26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Futzal

Zaur Axundov: “Milliyə qayıtmaq üçün o, komandadan üzr istəməlidir”

Azərbaycan Futzal Federasiyasının prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü Zaur Axundovun Futbolxeber.az saytına müsahibəsi

- Futzal millimiz Bakıda keçirilən seçmə mərhələ oyunlarını uğurla başa vuraraq Avropa çempionatının final mərhələsinə yüksəldi. Əvvəlcə bu uğurlu nəticə ilə bağlı fikirlərinizi öyrənmək istərdik.

- Azərbaycan futzal, futbol ictimaiyyətini təbrik edirəm. Millimiz ardıcıl beşinci dəfə Avropa çempionatının final mərhələsinə yüksəldi. Seçmə mərhələni 100 faizlik nəticə ilə birinci yerdə başa vurduq. Bundan böyük sevinc ola bilməz. Artıq yaxşı hazırlaşıb, yanvarda Sloveniyada keçiriləcək Avropa çempionatına ciddi hazırlaşmalıyıq. Avqustdan, sentyabrdan qitə birinciliyinin hazırlığına start verəcəyik.

- İlk oyunda millimiz Bosniya və Hersoqovina üzərində çətin qələbə qazandı. Həmin görüşdən sonra növbəti 2 görüşü böyükhesablı qələbə ilə başa vuracağımızı gözləyirdiniz?

- İlk oyun, mən deyərdim hər 3 oyun ağır keçdi. Əgər birinci hissələri yada salsaq, çətinliklə üzləşdiyimizi xatırlayarıq. Təbii ki, hər 3 rəqib bizə qarşı ciddi hazırlaşmışdı. Hər kəs Azərbaycana qarşı bacardığından da yaxşı oynamaq istəyir. Bu səbəbdən də bir qədər narahatçılıq var idi. Hər oyunun fasiləsində uşaqlarla söhbət edirdik. Təbii ki, qarşılaşmalar çətin alındı. Biz bunu gözləyirdik. Bilirdik ki, rəqiblər bizə qarşı aqressiv oynayacaqlar. Belə də oldu. Buna baxmayaraq, uşaqlar hər 3 oyununun ikinci hissəsində rəqibi tam üstələyə bildilər.

- Seçmə mərhələdə həm də yerli oyunçuları iş başında görə bildik. Onların çıxışını necə dəyərləndirərdiz?

- Baş məşqçi ilə söhbətimiz olmuşdu. Həmişə demişəm ki, yerli oyunçuların yetişməsi üçün zaman ehtiyac var. Hazırda həmin oyunçular legionerlərin yanında məktəb keçirlər. Uşaqlarda özünəgüvən yaranıb, rəqibdən çəkinmirlər. Yerli oyunçuların milliyə cəlb olunması prosesi davam edəcək. Daha 4-5 perspektivli gənc var ki, yaxın gələcəkdə onların yığmaya qoşulması gözlənilir. Namiq Məmmədkərimov, Xətai Bağırov, İsa Atayev, Faiq Əliyev və digərləri özlərini yaxşı tərəfdən göstərdilər. Özünüz də görürsünüz ki, onların oyunlarında inkişaf var. Zaman keçdikcə daha yaxşı çıxış edəcəklərinə inanıram. Rövşən Hüseynli vaxtı ilə yığmada ikinci qapıçı sayılırdı. Millinin əsas qapıçısı Laesionun yanında təcrübə qazandı və bu gün özünü ən yaxşı tərəfdən göstərir.

- Adətən Bakıda keçirilən seçmə mərhələ oyunlarında yığmamızın favoritlər istisna olmaqla, digər rəqiblər üzərində asan qələbələrinə şahidlik etməyə örəşmişik. Amma bu dəfə sanki komandamız bir qədər çətinlik çəkirdi, qarşılaşmalar əvvəlkilərdən daha gərgin alındı. Bunu ölkə çempjonatında hazırda rəqabətin olmaması ilə əlaqələndirmək mümkündür?

- Çempionatda rəqabət olmadığını deməzdim. Milli komandamız “Araz”ın bazasında formalaşır. Bir neçə il əvvəl “Fənər”, “Xəzər adaları” kimi güclü klublar var idi. Heyətlərinə yaxşı legionerlər cəlb etmişdilər. Hətta “Xəzər adaları” ölkə çempionu da oldu. Lakin çempionatımızın özünəməxsus xüsusiyyəti var. Milli “Araz”ın bazasında formalaşsa da, yığmaya “Neftçi”, “Ekol”dan da oyunçular cəlb olunur. Çempionatımızın gedişatından da razıyam. Həmişə demişəm ki, hər birimizin məqsədi Azərbaycan yığmasının uğur qazanmasıdır.

