9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

“Məsləhət”ə yox, dəstəyə ehtiyac var - QEYD

Futbol amansız oyundu. Dünən qəhrəman olanlar bu gün uğursuzluğa görə ittiham edilirlər. Təbii ki, məğlubiyyət(lər) heç kimi qane edə bilməz. Amma əbəs yerə insaf dinin yarısı deməyiblər. Axı reallıqları da nəzərə almaq lazımdı...

Ötən mövsüm Premyer Liqada özünü yaxşı tərəfdən göstərən “Qəbələ” çoxlarının gözləmədiyi halda dördüncü yeri tutmaqla UEFA Konfrans Liqasına vəsiqə qazandı. Bununla kifayətlənməyən Elmar Baxşıyevin komandası ölkə kubokunu da qazanmaqla mövsümə möhürünü vurdu. Büdcəsinə görə ötən mövsüm “Qəbələ” ən azı çempionatdakı 10 komandanın yarısından geri qalırdı. Lakin “qırmızı-qaralar” inamlı çıxışı ilə sübut etdi ki, futbolda maliyyə çox şeyi həll etsə də, uğur qazanmaq üçün təkcə pul kifayət deyil. Təbii ki, “Qəbələ”nin inamlı çıxışı azarkeşlərin də ürəyincə idi. Rəhbərliyin, baş məşqçinin, futbolçuların şəninə təriflər yağdırılırdı. Düzgün idarəçilik, əla məşqçi işi və s. Təbii ki, bütün bunlar haqqına deyilirdi.

Bu gün isə hər şey əksinədi. Hələ “Araz-Naxçıvan”dan alınan məğlubiyyətdən sonra artıq ciddi narazılıqlar səslənməyə başladı. Dünən “Sumqayıt”la görüşdən sonra isə sosial şəbəkələrdə etirazlar daha da artıb. Əlbəttə, 3 ardıcıl məğlubiyyəti heç kim gözləmirdi. Lakin çox yox, 2 ay əvvəli nə tez unutduq? Rəhbərlik həmin rəhbərlikdi, Elmar Baxşıyev də həmin Elmar Baxşıyev. Qısa müddətdə bir insana qarşı fikirlər necə bu qədər tez dəyişə bilər? Bəs reallıqlar? Yəqin razılaşarsız ki, hazırda uğursuz çıxışın 1 nömrəli səbəbi nə idarəçilik, nə də məşqçilikdi. Əsas səbəb heyətin kasadlığıdı.

Ötən mövsümlə müqayisədə bu il Premyer Liqada rəqabət xeyli artıb. Ötən mövsüm ikinci beşlikdə qərarlaşanların demək olar ki, hamısı bu gün güclənib. “Qəbələ” isə əksinə, heyətinə görə xeyli zəifləyib. Bu gün “Qəbələ” heyətinə görə hansı Premyer Liqa klubundan üstündü? Maksimum “Sumqayıt” və “Kəpəz”in adını çəkmək olar. “Qarabağ”, “Neftçi”, “Sabah” bir yana, Elmar Baxşıyevin komandası “Zirə”dən də, “Turan Tovuz”dan da, “Araz-Naxçıvan”dan da geri qalır. Bunu görmək üçün “futbol professoru” olmağa ehtiyac yoxdu...

Futbolda uyğunlaşma, adaptsiya çox mühüm əhəmiyyət daşıyır. Bu isə müəyyən qədər vaxt aparır. “Qəbələ”nin uğursuzluğunun bir səbəbi də məhz heyətdəki dəyişikliklərdi. Bu gün “Qəbələ”nin start heyətində meydana çıxanlardan kimlər ötən il komandada əsas heyət üzvü idi? Maksimum 2-3 nəfər. Heyətin 7-8 üzvünün birdən-birə dəyişməsi kənardan xırda iş kimi görünə bilər. Lakin yeni gələnlərin komandaya uyğunlaşması üçün vaxt lazımdı. Kiminsə işinə qarışmaq fikrində deyilik. Lakin kənarda durub məsləhət verməyə nə var ki... Lap tutaq ki, Elmar Baxşıyev bu gün getdi, “Qəbələ” ağ günə çıxacaq? Məgər komandanın problemi baş məşqçidədi? Başqa biri gəlsə belə, qeyri-adi heç nə edə bilməz: heyət məlum, büdcə məlum. Odur ki, indiki məqamda “Qəbələ”nin birliyə ehtiyacı var. Unutmayaq ki, komandanın ötən mövsüm qazandığı uğurlarda məhz yumruq kimi birləşməsi heç də az rol oynamamışdı.

İBRAHİM




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31