9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Şahin Diniyev: “Onun arxasında “Səbail” var, şəxsən mən varam”

“Son 4 turda qələbə qazana bilməmişdik. Ona görə də bizim üçün çox əsəbi oyun idi. İstənilən komanda mövsümün müəyyən hissəsində eniş, tənəzzül yaşayır. Həmin müddətdə 2 şey eləmək lazımdır: ya rotasiya etməlisən, ya da yaxşı funksional hazırlıq keçməlisən. İndiki məqamda isə funksional hazırlıq keçmək qeyri-mümkündür. Ümumiyyətlə, eniş dövrü 5-6 oyun davam edir”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Səbail”in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının XVII turunda “Qəbələ”yə qarşı keçirilən oyundan sonra deyib.

Mütəxəssis komandasının 3:0 hesablı qələbəsini belə şərh edib: “Matçın hər saniyəsində futbolçularımızda uduzmaq, qol buraxmaq qorxusu var idi. Bu xofu komanda özündən çıxartmalı idi.  Çox şükür ki, komanda bu gün yaxşı çıxış etdi. Ağıllı oyun sərgiləyərək layiqli qələbə qazandıq. Yolumuz uzundur. Eniş olması da mümkündür. Ona görə də ən yaxşı məqamlara kökləməliyik. Düşünürəm ki, düzgün istiqamət tutmuşuq. Təbii ki, bir qədər də güclənməliyik. Son turlar göstərdi ki, hazırkı heyət rotasiya etməyə imkan vermir. Bugünkü qələbəyə görə şadam. “Qəbələ”yə də uğurlar arzu edirəm. Bu komanda sonuncu olmağa layiq deyil. Çünki yaxşı məşqçiləri, yaxşı futbolçuları var”.

“Səbail”in çalışdırıcısı “Qəbələ” ilə matçda qapı xəttində dəyişiklik etməsini belə əsaslandırıb: “Mənə görə Səlahət Ağayev bu gün Azərbaycan çempionatında 3 ən yaxşı qapıçıdan biridir. Bu gün heyətdə müəyyən rotasiya etmək üçün qapı xəttində dəyişiklik oldu. Hüseynəli Quliyev hər zaman oynamağa hazır olmalıdır. Mən ona da çox güvənirəm. Komandada 2 güclü qapıçının olması məşqçi üçün müsbət məqamdır. Oyundan oyuna qapı xəttində fərq olacaq”.

Son turlar zədələnən futbolçuların çoxluğundan əziyyət çəkən “Səbail” bu gün eyni səbəbdən daha bir fubtolçusu - Silvayin Deslandesi də itirdi. Diniyev hazırkı məqamdan çıxış yolu tapmaqda çətinlik çəkdiyini söyləyib: “Bu gün bu baxımdan problemimiz çoxdur. Amma bilmirəm ki, belə vəziyyətdə nə etməliyəm. Kuboku da saysaq, qış fasiləsinə qədər iki oyunumuz qalıb. Deslandesin zədələnməsi təbii ki, mənfi haldır. Bəlkə də günahkar mənəm ki, vaxtında düzgün rotasiya etməmişəm. Bilirsiz ki, maliyyə səbəbindən hər mövqeyə iki eyni səviyyəli futbolçu götürməyimiz mümkün deyil”.

O, qış fasiləsində mütləq güclənməli olduqlarını vurğulayıb: “Mövsümün əvvəlindən demişəm ki, qış fasiləsində turnir cədvəlindəki mövqeyimizə baxıb hərəkət edəcəyik. Hazırda yerimiz normaldır. Avrokuboklardan çox uzaq deyilik. Ona görə də güclənməyimiz mütləqdir. Fasilədə çalışacağıq ki, 3 mövqeni gücləndirək. Bu yöndə artıq işlərimiz başlayıb. Bugünkü qələbə mənə danışmaq üçün cəsarət verir. Hazırkı mövqeyimizi qorumaq üçün mütləq güclənməliyik”.

Mütəxəssis ikinci hissədə şans verdiyi gənc Ayaz Mikayılovun arxasında olduğunu qeyd edib: “Ayaz çox yaxşı futbolçudur. Onun valideynləri avtomobil qəzasında həlak olub. Çıxışını əvəzedici heyətdə izləyirəm. Ayaz bilməlidir ki, o, tək deyil. Onun arxasında “Səbail”, şəxsən mən varam. Yaxşı futbolçu olmaq üçün çox çalışmalıdır. Lakin bu gün ona əsas heyət üzvü kimi baxa bilmərik. Ona ümidim böyükdür. Futbol bu gün var, sabah yoxdur. İnsana etdiyi əməllər qalır”.

“Araz-Naxçıvan” - “Sabah” və “Qarabağ” - “Neftçi” oyunlarında hansı nəticələri arzulayırsız?” sualını Şahin Diniyev belə cavablandırıb: “Baş məşqçi kimi yox, azarkeş kimi deyirəm, “Sabah”a və “Qarabağ”a azarkeşlik edəcəm. Çünki komandamın irəli getmək şansı varsa, bunu arzulamalıyam. Amma kimisə lənətləmək, yaxud hansısa komandaya uğursuzluq arzulamaq fikrində deyiləm. İçimdən gələni deyirəm. Burda gizlətməli heç nə yoxdur. Yalandan, pafosla deyim ki, kim udur-udsun mənim üçün fərqin yoxdur? Elə desəm, yalan olar”.

Diniyev növbəti turda onları çətin Sumqayıt səfərinin gözlədiyini deyib: “İndiki heyət, indiki itkilərlə “Sumqayıt”a qarşı oynamaq çox çətin olacaq. Bunu bilirəm. Taktiki cəhətdən ağıllı oynamalıyıq. Mənə elə gəlir ki, həmin matçda ustalıq yox, istək, əzmkarlıq, motivasiya hesabına lazımi nəticə qazana bilərik. Çalışacağıq ki, fasiləyə yaxşı əhval-ruhiyyədə gedək. İstəyirəm ki, yeni il öncəsi həm kubokda, həm də çempionatda yaxşı şansımız olsun”.

Diniyev bildirib ki, “Qəbələ”nin Premyer Liqanı tərk etməsi Azərbaycan futbolçuna zərbə olar: “Qəbələdə futbol adına hər şey var – baza, akademiya, infrastruktur əla vəziyyətdədir. Daha əvvəl iki akademiya vardı - “Bakı” və “Qəbələ”. Məhz onlar bu gün bütün Azərbaycan klublarının heyətlərini yerli futbolçularla doldurublar. “Qəbələ”nin turnir cədvəlindəki hazırkı möyqeyi təəccübləndiricidir. İnanmıram bu komanda Premyer Liqa ilə vidalaşsın. Düşünürəm ki, “Qəbələ” tezliklə bu vəziyyətdən çıxacaq. Onlar hazırda müəyyən eniş yaşayırlar. Amma tezliklə vəziyyəti dəyişəcəklər. Oyundan qabaq mənə desəydilər ki, bu gün “Səbail” 3:0 hesabı ilə qalib gələcək, həmin adamın psixologiyasında problem olduğunu düşünərdim. Belə komandanı 3:0 udmaq çətindir. “Qəbələ” I Liqaya düşsə, o meydançalar, o akademiya kimə qalacaq? Mən keçən il deyəndə ki, gəlin əvvəl sistemi quraq, sonra hansısa komanda aşağı düşsün, dedilər ki, “Səbail”ə görə belə danışır. “Qəbələ”nin Premyer Liqanı tərk etməsi yerli futbolçuların yetişməsi baxımından Azərbaycan futboluna zərbə olar”.  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31