9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Mirzov: "Neftçi”yə keçməyimdə onun böyük rol oynadığını deyə bilərəm”

"Neftçi"nin futbolçusu Reziuan Mirzov Rusiyanın "Sport Express" nəşrinə geniş müsahibə verib. Futbolxeber.az saytı rusiyalı yarımmüdafiəçinin müsahibəsini ixtisarla təqdim edir.

 

- Üç aydır ki, Azərbaycandasınız. Yeni komandaya və ölkəyə uyğunlaşma necə gedir?

- Uyğunlaşmaq asandır. Çünki bu ölkənin mentaliteti mənə yaxındır. Mən Qafqazda doğulub böyümüşəm, ona görə də Bakıya köçəndə heç bir problem olmadı. “Neftçi”də yaxşı qarşılandım.

- Bakı Moskvadan nə ilə fərqlənir?

- Bakı çox gözəl şəhərdir. Bu, hətta mənim üçün bir qədər gözlənilməz oldu. Yeni şəhəri bəyəndim. İçərişəhəri ziyarət etmək imkanım oldu. Bakıda hava Moskvadan fərqlidir. Burada o qədər soyuq deyil. Son vaxtlar bir az soyuq olur, amma yenə də burada özümü yaxşı hiss edirəm.

- Niyə “Neftçi”ni seçdiniz?

- “Ximki” ilə müqaviləm başa çatanda qarşıma məqsəd qoydum - Avropaya getmək. Özümü xaricdə sınamaq istəyirdim. Yayda Yunanıstan, Kipr və Türkiyə klubları ilə danışığım oldu. Gündəlik həyat baxımından Türkiyə seçimi daha yaxın idi. “Neftçi” variantı transfer pəncərəsinin son anında meydana çıxdı.

- Bəs niyə Türkiyə klubuna keçmədiniz?

- Bir neçə dəfə demək olar ki, əşyalarımı yığıb yola çıxdım. Ancaq son nəticədə danışıqlarda verdikləri vədləri yerinə yetirmədilər. Ümumiyyətlə, Türkiyə klubuna keçməyi planlaşdırırdım. Bu yay mənimlə əlaqə saxladılar, zəng etdilər və dedilər ki, ora gedim. Amma sonda Azərbaycana gəldim.

- Yeni ölkə seçimində din məsələsinin rolu olubmu?

- Təbii ki, bu, seçimimə təsir etdi. Azərbaycan müsəlman ölkəsidir. “Neftçi”dən təklif gələndə bir az fikirləşib qəbul etdim. Tez bir zamanda bütün detalları razılaşdırdıq. Sentyabrda çox istəyirdim ki, müqavilə imzalayıb meydana çıxım. Bir ay boş oturmaq çətin idi.

- “Neftçi”dən təklif gələndə kiminlə məsləhətləşdiniz?

- Yayda “Sabah”a keçən Ayaz Quliyevlə danışdım. Məndə Azərbaycan çempionatında oynamaq ideyası Quliyevin buraya gəlməsindən sonra yarandı. Azərbaycan və yerli çempionatla bağlı onunla danışdım. "Neftçi”yə keçməyimdə Ayazın böyük rol oynadığını deyə bilərəm.

- Azərbaycan və Rusiya Premyer Liqaları nə ilə fərqlənir?

- Azərbaycanda üç güclü komanda var: “Sabah”, “Qarabağ” və “Neftçi”. Onlar avrokuboklarda oynayırlar. Gəlib çempionatı görəndə yaxşı mənada təəccübləndim. Liderlərlə rəqabət apara biləcək beş-altı komanda var. Eyni zamanda, bir mövsümdə dörd dəfə eyni rəqiblə oynamağımızda problem yoxdur. Digər bir üstünlük uzun uçuşların və səfərlərin olmamasıdır. Komandaların əksəriyyəti Bakıda yerləşir. Uzaq səfər matçlarında mənzil başına avtobusla 4 saata çatmaq olur. İnfrastruktur baxımından hər şey qaydasındadır.

- Ayaz Quliyev vətəndaşlığını dəyişdi. O, indi Azərbaycan vətəndaşıdır. Eyni şeyi etmək barədə düşünürsünüz?

- Belə bir fikrim heç vaxt olmayıb və olmayacaq. Rusiya millisinə düşmək və bir neçə oyuna çıxmaq istəyirəm.

- Amma Karpin (Rusiya millisinin baş məşqçisi Valeri Karpin nəzərdə tutulur – red.) yaşı 30-dan yuxarı olan futbolçuları milliyə çağırmır.

- Hazırda millidə mənim yaşımda olan Georgi Djikiya və Daler Kuzyaev var. Milliyə çağırılmaq üçün hər şeyi edəcəyəm. Demirəm ki, oturub Karpindən zəng gözləyirəm. Çalışıb ölkənin əsas komandasında oynamağa hazır olduğumu sübut edəcəm.

- Nə vaxtsa "Spartak"a qayıdacağınıza inanırsınız?

- İndi “Neftçi”də futboldan həzz alıram. Başa düşürəm ki, karyeramın dörd-beş ili qalıb və əylənmək istəyirəm. Heç bir şey sizin istədiyiniz kimi olmayanda, komanda çox şey itirir, sonra futboldan yorulursunuz və zövq ala bilmirsiniz. “Neftçi”də hər şey fərqlidir: oynayıram, məşq edirəm, ən əsası oyundan həzz alıram. Karyeramı bitirənə qədər futboldan almaq istədiyim budur.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31