3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

“Sumqayıt”ın kapitanı "Neftçi" ilə bağlı seçim etməkdə çətinlik çəkdi: "Bizim büdrəməyimizi gözləyirlər"

“Sumqayıt”ın kapitanı Elvin Bədəlovun Futbolxeber.az saytına müsahibəsi

 

- Azərbaycan Premyer Liqasının XX turunda “Araz-Naxçıvan”la heç-heçə (1:1) oynadınız. Görüşü necə dəyərləndirirsiz?

- Oyun çətin keçdi. Meydanda gərgin mübarizə gedirdi. Gözəl matça şahidlik etməsək də, hər iki tərəf qələbə qazanmağı çox istəyirdi. Gedişat elə idi ki, hər iki tərəf qalib gələ bilərdi. Bizim də şanslarımız var idi, rəqibin də. Fasiləyə üstün yollansaq da, qələbə hesabını qoruya bilmədik. Düzdür, ikinci qolu vurmaq üçün də imkanlarımız oldu. Təəssüf ki, onları dəyərləndirə bilmədik.

- İkinci hissədə bir qədər geri çəkilmişdiniz. Rəqibin təzyiqi buna məcbur edirdi, yoxsa bu, rəqibi əks-hücumda yaxalamaq üçün taktiki gediş idi?

- Ola bilər kənardan taktiki gediş kimi görünsün, amma arxaya çəkilmək planımız yox idi. Yəni bizə müdafiəyə oturmaq tapşırığı verilməmişdi. Deməzdim ki, dəhşət təzyiqlə üzləşdik. Özümüz çoxlu top itkisinə yol verirdik. Daha inamlı olsaydıq, matçın gedişatı da bəlkə fərqli olardı.  

- İlk dövrədə də “Araz-Naxçıvan”la səfər matçında ilk hissədən sonra hesabda öndə olsaz da, rəqib fasilədən sonra bərabərlik qolunu vurmuşdu. Sizcə, eyni ssenarinin təkrarlanmasına səbəb nədir?

- Bu, eyni ssenari yox, sadəcə təsadüfdür. Unutmaq olmaz ki, “Araz-Naxçıvan” da yaxşı komandadır. Kim düşünürsə ki, səfərdə bu komandanı asanlıqla udacaq, yanılır. Bu, mümkün deyil. “Araz-Naxçıvan”la matç hər kəs üçün çətin keçir.

- Samir Abasov oyundan sonra mətbuat konfransında hücum xəttindən gileyləndi. Qeyd etdi ki, ön xətdəki 3 futbolçu komandaya fayda vermirdi. Müdafiəçi kimi bu çətinliyi nə dərəcədə hiss edirdiniz?

- Müdafiəçi kimi fikrimi deyə bilərəm ki, irəlidə top qalmırsa, arxa xətt oyunçuları əziyyət çəkir, müdafiəyə daha çox güc düşür. Bu, həqiqətdir. Bəlkə də elə buna görə kənardan müdafiədən oynadığımız görünə bilər. Əslində isə elə deyil. Biz müdafiədən çıxırıq, sadəcə irəlidə top qalmır və ona görə də problem yaşayırıq. Bütün bunların üzərində çalışırıq. Əslində hücumçularımız keyfiyyətlidirlər. Tez bir zamanda bu problemi aradan qaldırmalıyıq.

- “Araz-Naxçıvan”la matçda qələbə qazansaydınız, turnir cədvəlində ikinci pilləyə yüksələcəkdiniz. Mövsüm yekunlaşmasa da, yəqin razılaşarsınız ki, çempionatdan əvvəl kimsə “Sumqayıt”ın 20 turdan sonra ikinci pillədə olacağını proqnozlaşdırmırdı. Bu məqam üzərinizdə əlavə təzyiq yaratmır?

- Təzyiq yaratmır. Lakin indi demək olar bütün rəqiblər bizim oyunu izləyirlər. Pis çıxmasın, bizim büdrəməyimizi gözləyirlər. Onlar üçün ola bilər ki, “Sumqayıt”ın bu yerdə qərarlaşması sürprizdir. Ancaq biz heç nəyə fikir vermirik. Yalnız öz oyunumuza köklənmişik. Bu tepmdə də davam etmək istəyirik. İstənilən halda nəyə nail olduğumuzu mayda biləcəyik.

- Qarşıda “Sumqayıt”ı “Neftçi” ilə ardıcıl oyunlar gözləyir. Eyni rəqiblə qısa müddətdə 3 dəfə üz-üzə gəlmək nə dərəcədə yorucu olacaq?

- Heç kim istəməz ki, eyni rəqiblə ardıcıl 3 oyun keçirsin. Amma bu, reallıqdır. Əldən nəsə gəlmir. Azərbaycan çempionatında bu cür hallar olur. Çıxıb oynayacağıq. Özü də rəqib “Neftçi”dir, flaqmandır. İstəyirik ki, qarşıdakı matçlarda da yaxşı nəticə əldə edək.

- “Neftçi” ilə çempionatdakı matç stadionun açılışına təsadüf edəcək. Kapitan kimi həmin oyunla bağlı azarkeşlərə nəsə demək istərdiniz?

- Azarkeşlərimizin hər zaman yanımızda olmasını istəyirik. Sizin vasitənizlə bir daha onları komandanı dəstəkləməyə çağırırıq. Tək fan-kluba yox, bütün sumqayıtlılara səslənirik ki, “Neftçi” ilə matçda onları gözləyəcəyik. Fanatların dəstəyi bizim üçün əlavə stimuldur. Biz də çalışacağıq ki, fevralın 4-də maksimum nəticə əldə edək.

- Çempionatda “Neftçi” üzərində qələbə, yaxud kubok “Neftçi”ni mübarizədən kənarlaşdırmaq - seçim imkanınız olsaydı, hansı variantı seçərdiniz?

- (düşünür) Çətin sualdır. İndiki durumda seçim etmək çox çətindir. Çünki hər iki cəbhədə yaxşı gedirik. Biz həm kubokda, həm də çempionatda yaxşı nəticə əldə etmək istəyirik. Ona görə də bu suala dəqiq cavab verə bilmərəm.   

Ibrahim CƏFƏROV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31