28 Aprel 2024, Bazar günü
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Ölkə futbolu

“Leverkuzenə ümidsiz getmirik”

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının 1/8 final mərhələsinin "Bayer"lə Bakıdakı ilk oyunundan (2:2) sonra mətbuat konfransında iştirak edib.

Futbolxeber.az saytının məlumatına görə, təcrübəli mütəxəssis əvvəlcə matç haqqında ümumi fikirlərini bölüşüb:

"Azarkeşlərə təşəkkür edirəm. Çətin hava şəraitində sona qədər bizimlə oldular. Stadionda böyük futbol ab-havası var idi. Futbolçularıma təşəkkür edirəm ki, bu cür performans göstərdilər. Qalib gəlmək şansımız da var idi. Sonda bərabərlik oldu. Mənim üçün oyun intizamı və sona kimi dözmək çox vacib idi".

Baş məşqçi bu gün stadionda qadın azarkeşlərin çox olmasına da toxunub: "Əvvəlki mətbuat konfranslarından fərqli olaraq, bu gün qadınlarımız da burada çoxdur. Azərbaycanlı kişilərin qadınlara münasibəti fərqlidir, dəfələrlə bunun şahidi olmuşam. Biz qadınlara çox böyük dəyər veririk. Allah sizi qorusun, həmişə üzünüz gülsün. Özünüzü inamlı hiss edəsiz ki, Azərbaycanda bu cür kişilər var, qadınlara hörmət edib, qoruyurlar".

Q.Qurbanov "Qarabağ"ın uğurlarını Azərbaycan dövlətinin siyasəti kimi yozurlar. Bu gün "Bayer"ə vurulan iki qolla klubun dövlət siyasətinin proyekti olmadığını sübut etdiniz? Ki, "Qarabağ" futboldur, siyasət deyil" fikrinə də münasibət bildirib: "Biz dəfələrlə demişik ki, futbol, idman siyasətdən uzaq olmalıdır. Nə də etsək, istər-istəməz siyasətə qarışır. Dəfələrlə olub ki, səfər matçlarımızda düşmənlərimiz hansısa ağılsızlıq ediblər, guya özlərini göstərmək istəyiblər. Baş açmamışam. “Qarabağ” ad olaraq bəzən siyasətə qarışıb. Dəfələrlə demişəm ki, bu ölkənin övladlarıyıq, bu ölkəni təmsil ediriksə, hansı idmanda olsaq belə, xaricdə özümüzü layiqincə göstərməliyik. Biz qonaqpərvərik, kiminsə malında, torpağında gözümüz yoxdur. Milli mentalitetimiz var, onu göstərməyə çalışmışıq. İstəməsək də, ola bilər siyasi tərəfdən adımız hallanır. “Qarabağ” adı mənim, hamı üçün çox önəmlidir. Çalışırıq ki, özümüzü istənilən ölkədə intizamlı, layiqli aparaq. Mən özüm siyasətdən uzağam, siyasətin dərinliklərini bilmirəm. Bilmirəm futbol siyasətdir, yoxsa siyasət deyil".

Mütəxəssis cəzalı futbolçuların olmamasının oyuna təsir etdiyini deyib:  "Faiz olaraq deyə bilmərəm. Amma böyük ehtimal oldu. Belə oyunlarda sürəti, dinamikanı qoruyub-saxlamaq çox önəmlidir. Elvin Cəfərquliyev və Julio Romao 90 dəqiqə meydanda gücləri çata bilən oyunçulardır. Sürətə, dinamikaya dözənlərdir. Bir neçə oyunçumuzun sona yaxın yorğunluqları hiss edildi. Hətta əzələlərində problem oldu".

Q.Qurbanov "Eyni oyunu, gücü Leverkuzendəki matçda göstərib, növbəti tarix yaza bilərsinizmi?" sualını da cavablandırıb: "Hər şeyə real baxmalıyıq. Oyundan əvvəl bəlkə ən çox inamlı olan mən idim ki, bu gün rəqibə qarşı düzgün oyun quracağıq və komandam yaxşı oynayacaq. Amma hər yerdə oxuyurdum, zənglər, mesajlar gəlirdi ki, başa düşürük "Bayer" güclüdür, səviyyə fərqi çoxdur, məğlub olsaq da, canımız sağ olsun". Özümdə inam var idi ki, “Bayer”ə qarşı nəticə əldə edə bilərik. Ən azından Bakıda. Belə də, oldu. Leverkuzendəki matça da ümidsiz getmirəm. Komandamın ilk oyundan daha yaxşı oynaması, mübarizə aparması üçün hazırlayacağam. Buna ehtiyac olacaq. Almaniya, İspaniya komandalarında istənilən rəqibə qarşı meydana rahata çıxmaq yoxdur. Çox ciddi olurlar. Xabi Alonso ilə səfərdəki görüşümüzdə də bu haqda danışırdıq. O, mənə analizlər zamanı bəzi nöqtələrimiz haqda danışırdı. Bu onu göstərdi ki, bizə ciddi yanaşırlar. İstənilən halda, Leverkuzenə ümidsiz getmirik".

