27 Aprel 2024, Şənbə
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Ölkə futbolu

Şahin Diniyev: “Sanki qorxaraq meydana çıxmışdıq”

“İlk növbədə “Qəbələ”ni təbrik edirəm. Komandama gəldikdə isə, ilk 45 dəqiqə bacardığımızın heç 15 faizini ortaya qoya bilmədik. Sanki qorxaraq meydana çıxmışdıq. Komanda istədiyimə yaxın futbol oynaya bilmədi”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Səbail”in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının 32-ci turunda “Qəbələ”yə 2:3 hesabı ilə uduzduqları oyundan sonra deyib.

Mütəxəssis matçın axarını dəyişmək üçün erkən əvəzetmələrə əl atdığını bildirib: “Gedişatı dəyişmək üçün erkən dəyişiklilərə getdik. Artıq 65-ci dəqiqədə 5 əvəzetmənin hamısından yararlanmışdıq. Əvəzetmələrlə matçın gedişatını dəyişə bildik. 3:2-dən sonra da hücumlarımız davam edirdi. 2:3 və ya 2:4 uduzmağın ciddi fərqi olmadığı üçün müdafiəçilərimiz belə irəli atılmışdılar. Yenilgiyə baxmayaraq, komandama təşəkkürümü bildirmək istəyirəm. Çünki ikinci hissədə xarakter nümayiş etdirdik. “Qəbələ” kimi güclü rəqiblə oyunda 0:3 hesabı ilə geri düşsək də, matçdan qopmadıq. Təbii ki, üçüncü qol vursaydıq, daha yaxşı olardı. İlk hissədə göstərdiyimiz bərbad oyun bu gün heç olmasa 1 xal qazanmağımıza imkan vermədi”.

Diniyev fasilədə futbolçulara hansı tapşırıqları verməsi barədə sualı belə cavablandırıb: “Futbolçulara emosional şəkildə fikirlərimi çatdırdım. Bildirdim ki, “Qəbələ” bizimlə sanki uşaq futbolu oynayır, meydanda nə istəyirsə, onu da edir. Futbolda uduzmaq olar. Amma heç olmasa, meydanda mübarizə aparmaq lazımdı. Bir sözlə, futbolçularla çox sərt formada danışığım oldu, sonra isə onları tək buraxdım”.

“Səbail”in çalışdırıcısı kubok da daxil olmaqla 13 gün ərzində “Qəbələ”yə 3 dəfə uduzmalarına belə münasibət bildirib: “Kubok tamam başqadır. Həm də bizim heyətimiz o qədər geniş deyil. 17 gün ərzində 5 oyun keçirdik. Üç gündən bir meydana çıxdığımıza görə, bilirdim ki, ehtiyat qüvvəmiz çatmayacaq. Ötən matçda heyətdə 9, bu dəfə isə 6 yeni futbolçu var idi. Həmin 9 nəfər “Neftçi” ilə görüşdə hazırlıqlı idi və yaxşı çıxış etdik. Futbolçulardan müdafiədən hücuma sürətli keçidi tələb etsəm də, bunu meydanda görə bilmədim”.

Təcrübəli mütəxəssis bugünkü matçın ilk hissəsində komandasını tanıya bilmədiyini söyləyib: “Halbuki əvvəlki oyunlarda futbolçular belə deyildilər. Motivasiya baxımından problem olduğunu düşünmürəm. Çünk elə vəziyyətdəyik ki, nəsə deməyə heç ehtiyac da yoxdu. Hazırda hər matç bizim üçün axırıncı oyundu. Futbolçulara hər şey deyilmişdi. Ola bilər ki, futbol alınmasın. Amma mübarizə də yox idi. Məni ən çox məyus edən budur. Oyun alınmırsa, heç olmasa, vuruşmaq lazımdır. İkinci hissədə komanda gücünü göstərdi. Oyuna belə başlasaydıq, yəqin ki, nəticə fərqli olardı”.

O, Elmir Tağıyevin ilk hissədə əvəzlənməsinin səbəbini belə izah edib: “Mərkəzdə oyunu rəqibə uduzurduq. Dediyim kimi, "Qəbələ" sanki uşaqlarla oynayırdı. Ona görə erkən dəyişikliyə getdik. Elmir yaxşı futbolçudur, amma bu gün oyunu alınmadı. Üstəlik, sarı vərəqəsi də var idi. Bunu nəzərə alıb onu əvəzlədim”.

Elmir Tağıyev oyundan çıxarkən  Şahin Diniyevlə görüşmədi. Baş məşqçi bu məsələyə də toxunub: “İndiyə qədər məndən yalan eşitməmisiz. İndi də necə var, elə də deyəcəm. Futbolçu emosiolarda idi. Mən adətən oyundan çıxan futbolçularla görüşürəm. Amma Elmirin durumunu nəzərə alıb görə ona yaxın getmədim. Onu tək buraxdım. Belə anlarda futbolçunun özünə gəlməsi üçün müəyyən qədər zaman ehtiyac olur. Yəni mən onunla görüşmədim, o mənimlə yox”.

Mütəxəssis komandasının üzvü Kizitonun hazırlıq səviyyəsinə də toxunub: “Kizito zədədən sonra bir az geriləyib. Neçə dəfə şans vermişəm, amma özünü göstərə bilməyib. Məşqlərdə də görürdüm ki, Mirabdulla hazırda ondan daha yaxşı formadadı. Bu səbəbdən də ikinci hissədə Kizitoya deyil, Mirabdullaya şans verdim”.

Çalışdırıcı sonuncu pillənin sahibinin çempionatın axırıncı - 36-cı turunda baş tutacaq “Səbail” - “Şamaxı” görüşündə müəyyənləşməsi ehtimalından da söz açıb: “Mən istəmirəm ki, hər şey son tura qalsın. Qarşıdakı 3 oyundan maksimum yararlanmağa çalışacağıq. Həmin görüşlərdə qələbə qazana bilərik. Son tur adətən lotoreyadır. Hər iki komanda basqı aldında olacaq. Meydanda futbol yox, mübarizə gedəcək. Ona görə də, hər şeyi son tura saxlamaq olmaz”.

Mütəxəssis "CBC Sport"a müsahibəsində VAR-a inanmaması haqda fikir səsləndirməsi barədə deyib: “Əvvəllər hakimlərin qərəzli olduqlarını düşünmürdüm. Amma son vaxtlar gördüklərim belə düşünməyimə səbəb olur. Hakim VAR-a gedəndə bilirdim ki, penalti verməyəcək. Əks qapıda olsaydı, penalti təyin edərdi. Çox yorulmuşam.Ona görə də hakimlikdən danışmaq istəmirəm”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30