3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Ölkə futbolu

Qurban Qurbanov: “Neqativ fikirlərdən uzaq olmalıyıq” (MÜSAHİBƏ)

“ŞAHRUDDİNƏ GÜVƏNİM SONSUZDU”

Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda Polşada “Rakov”a 2:3 hesabı ilə uduzan “Qarabağ” vətənə qayıdıb.

Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov hava limanında Futbolxeber.az saytının əməkdaşının suallarını cavablandırıb.

- “Rakov”a qarşı matçı necə dəyərləndirirsiz?

- Matçdan sonra mətbuat konfransında dediyim kimi, oyundan razı qaldım. İntizamlı komandaya qarşı oynayırdıq. 90 dəqiqə ərzində rəqibə çətinliklər yaşatmağa çalışdıq. Məncə, pis də alınmadı. Ümumən maraqlı görüş baş tutdu. Hesab edirəm ki, bu qarşılaşma futbolçularımın qarşıdakı oyunlarda daha da inamlı görünməsi üçün bir səbəb oldu.

- Komandanız 0:2-dən sonra hesabı  2:2-yə gətirdi. Bu o deməkdir ki, “Rakov”a qarşı oynamaq mümkündür...

- Təbii ki, “Rakov”a qarşı oynamaq mümkündü. 0:2-dən sonra dönüş etmək uğurlu nəticə idi. Sonda qol buraxdıq. Hesab 2:2 olarkən üçüncü qolu da vura bilərdik. Bunun üçün şanslarımız da var idi. Rəqib də bizi çox ciddiyə almışdı və bunu da ilk dəqiqələrdən hiss etdik. “Rakov”un bizim düşünmədiyimiz bəzi hücumları vardı. Çalışmalıyıq ki, Bakıdakı matçda həmin hücumların qarşısını alaq və kollektiv olaraq bəzi diqqətsizlikləri aradan qaldıraq.

- “Qarabağ”ın qapısında gördüyü qolları necə qiymətləndirirsiz?

- İlk qolun qarşısını almalıydıq, ümumiyyətlə həmin hücumun qarşısı alınmalı idi. Çünki bilirdik ki, rəqib bu tərz hücumlar edir. Kuryoz qol alındı, top Elvinin ayağına dəydi. Futbolda belə hallar olur. Bir komanda səhv etməlidi ki, digər də bundan yararlansın.

- Şahruddin Məhəmmədliyevə buraxılan ikinci qol necə təsir edib? Yəqin ki, psixoloji olaraq özünü yaxşı hiss etmir.

- Təbii ki, bu qol ona təsir etməmiş olmaz. Bu cür epizodlarda daha diqqətli olmaq lazımdı. Düzdü, top yumrudu, bəzən reaksiya gözlənilən kimi olmur. Amma Şahruddinə güvənim sonsuzdu. Bacarıqlı qapıçıdı. Komandanın hücumlarının qurulmasında böyük rol oynayır.

- Oyundan əvvəl və matçın gedişində zədələnən Marko Veşoviçlə Elvin Cəfərquliyevin vəziyyəti necədi?

- Elvində problem olmamalıdı. Cavab matçında, məncə, oynaya biləcək. Sabah dəqiq bilinəcək. Veşoviçin durumu problem yaradacaq. O da sabah MRT-dən keçəcək. Ola bilər uzun müddət kənarda qalsın.

- Cavab oyununun Tofiq Bəhramov adına Respublika stadionunda deyil, Bakı Olimpiya Stadionunda olması komandanıza mənfi təsir göstərməyəcək?

- Tofiq Bəhramov adına Respublika stadionu hamımıza doğma meydandı. Orada özümüzü daha komfort hiss edirik. Amma neqativ fikirlərdən uzaq olmalıyıq. Səfərdə 2:3 hesabı ilə uduzmuşuq, sanki böyük həyəcan var, təşviş var. O səhv elədi, belə oynadıq, çox qol buraxdıq və s. Belə düşünsək, futbolçulara da mənfi təsir etmiş olarıq. Uduzsaq da, uduzacağıq. Futboldu bu. Səfərə təbii ki, uduzmaq üçün getməmişdik. Bəzən hər şey kənərdan rahat görünə bilər. Amma elə deyil. Futbolçular 90 dəqiqə Polşa çempionunu qarşı pressinq edirsə, bu, müsbət haldı. Çalışıb Bakıda daha yaxşı, daha dinamik oynamalıyıq. Stadion və başqa amilləri düşünməməliyik. Səfərdə gərgin deyildik, uşaqlarda yaxşı konsentrasiya var idi. Robot deyilik ki, 90 dəqiqə rəqibi topsuz saxlayaq.

- Cavab oyunu üçün azarkeşlərə çağırış etmək istərdiniz?

- Azarkeşlərimiz həmişə yanımızda olublar. Bundan sonra da bizi dəstəkləyəcəklərinə əminəm.

- Dünən 2 qol vuran Redon Cicanın çıxışına necə qiymət verirsiz?

- Onun qollar vurmasına sevinirik. İnşallah daha da yaxşı olacaq.

Fərəc ASLANOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31