27 Aprel 2024, Şənbə
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Ölkə futbolu

"Açığı, mən də düşünürdüm ki, Azərbaycan çempionatında "bir ayaqla" oynayacam"

“Səbail”in müdafiəçisi Adi Mehremiçin Futbolxeber.az saytına müsahibəsi

 

- Azərbaycan Premyer Liqasının son turunda “Neftçi”yə 0:3 hesabı ilə uduzdunuz. Komandanızın 2024-cü ildəki ilk böyükhesablı məğlubiyyətini necə şərh edərdiniz?

- 0:3 hesablı məğlubiyyəti şərh etmək heç də asan deyil. Matça pis başlamamışdıq. Sadəcə uşaq səhvlərindən sonra qapımızda 2 qol gördük. Bir qədər konsentrasiya çatmadı. Halbuki daha aqressiv olmaq lazımdır. Xüsusən də cərimə meydançasının daxilində.

- İkinci hissədə tamamilə üstün oynasanız da, geridönüş etmək mümkün olmadı...

- İlk hissədən sonra “Neftçi”yə 0:2 uduzursansa, ikinci hissədə geridönüş etmək çətindir. Halbuki qalib gəlib üçüncü dövrəni ikinci pillədə də başa vura bilərdik. Oyunun əvvəlindən toparlanmaq lazımdır. Hər dəfə ilk qolu rəqib vurur və biz sonradan geridönüş etməyə çalışırıq. Bu isə hər matçda alınmır. Buna görə də çalışmalıyıq ki, ilk dəqiqələrdən diqqətli olaq, hesabı biz açaq ki, sonradan işimiz bir qədər asan olsun.

- Təxminən 60-cı dəqiqədə Ramalinqom yüzfaizli qol epizodunu boşa verdi. Həmin anı matçın qırılma nöqtəsi hesab etmək olar?

- Həmin anda qol vursaydıq, “Neftçi” qalan dəqiqələrdə əsəbi olacaqdı. Oyun tamamilə dəyişəcəkdi. Təəssüf ki, alınmadı.

- Ötən tur “Sumqayıt”la matçda penaltini qaçırdınız və sonda meydanı xalsız tərk etdiniz. Bəlkə həmin məqam komandada psixoloji gərginlik yaradıb?

- Ola bilər. “Sumqayıt”dan əvvəl isə 1 dəfə heç-heçə etmişdik, 3 matçda qələbə qazanmışdıq. Futbolda belə hallar olur. Bir qədər yorğunluq da sözünü deyir. İstər fiziki, istərsə də psixoloji baxımdan. Mövsümün əvvəlində demişdik ki, “Səbail” komanda kimi formalaşır və növbəti mövsüm adından söz etdirəcək. Amma görürük ki, “Səbail” artıq bir komanda kimi özünü təsdiqləyib.

- Yorğunluğu qeyd etdiniz. Onda düşünmək olar ki, bu fasilə “Səbail”in xeyrinə olacaq?

- Məncə, fasilə vaxtında gəldi. Bir qədər yorğunluq var. Odur ki, iki həftəlik fasilə bizə çox faydalı olacaq.

- İki tur əvvəl “Qəbələ” səfərində qazanılan qələbədən sonra ikinci pilləyə yüksəlmişdiniz. Bu gün isə altıncı yerdəsiniz...

- Bu, həqiqətdir. Mövsüm çox maraqlı keçir. Məncə, Azərbaycanda son illər belə gərgin mövsüm olmayıb. İndiki məqamda turnir cədvəlinə çox da fikir vermək lazım deyil. Əsas mövsümün sonunda neçənci olmaqdır.

- Sizcə, sonda “Səbail” neçənci olacaq?

- Düşünürəm ki, yayda avrokuboklarda oynayacağıq.

- Sizin növbəti mövsüm üçün müqaviləniz tam deyil, yəni dekabrın sonuna kimidir. Gələcək karyeranızla bağlı artıq qərar vermisiniz?

- Müqaviləm 2024-cü ilin sonunda başa çatır. İnşallah bütün mövsüm üçün razılaşacağıq. “Səbail” çox təşkilatlanmış klubdur. Burada hamı öz yerindədir, daxili atmosfer əladır. Bu günə qədər 11 ölkədə oynamışam, amma belə atmosfer heç yanda görməmişəm. Prezident, direktor, baş məşqçi, futbolçular – hər kəs öz üzərinə düşəni maksimum dərəcədə peşəkarcasına yerinə yetirir. Ola bilər bu mövsüm dördlükdə yer almayaq. Futbolda hər şey mümkündür. Amma gələn mövsüm daha yaxşı durumda olacağıq. Buna əminəm.

- Əksər legionerlər Azərbaycandan təklif alanda düşünürlər ki, gəlib burada "bir ayaqla" oynayacaqlar, sonra isə görürlər ki, elə deyil...

- Bəli, düz deyirsiniz (gülür). Açığı, mən də belə düşünürdüm. 3-4 il əvvəl ilk dəfə Azərbaycandan təklif aldım. Düşündüm ki, orada oynamayacağam. Lakin illər keçdi, bu gün burdayam və görürəm ki, Azərbaycanda əla komandalar var. “Qarabağ” ən güclüdür, bu, məlum məsələdir. Qalan digər 9 klubun arasında isə oyun baxımından ciddi səviyyə fərqi yoxdur.

- Bir neçə il əvvəl təklif aldığınız Azərbaycan klubu hansı idi?

- Düzü, indi adını xatırlamıram.

- Onda yəqin “Qarabağ” və ya “Neftçi” olmayıb...

- Əslində, həmin vaxt yox, daha əvvəl, Portuqaliyada çıxış etdiyim zaman “Qarabağ”a keçə bilərdim. Menecerim belə bir variant olduğunu söylədi. Sonrada keçid baş tutmadı. Lakin niyə baş tutmadığı da yadımda deyil.

- İndiki uğurlarını nəzərə alsaq, həmin vaxt “Qarabağ”a keçmədiyiniza üçün peşman deyilsiniz?

- “Qarabağ” bu dəqiqə elə bir səviyyədədir ki, hamı ora gələr. Amma “Səbail”də vəziyyət əladır. Bu klubda məni hər şey tam qane edir.

İbrahim CƏFƏROV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30