- Avropa çempionatının seçmə mərhələsi Biro Jadenin baş məşqçi vəzifəsində ilk sınağı idi. O, bu imtahandan üzüağ çıxdı, yoxsa narazı qaldığınız məqamlar oldu?

- Narazı qaldığım məqamlar oldu. Biro Jade peşəkar oyunçu olub. Millimizə böyük fayda verib. Bunu yaddan çıxarmaq olmaz. Lakin baş məşqçi vəzifəsi başqa səviyyədir. Bunun üçün illər, təcrübə lazımdır. Biro bu gün təcrübəsizlikdən əziyyət çəkir. Miltinyo ailə problemlərinə görə millimizdən ayrıldı. Mövsümün ortasında yaxşı məşqçi tapmaq çətin idi. Ona görə də yığmanı Biro Jadeyə həvalə etdik. İstəsə, gələcəkdə də yığmamızda qalacaq. Baş məşqçi məsələsinə mövsümün sonunda qayıdacağıq. Qarşıdan Avropa çempionatı gəlir. Millimizin baş məşqçisi kim olur olsun, əsas məqsəd Avropa çempionatında uğur qazanmaqdır.

- Millimizin baş məşqçisi vəzifəsinə namizəd kimi Kakau və Alessionun adı çəkilir. Bu, nə dərəcədə doğrudur?

- Kakau ilə heç bir söhbətimiz olmayıb. Bu, cəfəngiyyatdır. O, bizim maraq dairəmizə daxil deyil. Alesio, “Neftçi”nin sabiq baş məşqçisi Kakau, eləcə də 2 ispan məşqçi gündəmimizdə olub. Siz dediyiniz Kakau isə piarı sevir. Bəlkə yatıb yuxusunda onunla maraqlandığımızı görüb. Məndən xəbərsiz kiminsə onunla danışıq aparması qeyri-mümkündü.

- Alessionun millimizdən qalmaqalla ayrıldığını nəzərə alsaq, onun geri qayıtmaq ehtimalı nə dərəcədə yüksəkdir?

- Həqiqətən də o millimizdən qalmaqalla getdi, amma çox keçmədən səhvini başa düşdü. Bizə bir neçə dəfə bununla bağlı məktub yazdı, sonradan görüşdük də. Amma tək Alessionun namizədliyinin üstündə dayanmaq olmaz. Namizədlər çoxdur. Baş məşqçinin kimliyindən asılı olmayaraq, millimizə Sloveniyada nəticə lazımdır.

- Daim yığmanın uğur qazanması üçün şərait yaratsanız da, əsas problem yoxlama oyunları ilə bağlı olur. Bu dəfə, Avropa çempionatı öncəsi eyni çətinliyin yaşanmaması üçün hansı addımlar atmağı planlaşdırırsız?

- Biz dı çalışırıq ki, yoxlama oyunlarının sayını mümkün qədər çox keçirək. Amma bəzən ortaya gözlənilməz problemlər çıxır. Dəfələrlə olub ki, rəqib komandalar oyun üçün razılıq veriblər, amma 20 gün qalmış müəyyən səbəblərə görə qarşılaşmaq alınmayıb. Rəsmi oyunlar öncəsi yoxlama matçları yüzdə yüz lazımdı. Özü də çox yaxşı rəqiblərlə qarşılaşmalı, komandanın nəyə qadir olduğunu yoxlamalıyıq. Fikrinizlə tam razıyam. Bu dəfə hər şey fərqli olacaq. Bilirik ki, yanvarın 30-da Avropa çempionatı start götürəcək. Artıq iyuldan yoxlama görüşləri üçün danışıqlara başlayacağıq. Qitə çempionatı öncəsi ən azı 2 uzunmüddətli təlim-məşq toplanışı olacaq və hər toplanışda 3-4 yoxlama görüşü keçirəcəyik.

- Millidən kənarda qalan Ramiz Çovdarovun geri qayıtmaq ehtimalı var?

- Ramiz komandadaxili nizam-intizamı pozub. Onun ilk dəfə yığmaya mən cəlb etmişəm. Yaxşı oyunçudur, bu turnirdə də ona ehtiyacımız var idi. Amma hər şeydən yüksəkdə nizam-intizam durur. Gələcəkdə səhvini başa düşsə, nizam-intizama əməl etsə, yenidən yığmaya qayıda bilər. Bunun üçün bütün komandanın qarşısında üzr istəməlidir.

Söhbətləşdi: İBRAHİM




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30