19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

İngiltərədə oynayan millimizin üzvü: "Rəşad Sadıqov ən çox tanınan oyunçudur"

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığma komandasına İngiltərənin səviyyəcə beşinci sayılan Milli Liqasında çıxış edən “Fayld” klubundan dəvət alan Serhat Taşdemir “Report”a müsahibə verib. Futbolxeber.az 18 yaşlı yarımmüdafiəçinin müsahibəsini təqdim edir:
 
- Türkiyədən İngiltərəyə köçən ailənin övladısınız. Azərbaycan millisinə gəlişiniz necə baş tutdu?
 
- Bir müddət əvvəl U-19 yığmasının baş məşqçisi Vüqar Məmməd mənimlə əlaqə saxladı və Azərbaycan millisində oynamağı təklif etdi. Ailəm və menecerimlə danışdıq, birgə qərar verdik. Onlar da mənim Azərbaycan millisində oynamağımı dəstəklədilər.
 
- Azərbaycanla bağlılığınız var?
 
- Atam Türkiyənin Bayburt şəhərindəndir. Soykökümüzdə Azərbaycana bağlılıq var və ona görə də Azərbaycana olan sevgim həddindən artıq çoxdur.
 
- “Fayld”da oynasanız da, İngiltərənin “Blekbern Rovers” klubunun yetirməsi sayılırsınız...
 
- Bəli, “Tuqay” ləqəbini də orada almışam. Bildiyiniz kimi, Türkiyə millisinin sabiq oyunçusu olan Tuqay Kərimoğlu uzun illər “Blekbern Rovers”də çıxış edib, bu klubun əfsanlərindən sayılır. Karyerasını bitirdikdən sonra klubun akademiyasında çalışıb. Məni ona bənzətdikləri üçün bu cür ləqəb veriblər. Həmin vaxt orta sahədə çıxış edirdim. İndi isə hücumçu ampluasındayam.
 
- Kərimoğlu ilə şəxsi tanışlığınız var?
 
- Bəli, tanışıq. Məşqlərimizə gəlirdi və mənimlə tez-tez görüşürdü. Ondan çox şey öyrəndim, mənə çatışmazlıqlarımı söyləyirdi. O, Türkiyəyə döndükdən sonra əlaqəmiz kəsildi.
 
- İyulun 21-də 19 yaşınız tamam olacaq. Klubunuzun saytında “Fayld”ın tarixinə ən gənc qol vuran futbolçu kimi düşdüyünüz qeyd olunub...
 
- Düzdür, 2017-ci ilin sentyabrında “Bromli” ilə matçda 16 yaş 110 günlüyümdə fərqlənmişəm. Elə həmin il klubla ilk peşəkar müqaviləmi bağlamışam. İlk mövsüm mənim üçün çox uğurlu oldu, 28 oyunda 5 qol vurmaqla yanaşı, 4 məhsuldar ötürmə etdim. Bununla da klubun tarixinə ən gənc bombardir kimi düşdüm. Üstəlik, baş məşqçimiz Deyv Çallinor tərəfindən 2017/2018 mövsümünün ən yaxşı gənc oyunçusu seçildim. Cari çempionatda da 4 qolum var. Klubum qədim tarixə malik olmasa da, hədəfləri böyükdür. 2022-ci ilədək mümkün olduğu qədər daha üst liqalara çıxmaq istəyirik.
 
- Niyə Türkiyə və ya İngiltərə yığmalarından dəvət gözləməyi yox, Azərbaycan millisində oynamağı seçdiniz?
 
- İngiltərə millisindən təklif alacağım müzakirə olunurdu. Hətta “Sky Sports”da bu barədə xəbərlər çıxmışdı, amma çağırılmadım. Türkiyədən isə heç vaxt maraqlanmayıblar. Belə bir durumda Azərbaycandan təklif gəldi və mən də məmnuniyyətlə qəbul etdim. Artıq milliyə alışmışam.
 
- Özü də çox tez. Antalya toplanışında iştirak etdiyiniz ilk iki oyunda fərqləndiniz...
 
- Buna görə çox sevinirəm. Həm Rusiyanın “Krasnodar-3”, həm də Küveytin U-19 yığması ilə 1:1 hesablı heç-heçə etdiyimiz yoxlama matçlarında qol vurdum. Fərqlənmək əladır. Lakin əsas məqsədim komandama faydalı olmaqdır.
 
- Milliyə gələnə qədər Azərbaycan barədə nə bilirdiniz?
 
- Anamla atam həm Türkiyə, həm də Azərbaycan haqqında çox xoş sözlər söyləyiblər. İngiltərədə doğulub-böyüsəm də, Azərbaycanla bağlı yetərincə məlumatlıyam. Zamanla komanda yoldaşlarıma daha da çox uyğunlaşacağıma, dostlaşacağıma inanıram.
 
- Azərbaycanlı futbolçulardan kimləri tanıyırsınız?
 
- Rəşad Sadıqov ən çox tanınan oyunçudur. Milli komandada hamıdan çox forma geyinmiş kapitandır. Araz Abdullayev və Kamran Ağayevi də tanıyıram.
 
- Azərbaycan millisində şəxsi hədəfləriniz nədir?
 
- Hər şeydən əvvəl martda keçiriləcək elit-raundu düşünürəm. Bu turnir bizim üçün çox önəmlidir. Növbəti mərhələyə vəsiqə qazanmağımız üçün əlimdən gələni edəcəyəm. Gələcəkdə Azərbaycanın U-21 və əsas yığmasından dəvət gələcəyi təqdirdə də məmnuniyyətlə oynayacağam. Bir hücumçu kimi məqsədim Azərbaycan millisinin bombardiri olmaqdır.
 
- Hansı klubun formasını geyinməyi xəyal edirsiniz?
 
- “Mançester Yunayted”in.
 
- Azərbaycan klublarından yaxşı təklif gəlsə, qəbul edərsiniz?
 
- Futbolda hər şey mümkündür. Necə olacağını zaman göstərəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31