27 Aprel 2024, Şənbə
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Ölkə futbolu

“Kəpəz”in kapitanı: “Turnir cədvəlində “Araz-Naxçıvan”ı keçmək istəyirik”

“QƏBƏLƏ” BİZİ ÖZ STADİONUNDAN QOVDU”

“Kəpəz”in kapitanı Yeqor Xvalkonun Futbolxeber.az saytına müsahibəsi

 

- Azərbaycan Premyer Liqasının XXVII turunda “Zirə”yə 1:2 hesabı ilə yenildiniz. Məğlubiyyəti necə şərh edərdiniz?

- Çox da yaxşı oynamadıq. Yalnız qapımızda qol gördükdən sonra yaxşı futbol sərgiləməyə başladıq. Ona qədər çox şey alınmırdı. Səbəbini bilmirəm. Hər halda aydınlaşdıracağıq. Qarşıda dördüncü dövrə var. İrəli baxmalıyıq.

- İlk hissə sakit keçdi, hesab açılmadı, fasilədən sonra isə 3 qol vuruldu. Bunu nə ilə əlaqələndirmək olar?

- Prinsipcə, ikinci hissə də sakit keçdi. Sadəcə biz fasiləyə qədər qol epizodları yaratmaqda çətinlik çəkirdik. Səhvlərə çox yol verirdik. Buna görə də fasiləyə qədər heç bir qol epizodumuz olmadı. “Zirə” isə əksinə, hələ ilk hissədə hesabı aça bilərdi. 

- Hazırda əsas rəqibiniz “Kəpəz”i 11 xal qabaqlayırsınız. Bəlkə bu məqam komandada arxayınçılıq yaradıb?

- Xeyr, belə düşünmürəm. Çünki hər gün məşqdə baş məşqçimiz də bu barədə danışır. Bildirir ki, arxayınlaşmaq olmaz. Qarşıda hələ 9 tur var. Üstəlik, şəxsi oyunumuz da olacaq. Həm də biz daha da irəliləmək, turnir cədvəlində “Araz-Naxçıvan”ı keçmək istəyirik. Buna görə xal ehtiyatımızı artırmalıyıq.

- Çempionatda yaranan fasilə “Kəpəz”in xeyrinə olacaq, yoxsa ziyanına?

- Bu cür fasilələr bizə hər zaman faydalı olur. Azca dincələcəyik, sonra isə məşqlərimizi davam etdirəcəyik. Qarşıdan dördüncü dövrə gəlir. Son 9 tur bütün suallara aydınlıq gətirəcək. Ona görə də bizi çox çətin bir dövr gözləyir.

- Üçüncü dövrəni “Kəpəz” üçün uğurlu hesab etmək olar?

- Çox maraqlı və gərgin bir dövrəni başa vurduq. 9 oyundan 4-də qalib gəldik, 4-də uduzduq, 1 matçda isə heç-heçə oynadıq. Ona görə də dövrəni ümumilikdə normal dəyərləndirmək olar.

- Dördüncü dövrənin ilk turunda Respublika stadionunda “Qarabağ”la qarşılaşacaqsınız. Bu arenada Ağdam klubuna 1:7 hesabı ilə uduzmuşdunuz. Bu məqam psixoloji baxımdan qarşıdakı matça hazırlaşmağınız üçün problem yaratmayacaq?

- Düşünmürəm ki, hansısa problem yaşayaq. Həmin yenilgidən sonra “Qarabağ”la üz-üzə gəlmişik. Düzdür, həmin görüş Respublika stadionunda olmayıb. Amma rəqibə layiqli müqavimət göstərmişik. Hətta onlar qələbə qolunu bizim səhvimizdən sonra yalnız matçın sonunda vurdular. Onlar səhvi bağışlamırlar. İnanıram ki, bu dəfə də “Qarabağ”a qarşı inamlı çıxış edəcəyik. Qorxulu heç nə olmayacaq.

- Ev oyunlarınızı gah o stadionda keçirirsiniz, gah bu...

- Təbii ki, çox çətindir. Xüsusən də Bakıda oynayanda. Tovuzda nisbətən rahat idi. Çünki məsafə olaraq Gəncəyə yaxındı. Yeganə problem ot örtüyünün süni olması idi. “Qəbələ” belə demək mümkünsə, bizi öz stadionundan qovdu (gülür). Bildiyim qədəri ilə son dövrədə ev oyunlarımızı Bakıda, Respublika stadionunda keçirəcəyik. İnanıram ki, hər şey yaxşı olacaq.

İbrahim CƏFƏROV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30