O, "Bayer"n əsas heyətdə əsas oyunçularına yer verməməsi haqda deyib: "Ciddi dəyişiklik yox idi. Gözləyirdim ki, bir neçə oyunçuya istirahət versinlər. Əvvəlki matçlarımızda da heyət eyni idi. Virtz, Bonifase meydanda yox idi. Amma ikinci yarıda Virtz oynadı. Bəlkə də, üstünlükləri onda oldu. Onlar tempi yüksəldib, ustalıqlarını ortaya qoydular. Hücum xəttində düşünürdük ki, Patrik Şik oynayacaq, ancaq Borxa İqlesias oynayırdı. Sadəcə onu səhv düşündüm".

Qurbanov Azərbaycan Premyer Liqasının son turunda - "Neftçi" ilə görüşdə "Bayer"lə matç üçün bəzi taktiki gedişləri sınadığını demişdi. O, bu gün həmin ideyalarının reallaşdığını qeyd edib: "Qolların ikisini də elə vurduq. Bunu daha sürətli hücumlarla etdik. "Bayer"in çox sürətli oyunçuları var. Avropanın ən sürətli komandalarından biridir. "Neftçi" ilə matçda da sürətli qollarımız oldu, “Bayer”lə görüşdə də. Juninyonun daha bir epizodu oldu, yararlana bilmədik. Müdafiə olunanda da bir-iki element var idi ki, “Neftçi” ilə matçda sınaqdan keçirmişdik. Bu gün də reallaşdırdıq. Sadəcə sona qədər qoruyub-saxlaya bilmədik, yoruldular".

Q.Qurbanov "Bayer"lə oyunda zədələnən futbolçusu Olavio Juninyonun durumundan da söz açıb: "Ola bilər ki, əzələsində problem yaransın. Sabah dəqiq bilinəcək. Digərlərində ciddi problem olmalı deyil. Həkimlərin dediyinə görə, Juninyoda 70 faiz yorğunluq yox, zədədir".

Baş məşqçi "2010-cu ildə "Borussiya"ya Bakıda 0:1 uduzandan sonra demişdiniz ki, bu cür komandalarla oynamağa hazır deyilik. 14 il ərzində nə dəyişdi ki, artıq "Bayer"i məğlub etməyə belə, yaxın idiniz" sualını belə cavablandırıb: "Etiraf edək ki, 1-2 matça komandanı bu cür oyunlara kökləmək olur. İlboyu buna gücümüz çatmaya bilər. 1/8 final oyunu idi deyə, oyunçular daha istəkli idilər. 14 il ərzində həm mənim təcrübəm artıb, klub olaraq böyümüşük. Problem ondadır ki, onlar da önə gedirlər, daha sürətlə inkişaf edirlər. Tək bir oyuna görə artıq Bundesliqa komandasına qarşı mübarizə aparmağa tam hazır olduğumuzu deməzdim. Ustalıq səviyyəsini fikirləşməliyik. İlboyu, belə azarkeş qarşısında oynamalıyıq ki, oyunumuzun tempi aşağı düşməsin. Çox nüans var. İlboyu 3-4 belə oyun oynayırıq".

Mütəxəssis futbolçusu Abdullah Zubirin psixoloji durumu ilə əlaqədar verilən sualı cavablandırıb: "Heç kimə irad bildirmədim. Oyun epizodu idi. Top bəzən sənin istədiyin kimi öz ünvanına getmir. Fikir bildirmədim. Əksinə, hamısına təşəkkür etdim".

O, cavab oyununa görə PFL-dən Azərbaycan Premyer Liqasındakı növbəti matçlarının təxirə salınmasını istəməyəcəklərini bildirib: "Yox. Artıq gecdir. Əvvəlki matçlarda olduğu kimi rotasiyalar edəcəyik. Öz planımıza uyğun hazırlaşacağıq".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30