9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Aleksey İsayev: “Bu qələbə Azərbaycan futbolu tarixinə yazıldı”

Millimizin yarımmüdafiəçisi Aleksey İsayevin Futbolxeber.az saytına müsahibəsi

 

- Milli komandamızın İsveç üzərində 3:0 hesablı qələbəsini necə şərh edərdiz?

- Çox yaxşı oyun keçirdik. Erkən qollar vurduq. Daha sonra da fərqlənmək üçün şanslarımız var idi. Rəqibə qapımız qarşısında real qol şansları vermədik.

- Azlıqda qaldıqdan sonra hər hansı bir gərginlik olmadı?

- Xeyr. 10 nəfərlə qaldıqdan sonra da öz oyunumuzu göstərməyə çalışırdıq. Müdafiəyə daha çox diqqət yetirməklə rəqibi əks-hücumda yaxalamağa çalışırdıq. Düşünürəm ki, azlıqda qalana qədər oyuna nəzarət tamamilə bizim tərəfimizdə idi. Təbii ki, müəyyən səhvlər də var idi. Amma inkişaf etməli, daha da irəli getməliyik. Əla komandamız var.

- Oyunun taleyini vurduğumuz erkən qolların həll etdiyini söyləyə bilərik?

- Əslində, hər qol həlledici, gözəl idi. Tabloda hesab 3:0-dır və bu, ən əsasıdır. Düşünürəm ki, bu qələbə Azərbaycan futbolu tarixinə yazıldı.

- Seçmə mərhələnin əvvəlindən bu cür oynamaq niyə alınmırdı?

- Konkret səbəb göstərmək çətindir. İndi çox söz demək olar. Bəzən nələrsə alınmır. Amma biz hər zaman çalışırıq qələbə qazanaq, azarkeşləri sevindirək. Gələcəkdə də çalışacağıq ki, yaxşı nəticələr qazanaq. Bu, hər dəfə alınmır, bilirəm. Yenə də əlimizdən gələni edəcəyik.

- Qarşıdakı Belçika ilə oyundan nə gözləmək olar?

- Meydana çıxıb öz oyunumuzu göstərməyə çalışacağıq. Belçikanın gücü hər kəsə məlumdur. Bununla belə, Bakıda onlara qarşı yaxşı oynamışdıq. Çalışacağıq ki, bunun ardını səfər matçında da gətirək.

- Belçika millisi artıq Avropa çempionatına vəsiqəni təmin edib. Bu məqam qarşıdakı matçda xeyrimizə ola bilər?

- Ola bilər. Amma Belçika millisi peşəkarlardan formalaşıb. Ona görə də meydana arxayın şəkildə çıxacaqlarına inanmıram. Məncə, Belçika millisi meydana qələbə üçün çıxacaq. Odur ki, bizi qarşıda çox maraqlı oyun gözləyir.

- Oyundan qabaq yüngül zədəniz olduğu deyilirdi...

- Bəli, müəyyən ağrılar var idi. Ona görə də İstanbula yollanaraq müəyyən prosedurları yerinə yetirib millinin düşərgəsinə qoşuldum. Şadam ki, İsveçlə oyunda hər hansı narahatçılıq yaşamadım.

- Oyundan sonra paltardəyişmə otağına gələn AFFA prezidenti Rövnəq Abdullayev qələbə barədə nə dedi?

- Hər kəsi qələbə münasibəti ilə təbrik etdi. Söylədi ki, bundan sonra Belçika ilə matça hazırlaşmaq lazımdır. Qarşıdakı görüşdə komandaya uğurlar arzuladı.

- Xüsusi nəsə bir şey söyləmədi?

- Xeyr.

- İsveç üzərində qazanılan qələbəyə görə nə qədər mükafat alacağınızı da demədi?

- O barədə hər hansı bir söhbət olmadı.

İbrahim CƏFƏROV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31