27 Aprel 2024, Şənbə
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Ölkə futbolu

Yaşar Seyidov: “Yeni dövlət proqramı futbolun inkişafına zəmin yaradacaq”

Uzun illər Azərbaycan futbolunda rəhbər şəxslərdən olmuş, 2 dəfə AFFA İcraiyyə Komitəsinə üzv seçilmiş, hazırda II Liqada mübarizə aparan “Dinamo”ya rəhbərlik edən Yaşar Seyidovun Futbolxeber.az saytına müsahibəsi

 

- “Dinamo” ikinci dövrəyə qələbə ilə başladı. “Şəmkir” üzərində əldə olunan 3:2 hesablı qələbəni necə şərh edərdiniz?

- İlk növbədə bütün “Dinamo”sevərləri qələbə münasibəti ilə təbrik edirəm. Maraqlı, gərgin oyun alındı. Xoşdur ki, komandamız görüşü qələbə ilə başa vurdu. İnanıram ki, bu gənc və perspektivli futbolçularımız bizi qarşıdakı oyunlarda da qələbələri ilə sevindirəcəklər.

- “Dinamo” qış fasiləsindən necə yararlandı?

- Fasilədə komanda intensiv hazırlıq keçdi. Heyətdə müəyyən qədər dəyişikliklər oldu. Komandadan bir sıra futbolçular getdi, eləcə də yeni gələnlər oldu. Ümumiləşdirsək, demək olar ki, ikinci dövrəyə hazırıq.

- Keçmiş FİFA referisi Tahir Süleymanov İcraiyyə Komitəsinin üzvü olduğunuz Bakı Futbol Federasiyasının yeni prezidenti seçildi. Bu seçimlə bağlı fikirləriniz maraqlıdır.

- 10 ildir Bakı Futbol Federasiyasının İcraiyyə Komitəsinin üzvüyəm. Fürsətdən istifadə edib saytınız vasitəsi ilə Azərbaycanın dəyərli futbol adamı Tahir Süleymanovu təbrik edirəm. Tahir müəllim FİFA referisi kimi uzun illər Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil edib. İnanıram ki, onun rəhbər seçilməsindən sonra Bakı Futbol Federasiyasının fəaliyyətində dönüş olacaq. Futbolumuza xeyirli-uğurlu olsun.

- Rövnəq Abdullayev bu günlərdə yenidən AFFA prezidentiliyinə namizəd olmayacağını açıqladı. Bu qərarı necə qiymətləndirirsiniz?

- Rövnəq müəllim Azərbaycan futbolu üçün çox böyük işlər görüb. Heç kəs bunu dana bilməz. Onun AFFA-ya rəhbərlik etdiyi illərdə  milli komandalar üçün təlim-məşq bazaları, Bakı Olimpiya Stadionu, “Neftçi arena” kimi stadionlar inşa edildi. Eləcə də ölkəmizin müxtəlif rayon və şəhərlərində 20-yə qədər meydança istifadəyə verildi. 2012-ci ildə müsəlman ölkələr arasında ilk dəfə Azərbaycanda 17 yaşadək qızlar arasında dünya çempionatı, Bakıda UEFA Avropa Liqasının finalı keçirildi. Eləcə də paytaxtımız AVRO-2020-nin 4 oyununa ev sahibliyi etdi. Bütün bunlar məhz Rövnəq müəllimin Azərbaycan futboluna rəhbərlik etdiyi illərdə baş verdi və əminliklə demək olar ki, o, kifayət qədər müsbət işlər görüb. Ola bilər milli səviyyəsində ciddi uğur qazanılmayıb. Amma istənilən halda Rövnəq Abdullayevin AFFA rəhbəri kimi fəaliyyətini yüksək qiymətləndirirəm.

- Siz uzun illər Azərbaycan futboluna rəhbərlik edən şəxslərdən biri olmusuz. Eləcə də 2 dəfə AFFA İcraiyyə Komitəsinə üzv seçilmisiniz.  Azərbaycan futbolundakı yeni mərhələ ilə bağlı gözlətiləriniz nədir?

- İlk öncə yeni seçiləcək AFFA prezidentinə uğurlar arzulayıram. Bayaq da dediyim kimi, futbolun inkişafı üçün infrastruktur baxımından müəyyən işlər görülüb. İndi bunun davamını gözləməliyik. İnanıram ki, tezliklə futbolun inkişafı ilə bağlı yeni dövlət proqramı qəbul olunacaq. Futbolumuzun inkişafı üçün bu, mütləqdir. Premyer Liqa, I Liqa, II Liqa, Region Liqası, Gənclər Liqası - bütün bu çempionatlar üzrə sistemli şəkildə iş aparılmalıdır. Yeni dövlət proqramı futbolun inkişafına zəmin yaradacaq.

- Son zamanlar əsas müzakirə mövzularından biri də milli komandamızın baş məşqçisi ilə bağlıdır. Siz necə düşünürsünüz: milli komandamız üçün yerli məşqçi daha çox faydalı olar, yoxa əcnəbi?

- Son zamanlar əvvəlki illərlə müqayisədə ölkə xaricində çıxış edən futbolçularımızın saytı artıb. Lakin yenə də millinin əsasını məhz ölkə daxilində forma geyən futbolçular təşkil edir. Məhz bu baxımdan hesab edirəm ki, yerli məşqçi seçimi daha doğru olardı.

- Konkret namizədiniz var?

- Ad çəkmək düzgün çıxmaz. Yalnız onu deyə bilərəm ki, bu gün milliyə rəhbərlik edə biləcək kifayət qədər məşqçimiz var.

Fərəc ASLANOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30