9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

"Sumqayıt"ın yarımmüdafiəçisi: “Fiorentina”da özümü video oyundakı kimi hiss edirdim” (MÜSAHİBƏ)

"Sumqayıt"ın ispaniyalı yarımmüdafiəçisi Oktavio Manteka Futbolxeber.az saytına müsahibə verib.

- Hazırda "Sumqayıt" Azərbaycan Premyer Liqasında xal itirməyən iki komandadan biridir. Ehtiyatda bir oyununuz var və ikinci pillədə qərarlaşmısız. Startı necə dəyərləndirərdiz?

- Hər 2 matçda maksimum nəticə qazanmağa nail olmuşuq. Keçirdiyimiz oyunların səfərdə olduğunuzu nəzərə alaraq 3 xal qazanmaq asan deyil. Biz hər cəhdi qiymətləndirməyə çalışırıq.

- "Sumqayıt"da yenisiniz. Komandadakı hədəfləriniz nədən ibarətdir?

- Öz üzərimdə çox çalışıram. “Sumqayıt”ın düşərgəsinə yeni qoşulanda zədəli idim. Ona görə də müəyyən vaxt fizioterapiyada keçirdim, hazırda özümü 100 faiz hazır hiss etmirəm. Amma özümü inkişaf etdirirəm və qısa zamanda inanıram ki, istədiyim səviyyəyə çatacam.

- Uyğunlaşma prosesi necə gedir?

- Adaptasiya prosesi çox asan keçdi. Klubda hər kəs məni çox xoş qarşıladı. Bu da olduqca vacibdir.

- Karyeranıza diqqət yetirdikdə kifayət qədər maraqlı məqamla qarşılaşırıq. 2014-2015-ci illərdə "Fiorentina"da çıxış etmisiniz. İtaliya və Azərbaycan çempionatlarındakı atmosferi müqayisə etmək olar?

- "Fiorentina"da çıxış edərkən çox gənc idim. Orada çox şeylər öyrənməli oldum. Stadionlar, azarkeş dəstəyi təbii ki, fərq yaradırdı. Çempionat oyunları balanslı və çətin keçirdi. Qol vurmaq həmişə taktiki gedişlər əsasında, zonalar əsasında mümkün olurdu.

- “Fiorentina”da Salah, Saviç, Alonso, Bernardeski, Xoakin, Varqas, Cilardinyo kimi tanınmış simalarla bir yerdə oynamısınız. Bu ulduzlar karyeranıza nə dərəcədə təsir edə bilib?

- Həqiqətən də "Fiorentina"da çox böyük adlarla birlikdə oynadım. Ora çatanda özümü sanki video oyundakı kimi hiss edirdim. Amma tezliklə Florensiyaya adaptasiya oldum. Mənə daha çox təsir edən Xoakin idi. O, mənim üçün ən yaxşı, fenomenal oyunçu idi. Xoakindən taktiki baxımdan çox şey öyrəndim. O vaxt baş məşqçimiz Vinçenzo Montella məni məşq zamanı müxtəlif mövqelərdə oynadırdı. Bu hal da mənə bacardığım qədər çox şey öyrədirdi.

- Adı çəkilən futbolçuların demək olar ki, bu gün hamısı top klublarda çıxış edir. Sizin karyeranızda enişə səbəb nə oldu?

- "Fiorentina"ya gedəndə gənc idim. Orada cəmi 1 il icarə əsasında çıxış etdim. Montella mənə dedi ki, “A Seriyasında oynaya bilməyəcəm. Çünki həmin vaxt klub Çempionlar Liqasına vəsiqə verən yerlər uğrunda mübarizə aparırdı və bunun üçün Montella məni çox yoxlaya bilmədi. Bununla belə, İtaliya kubokunda oynaya bilərdim, lakin oyundan bir həftə öncə dizimdən aldığım zədə və daha sonra əməliyyat keçirməyim inkişafıma mane oldu. Bir neçə dəfə zədələndim. Amma zaman keçdikcə özümə inandım, artıq iki ildir ki, zədə almadan çıxış edirəm.

- Braziliyada isə məşhur Klarens Zeedorfla komanda yoldaşı olmusuz. Ondan nə öyrənmisiz?

- Zeedorfdan çox şey öyrəndim, o, qələbə üçün yaranıb. Heç vaxt ruhdan düşmür, həmişə ən yaxşısını etmək üçün özünü irəli atır. Onun təfəkkürü və istəyi inanılmaz idi.

- Bayaq Vinçentso Montellanın adını çəkdiz. Bəs Samir Abasovla münasibətiniz necədir?

- Samir Abasov bütün əcnəbi oyunçulara bacardıqca çox kömək olmağa çalışır. Bu, bizə əlavə motivasiya verir, həm də komanda üçün necə vacib oyunçu olduğumuzu göstərir. Baş məşqçi bizə qələbə qazanmaq mentallığını aşılayır. Bizim üçün bu, çox yaxşıdır, biz də bundan ilhamlanıb məşqlərdə və matç zamanı bacardığımızı etməyə çalışırıq. Hazırda isə bu, ilk 2 turun nəticəsində özünü büruzə verir.

- Komanda yoldaşlarınızla münasibətiniz necədir? "Sumqayıt"da ən çox kiminlə münasibətiniz yaxşıdır?

- Ad çəkməyəcəm, bütün oyunçularla yaxşı yola gedirəm. Hər kəs məni bu komandaya gələndə xoş qarşıladı və özümü evimdəki kimi hiss edirəm. Rahatam.

- Azərbaycana Bolqarıstan klubundan gəlmisiniz. Bu iki ölkəni necə müqayisə etmək olar?

- İlk növbədə onu qeyd edim ki, Azərbaycanda hava Bolqarıstana nisbətdə daha istidir. Soyuqdansa buradakı havanı daha üstün tuturam. Komanda bizə tam dəstək verir və biz də uğur qazanmaq üçün hər şeyi edirik. Yeni tikilən gözəl bir stadionumuz var. Amma bəzi səbəblərdən hələ ki orada oynaya bilmirik. Ümid edirəm, bu mövsüm orada oyunlar keçirərik.

- Növbəti turda “Araz-Naxçıvan”la qarşılaşacaqsız. Bu komanda debütant olsa da, heç də pis təsir bağışlamır. "Sumqayıt" qələbə seriyasının ardını gətirə biləcək?

- Biz günbəgün sıx qrafiklə çalışırıq. Oyunumuz azarkeşlərə zövq verir. Dediyiniz kimi, cümə günü daha bir çətin matç bizi gözləyir. Sumqayıta 3 xalla dönəcəyimizə ümid edirik.

Azad NURİYEV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31