da departamentdə çalışanlar var. Mənim əsas vəzifəm ümumi idman departamentinin fəaliyyətini istiqamətləndirməkdir. Kamil və Zaur fərqli sahələrdən gələn, fərqli təcrübələri olan insanlardır. Zaur əvvəl idman direktoru kimi çalışıb. Kamil isə digər istiqamətlərdə işləyib. Mən yerli deyiləm, ona görə onların təcrübəsi çox dəyərlidir. Onlar təcrübələri ilə mənə dəstək verirlər. Zaur mənə daha çox klubdaxili məsələlərdə kömək edir. Akademiyada insanları tanıyır, gündəlik işləri həyata keçirməkdə kömək olur. "Neftçi" kimi böyük klublarda bir şəxslərdən ibarət şou olmamalıdır, komanda işi olmalıdır. Zaurla Kamilin də bu işdə böyük əməyi var. Amma təbii ki, veriləcək böyük qərarların yeganə məsuliyyət daşıyanı da mənəm. Hansısa oyunçu haqqında qərar verməyə gəldikdə, öz skaut komandamızla fikir alış-verişi edəcəyəm, sonda məşqçinin fikrini də soruşacağam. Oyunçunun məvacibi, yaşını nəzərə alaraq, yekun qərarı mən qəbul edəcəyəm.

- "Neftçi"nin cari mövsüm etdiyi trabsferlər arasında bərbad və yararsız olanları da var. Ümumilikdə reallaşdırılan transferləri necə dəyərləndirirsiniz?

- 13 oyunçunu da dəyərləndirmək üçün kifayət qədər vaxtım olmayıb. Qışda Brayan Moreno və Alfa Konte gəldi "Neftçi"yə. Bu oyunçuların hər ikisi gəncdir. Onların xarici klublarda oynamaq təcrübəsi var idi. Düzdür, böyük deyildi. Təbii ki, ölkəyə, liqaya, Azərbaycan mədəniyyətinə öyrəşmələri üçün müəyyən qədər vaxta ehtiyacı var. Skautinqdə ən çətin məqam odur ki, oyunçunu transfer edəndə, sizin liqanıza, oyun tərzinizə adaptasiya müddəti nə qədər çəkəcək. Brayan Morenonun oyunun müəyyən qədər görmüşük. Konteni də izləmək şansımız daha çox olacaq. Amma onlar cəmi üç aydır ki, buradadırlar. Mənim bu yaş qrupunda olan oyunçulardan çox xoşum gəlir. Təcrübə və potensialın balansını qorumağa çalışırıq. Yay transferlərinə gəldikdə isə, həmin dövrdə "Neftçi"də deyildim, amma bu transferlə barədə mənə məlumat verilib. Mənə deyildi ki, çox qısa vaxtda transferlər oldu və məşqçinin də onlarla çalışmaq üçün çox imkanı olmadı. Hazırlıq üçün qısa vaxt oldu. Təbii ki, adətən məşqçinin təsdiqlədiyi, bəyəndiyi oyunçuları almaq lazımdır. Əks təqdirdə, bu, problemlər yarada bilər. Bunun səbəblərindən biri qısa hazırlıq vaxtının olması idi. Oyunçunu qiymətləndirməyin ən doğru vaxtı, onun klubu tərk etdiyi vaxtdır. Transferlərdən cəmi üç ay keçib. Məsələn, Andre Şinyaşiki son zamanlar daha yaxşı oynamağa başlayıb. Çünki müəyyən qədər adaptasiya dövrü keçib.

- İdman direktorunun infrastrukturdan, binanın inşasından danışması qəribədir. Sanki inşaata daha çox meyillisiniz. Ümumiyyətlə, təcrübənizdə idman direktoru bazanın inşası ilə məşğul olması halı ilə qarşılaşmısınız?

