28 Aprel 2024, Bazar günü
“Sumqayıt”dan azarkeşlərinə müraciət
"Neftçi" azarkeşlərinə çağırış etdi
Samir Abasov Xavi ilə görüşdü
"Səbail" səfərdə məğlub oldu

Ölkə futbolu

Qurban Qurbanovdan qələbə şərhi

"Görünürdü ki, "Neftçi" çox ciddi hazırlaşıb. Çətin komandaya qarşı oynayırdıq. Bəlkə də, oyuna tam istədiyimiz kimi nəzarət edə bilmədik. Amma futbolçularımı təbrik edirəm. Vacib qələbə qazandıq".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 25-ci turunda “Neftçi”yə 4:1 hesabı ilə qalib gəldikləri oyun haqqında danışarkən deyib.

O, matçdan sonra təşkil olunan mətbuat konfransında oyunun çox maraqlı keçdiyini söyləyib: "Hər iki komanda sürətli, dinamik oynadı. Rəqibə uğurlar arzulayıram. Azarkeşlər üçün çox maraqlı matç idi. Çox yaxşı ab-hava var idi. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm ki, komandaları dəstəklədilər, futbolçuların daim oyunun içində olmağına kömək oldular".

O, Avropa Liqasının 1/8 finalında "Bayer"lə matça da bugünkü heyətlə çıxıb-çıxmayacaqları haqda bunları deyib: "Çox ciddi dəyişiklik gözlənilmir. Qarşıda 3 gün var. Rəqibin oyununa baxaraq, analiz edərək, bəlkə 1-2 dəyişiklik etdik. Amma ciddi dəyişiklik gözlənilmir".

Mütəxəssis "Neftçi"nin görüşə ciddi hazırlaşmasına baxmayaraq, 1:4 hesabı ilə məğlub olmasını belə izah edib: "Son dəqiqələrdə 2 qol vurduq. Əks-hücumdan sonra oldu. "Neftçi" riskə getmişdi. Bu cür oyunlarda 2:1 və ya 3:1 hesabı bir o qədər fərq etmir. Çünki itirəcək bir şeyləri yox idi. Ona görə daha çox sayda futbolçu ilə irəli atılırdılar".

Q.Qurbanov "Ən yaxın izləyicinizlə xal fərqiniz artıq 23-dür. Qarşıdakı turlarda əvəzedici heyətin oyunçularını meydana buraxmağınız mümkündürmü?" sualını cavablandırıb: "İnanın ki, xal fərqi 23 olsa da, bu haqda heç nə düşünmürəm. Futbolçu öz ritmindən düşməli deyil. Görürsünüz ki, oyunçular tonusda qalsınlar deyə demək olar, bəzən iki heyətdə də dəyişiklik edirəm. Ona görə vaxt itirə bilmərəm ki, hansısa oyunçu oyun ritmindən düşsün. Perspektivli oyunçuların hamısı bizimlədirlər, məşq edirlər. Amma oyunları hələ fikirləşmirəm".

Baş məşqçi bu gün "Bayer"lə oyun üçün taktiki gedişlər sınadıqlarını da söyləyib: "Sınamaq imkanımız oldu, amma cüzi. Bəzi epizodlar var idi".

Q.Qurbanov "Neftçi" azarkeşlərinin onu alqışlamasına da toxunub: "Təşəkkür edirəm. Biz azərbaycanlıyıq. Mənim həmişə "Neftçi"yə hörmətim olub. Bu komandada olmasaq da, "Neftçi"nin uğurlarını həmişə istəmişik. Onlara uğurlar arzulayıram, hər birinə təşəkkür edirəm".

Mütəxəssis "Qarabağ" ən yaxın izləyicisindən 23 xal öndədir. Bu uçurumun səbəbini nə ilə əsaslandırardınız?" sualına bu cür cavab verib: "Turnir cədvəlindəki duruma uçurum kimi baxmayaq. Əksinə, bu məsələyə komplekt olunmuş komanda kimi baxaq. Ola bilər ki, bizim oyunlarımız daha uğurlu keçdi, nəinki rəqiblərin. Biz bütün oyunlara ciddi hazırlaşacağıq. Məsələyə uçurum kimi baxsaq, bu, bizə zərər verər. Elə oyunlarımız olub ki, çox gərgin keçib, son dəqiqələrdə qol vurmuşuq. Sadəcə, ola bilər ki, ustalıq keyfiyyətləri önə çıxıb. Amma çempionatımız asan deyil, gərgin keçir. Hər bir komanda digərinə qarşı düzgün, dinamik oyun oynaya bilirlər. Qətiyyən də uçurum kimi baxmırıq".

O, futbolçusu Leandro Andradenin performansı ilə əlaqədar "Sanki qışdan sonra eniş var" fikrinə münasibət bildirib: "Ola bilər. Amma bəzən biz futbolçunu tam idman formasında saxlaya bilmirik. Bəzən görürsən ki, oyun praktikası çatmır. Andrade elə oyunçudur ki, daha çox oynaması lazımdır. Onun potensialı yüksəkdir. Razıyam ki, daha yaxşı oynaya bilər. Gözləyirik, tələb edirik və inanırıq da".

Baş məşqçi daha əvvəl "Bayer"lə ev oyununu Bakı Olimpiya Stadionunda keçirməyi planlaşdırıb-planlaşdırmadıqları haqda da danışıb: "Bizim azarkeşlər, elə sizlər də, Tofiq Bərahmov adına Respublika Stadionuna öyrəşib. Ora bir az fərqlidir. Bir oyun üçün başqa stadiona getmək, futbolçuda diskomfort yarada bilər. "Tofiq Bəhramov"da sanki hamı evin içində olur, daha inamlı hiss edirlər özlərini. Çünki ilboyu orada daha çox oyun oynayıblar. Bu, üstünlük ola bilər. Amma 30-35 min azarkeşlər elə 68-70 min kimidirlər”.

Q.Qurbanov komandasının son oyunlarda daha çox 2-ci hissədə qollar vurmasına da toxunub: "Bu, oyunun gedişatına görədir. Elə olub ki, ilk yarıda da 3-4 qol vurmuşuq. İlk dəqiqələrdə, ilk hissədə futbolçu daha aktiv, intizamlı olur. İkinci yarıda hansısa komandaya qalibiyyət lazımdırsa, oyun açılır, daha çox qol epizodu yaranır. Yəqin ki, bundan daha yaxşı istifadə edirik".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30