9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

PFL rəsmisi: “Möhtəşəm təcrübə oldu”

“İlk növbədə bu layihənin ərsəyə gəlməsində rol oynayan AFFA-ya xüsusi təşəkkür edirəm. Futbol sahəsində möhtəşəm təcrübədir. Budəfəki səfər AFFA və UEFA Akademiyasının birgə əməkdaşlığı çərçivəsində "Elite Club Programme" təhsil layihəsinin ikinci sessiyası çərçivəsində reallaşmışdı. Dekabrın 9-dək davam edən seminar Almaniyanın Frankfurt şəhərində təşkil edilirdi. Seminarda AFFA, PFL və Misli Premyer Liqasında mübarizə aparan klubların nümayəndələri iştirak edirdi”.

Futbolxeber.az saytına açıqlamasında bu sözləri Peşəkar Futbol Liqasının (PFL) media və marketinq direktoru Sənan Abdullayev AFFA və UEFA Akademiyasının birgə əməkdaşlığı çərçivəsində Almaniyada təşkil olunan “Elite Club Programme” təhsil layihəsi ilə bağlı danışarkən deyib.

O, ilk gün Belçika və İsveçrə klublarının rəsmilərinin çıxış etdiyini bildirib: “Tədbirin ilk günündə  “Ayntraxt” (Frankfurt) klubunun strukturu və strategiyası, klubun əməliyyatlarının idarə edilməsi, idman direktorunun və idman departamentinin rolu barədə seminar keçirildi. Klubun əməliyyatlarının idarə edilməsi mövzusunda Belçikanın “Leuven” klubunun baş icraçı direktoru Peter Villems, idman direktorunun və idman departamentinin rolu haqqında İsveçrənin “Servet” klubunun idman direktoru, veteran futbolçu Filip Senderos çıxış etdi. Günün sonunda kluba məxsus stadiona tur təşkil edildi”.

S.Abdullayev qeyd edib ki, ikinci gündə təlimlər “Maynts” klubunun stadionunda keçirilib: “Seminarda “Maynts” klubunun futbol direktoru Martin Şmidt klubun strukturu və strategiyası, UEFA-nın qanunvericilik və qaydalar üzrə eksperti Yann Hafner “oyunçu transferinin hüquqi aspektləri” mövzusunda çıxış etdi. Bununla yanaşı, CEO və idman direktorunun baxışı ilə oyunçuların transferi haqqında müzakirələr, danışıqların əsas prinsipləri, danışıqların aparılması haqda müzakirələr, dəyər iddiaları barədə təlimlər verildi. “Maynts”ın stadionuna da tur təşkil edildi”.

Proqramın son günündə isə seminarlar Almaniya Futbol İttifaqının mənzil qərargahında baş tutub: “Almaniya Futbol İttifaqının (AFİ) nümayəndəsi, uşaq və qadın futbolu üzrə baş menecer Qritt Broeninq “Qadın futbolunun inkişafı”, “Bayer 04” klubunun məşqçilərinin rəhbəri Keld Bordinqqard “İdman strategiyasinin hazırlanması”, professor Florisn Pfeffel “Komanda menecerinin düzgün təyin edilməsi”, “Komandanın uğuruna töhfə” mövzularında seminar keçdi. Skaut sistemi ilə bağlı İngiltərə “Arsenal”ının skautinq üzrə analitiki Tom Kuperin “Klubda skaut sisteminin təşkili və istedadlı oyunçuların aşkar edilməsi”, “Skaut sistemində və işə qəbulda yeni texnologiyalar” barədə dedikləri İngiltərə Premyer Liqasının bu qədər yüksəkdə olmasının real göstəricilərindən biri idi. Bütün bunlar möhtəşəm təcrübə oldu. Artıq iki mərhələ geridə qalıb. Üç mərhələdən ibarət olan layihənin sonuncu sessiyası gələn ilin fevral ayında Bakıda keçiriləcək”.

“Sözügedən təlim Azərbaycan futboluna hansı yenilikləri gətirə bilər?” sualının S.Abdullayev belə cavablandırıb: “İstənilən təlimin müsbət tərəfləri mütləq olur. Bu da istisna deyildi. Seminarda Azərbaycan Premyer Liqasının klubları təmsil olunurdu. Futbolun bütün detalları üzrə yeniliklərdən danışıldı. Texnologiyanın futbola tətbiqi, uşaq futboluna müasir yanaşmalar, skaut sistemində fərqliliklər hər kəs üçün maraqlı nümunə idi. Ümid edirəm ki, nələrisə tətbiq etmək mümkün olacaq”.

PFL rəsmisi sözügedən təlimin təmsil etdiyi qurum üçün də böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb: “Bəzi real rəqəmlər şok effekti yaradırdı. Minlərlə stadiona məxsus olmaları, ən zəif Bundesliqa klubunda 130 nəfərin çalışması, uşaq futboluna yanaşmalardakı fərqliliklər, texnologiyanın uşaq futbolundan əsas komandaya qədər ardıcıl tətbiqi və s. Təşkilatçılıq baxımından da çox irəlidə olduqlarını adi sözlərlə belə anlamaq mümkün idi. Təsəvvür edin uşaqların komandaya-məşqlərə cəlb edilməsində uşağın evinin məşq meydançasından nə qədər uzaqda olması da texnologiya vasitəsilə nəzərə alınır və ona uyğun qərar verilir. Klublar üçün strategiyanın minimum 5 illik qurulmasının vacibliyini real nümunə ilə, “Bayer 04”ün nəticələri ilə göstərdilər. Təsəvvür edin, klubun bugünkü nəticələrinin layihəsi 2018-də təqdim olunub. Marketinq yanaşmaları da maraqlı idi. Amma onlarda sistem çoxdan oturduğundan açıq görünür ki, çox rahatdılar. Bizdə isə hələ uzun illər iş var. Ümumilikdə bir daha vurğulayım ki, möhtəşəm təcrübə oldu”.

Azad NURİYEV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31