- Bazanın inşası ilə bağlı təcrübəni İsveç və Danimarkada yaşamışam. Biz bazanın aşağı mərtəbəsinin eskizlərində də müəyyən dəyişikliklər etdik. Öz gündəlik işlərimizdə ehtiyacımız olan şeyləri bilirik və "Beşiktaş"lı həmkarlarımızdan müəyyən məsləhətlər almışıq. Yeni baza "Neftçi" üçün həlledici məqam olacaq. Çünki gündəlik işlərdə bazanın rolu çox böyükdür. Bu, "Neftçi" üçün yüksək nəticələr verəcək.

- Azərbaycan Qarabağ problemini həll etdi, amma "Neftçi" baza problemini həll edə bilmədi. Bazanız tam olaraq nə vaxt hazır olacaq?

- Hazırda orada işçilər çalışır. Çox sürətli işlər gedir. Əvvəlki ssenaridən fərqli olaraq, dəyişiklik baş verir. Bina çox böyükdür, 6 mərtəbədən ibarətdir. Top komanda üçün hər şərait olacaq. Bazanın binası çox böyükdür. Mənə lazım olan üç mərtəbədir. Yeni mövsümə qədər birinci mərtəbə hazır olacaq. İkinci və üçüncü mərtəbənin də inşası payızda yekunlaşacaq. Əsas bizə lazım olan ilk üç mərtəbədir. Komanda yeni mövsümün əvvəlində bazaya köçəcək.

- Şinyaşiki 21 oyun 1 qol, Moreno 10 oyun 2 qol, Konte 8 oyun qol yoxdur, Melano 10 oyun qol yoxdur, Mirzov 18 oyun qol yoxdur. Ümumilikdə 5 hücumameyilli futbolçu, 67 oyun və 3 qol. Həqiqətənmi “Neftçi” üçün normal bir hücumçu, normal bir vinger tapmaq bu qədərmi çətindir?

- Futbol çox çətin oyundur. Etiraf edim ki, keçən mövsüm bizim üçün uğurlu deyildi. Skaut fəaliyyətində çox böyük fərq yaradır ki, bir-iki oyunçu alırsınız, yoxsa 10 oyunçu. Həm də klubdan kluba da fərq var. Məsələn, "Bayer"ə oyunçu transfer etməklə bizim kluba futbolçu transfer etmək çox fərqlidir. Çünki onlar formalaşmış komandaya gəlirlər. Formula-1 maşını kimidirlər. Bizim vəziyyətimizdə olan klublarda oyunçuların bir-birinə alışması üçün zaman lazımdır.

- Sosial şəbəkələrdə maaşınız müzakirə olunur. 1 milyon avroya yaxın məvacib aldığınız deyilir. Bu söz-söhbətə son qoymaq üçün maaşını açıqlaya bilərsiniz?

- İndiyə qədər heç vaxt mətbuatda maaşımı müzakirə etməməm, etməyəcəm də. Klub etimad göstərib, buradakı işimdən çox razıyam.

- Komandanı yayda kimlər tərk edəcək?

- Əgər göndərilməsi nəzərdə tutulan futbolçuların  “qara siyahı”sını nəzərdə tutursunuzsa, məndə yoxdur. Onu jurnalistlərdən soruşun. Bizim oyunçularımızın bəzilərinin müqaviləsi bitir. Yeni mövsüm üçün müqavilələri olanlar da var. Bizimlə davam edəcək oyunçular da bilər. Onları dəyərləndirib, daha sonra qərar qəbul edəcəyik.

- Gələcək planlarla bağlı danışdınız. Bütün bunlar müqavilənizin olduğu iki il ərzində baş verəcək?

- Bütün görülən işlər gələcəyə hesablanıb. Uzunmüddətli nəticələr üçün qısamüddətli işlər də görmək lazımdır. Təbii ki, uzunmüddətli və qısamüddətli uğurların balansını tapmağa çalışırıq. Böyük klublardan gözləntilər böyük olur. Bu müddət ərzində uğur əldə etməsəm, buradakı işim də çox davam etməyəcək. Bunu anlayıram. Təbii ki, komandanı sıfırdan yeniləmək, minimum 3 transfer pəncərəsi tələb edir. Futbolda asan yollar yoxdur. Bəzən irəliyə iki addım atmaq üçün geriyə bir addım geriyə atmalıdır. Biz də bunu edirik.

