27 Aprel 2024, Şənbə
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Ölkə futbolu

Ozobiç: “Bojoviçin gəlişindən sonra komandamız daha yaxşı oyun göstərir”

“Baş məşçqi Miodraq Bojoviçin gəlişindən sonra komandamız daha yaxşı oyun göstərir. İnanıram ki, çalışdırıcımız növbəti qarşılaşmalarda uğur qazanmaq üçün bizə kömək edəcək”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin futbolçusu Filip Ozobiç bu gün keçirilən mətbuat konfransında deyib.

Xorvatiyalı yarımmüdafiəçinin sözlərinə görə, komandasının Azərbaycan Premyer Liqasında ikinci yeri tutmaq şansı var: “Bizim üçün hazırda ən önəmlisi növbəti oyunlara tam hazırlaşmaqdır. Bununla daha yaxşı nəticələr əldə etmək olar. Oynadığım bütün klublarda həmişə öz potensialımın yüz faizini göstərməyə çalışmışam. Hamımız azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edirik”.

Azərbaycan millisinin də formasını geyinən oyunçu dilimizi öyrənməyə çalışdığını, lakin hələ sərbəst şəkildə danışa bilmədiyini söyləyib: “Mənim üçün rus dilində danışmaq daha asandır. İlk vaxtlarda Azərbaycan dilini öyrənməyə çalışmadım, çünki gördüm ki, burada rusca danışan insanlar çoxluq təşkil edir. Lakin bu dildə bəzi sözləri bilirəm. Himninizi, demək olar ki, oxumağı bacarıram. Amma bəzi sözləri deməkdə çətinlik çəkməyim normaldır”.

Futbolçu yığmanın UEFA Millətlər Liqasındakı rəqiblərini də dəyərləndirib: “Qrupumuzdakı komandaların iddialı olduğu qənaətindəyəm. Azərbaycan millisi getdikcə inkişaf edir. Estoniya ilə əvvəllər də oynamışıq. Düşünürəm ki, digər rəqiblərimiz – İsveç və Slovakiya ilə matçlarda yaxşı nəticələr əldə etmək olar”.

Martın 23-də Rusiyanın “Spartak” (Moskva) klubu ilə Bakıda keçiriləcək yoldaşlıq görüşü haqqında da danışan F.Ozobiç bu komandanın karyerasında xüsusi yeri olduğunu vurğulayıb: “Orada keçirdiyim günləri daima xatırlayacağam. “Spartak” Rusiyanın ən böyük klublarından biridir. Ümid edirəm ki, bu komanda ilə maraqlı qarşılaşma keçirəcəyik”.

O, hazırda “Dinamo” (Zaqreb) klubunda çıxış edən Mahir Emreli ilə Xorvatiyada cəmi bir dəfə görüşdüyünü əlavə edib: “Mahir mənə orada oynamaqdan razı olduğunu və hər şeyin qaydasında getdiyini bildirdi. Lakin düşünürəm ki, o, hazırkı klubunda hələ tam potensialını göstərə bilməyib”.

Daha əvvəl “Qarabağ”ın formasını da geyinən 33 yaşlı yarımmüdafiəçi Ağdam klubunun UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda Portuqaliyada “Braqa”ya qalib gəlməsinə münasibət bildirib: “Fikrimcə, bu qələbə təsadüf deyildi. “Qarabağ” uzun illərdir avrokuboklarda yaxşı nəticələrə imza atır. İnanıram ki, evdəki oyunda da qalib gələcəklər. Beş il bu klubda çıxış etmişəm. Lakin hazırda bütün diqqətimi “Neftçi”yə yönəltmişəm” ("Azərtac").

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30