- "Neftçi" ölkədə ən böyük futbol akademiyasına malik komandadır. Niyə akademiyadan əsas komanda üçün oyunçu çıxmır?

- Bu da böyük klublar üçün verilən suallardandır. Hamı istəyir ki, öz oyunçularını yetişdirsin. Amma kənardan da klubdan gözləntilər çox böyükdür. Ağadadaş Salyanski, Fərid Yusifli, İsmayıl Zülfüqarlı kimi oyunçularımız var. Onlar akademiyada yetişən yaxşı nümunələrdir. İsmayılla Fərid təcrübə qazanıb, yenidən komandaya qaytarılacaq. Akademiyanın inkişafına da ciddi diqqət ayıracağıq. Biz də öz oyunçularımızı yetişdirmək istəyirik.

- Miodraq Bojoviçin yeni mövsüm üçün komandada qalıb-qalmaması sizin fikrinizdən asılı olacaq?

- Bəli.

- Bəs o, baş məşqçi vəzifəsinə gətirilərkən sizin fikriniz öyrənilmişdi?

- Bəli, öyrənilmişdi. Hər həftə qiymətləndirmə aparıram. Pis təcrübə var ki, qərar o zaman verilir ki, artıq qərar verilməlidir. Biz isə işimizi öncədən görürük, qiymətləndirmə aparırıq. Hazırda mövsümün sonuna 6 tur qalıb. Bunun nəticəsində baş məşqçinin işini qiymətləndirəcəyik.

- "Neftçi" çox qısa müddətdə oyunçu seçir. Transfer siyasətində bu dəfə fərqlilik nə olacaq?

- Skautinq sistemində 12-14 əsas prinsip var. Bizim əsas prinsipimiz canlı olaraq oyunçuları görməkdir. Onların xarakteri də önəmlidir. Kompüter vasitəsilə onları filtirdən keçirə bilərik, amma canlı da görmək istəyirik. Videoda onları topsuz görmürük. Transferləri şəxsən tanıyaraq seçmək istəyirik.  Bizim qısamüddətli hədəfimiz odur ki, hər oyuna qələbə əzmi ilə çıxaq. Hazırda gələcək heyətimizi planlaşdırmaq istiqamətində çox çalışırıq. Avrokuboklarda təsnifat mərhələləri tez başlayır. Yeni mövsümün çalışmalarına artıq başlamışıq. Burada oturub sizə söz verə bilmərəm ki, qruplarda oynayacağıq.

- Azarkeşlərin “Neftçi”nin əsas komandasını boykot etməsini necə şərh edə bilərsiniz?

- Böyük azarkeş kütləsi olan klublarla iş təcrübəm olub. Azarkeşləri çox olan klublarda çalışmağı sevirəm. Təcrübə etmişəm ki, kluba olan azarkeşlik bəzən qəzəbə, bəzən narazılığa da çevrilə bilər. Bunu çox yaxşı anlayıram və böyük hörmətlə yanaşıram. Amma şəxsi fikrim belədir ki, boykot narazılığı ifadə etmək üçün ən yaxşı üsul deyil. Çünki klubu sevirsinizsə, həm yaxşı, həm də pis zamanlarda klubun yanında olmaq lazımdır. Bura gələndə, "Neftçi"nin oyunlarında atmosferi görəndə, müsbət mənada çox təəccüblənmişdim. Özüm də görürəm ki, oyunçular stadiondakı həmin atmosfer üçün darıxırlar. İnanıram ki, azarkeşlərimiz geri qayıdacaqlar. İstəyərək ki, onlar stadionda görək. "Zirə" ilə görüşdə onların dəstəyini görmək istəyərdik. Klub uğur əldə etmək istəyirsə, birlik olmaq lazımdır. Bütün azarkeşlərimizin sabahkı oyunda stadionda olmasını istəyərdim.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31