26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Fərhad Vəliyev: “Prosineçki məni yığmaya çağıra bilərdi”

“Sumqayıt” klubunun qapıçısı Fərhad Vəliyev apasport.az saytına müsahibə verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir.
 
- Premyer Liqanın ilk dövrəsini 10 xalla 4-cü pillədə tamamladınız...
 
- Düşünürəm ki, birinci dövrədə 10 xal toplamaq pis nəticə deyil. Təbii ki, bəzi görüşlərdə itirilən xallar oldu. Ancaq bu, bizi həvəsdən salmır. İnanıram ki, ikinci dövrədən etibarən daha yaxşı çıxış edəcək və xallarımızın sayını artıracağıq.
 
- “Qəbələ”, “Zirə” və “Qarabağ”a məğlub oldunuz, “İnter”lə bərabərə qaldınız. Hansı oyundakı xal itkisinə təəssüfləndiniz?
 
- “Zirə” ilə səfər matçında 3 xal itirdik. Halbuki, ordan ən azı heç-heçə ilə dönə bilərdik. “İnter”lə oyunu da qeyd edə bilərəm. Doğrudu, həmin matçın ikinci hissəsində “İnter”in də qol vəziyyətləri oldu. Bir növ oyun getdi-gəldi. Amma düşünürəm ki, həmin qarşılaşmanın ədalətli nəticəsi bərabərlik idi. Həmçinin “Qəbələ” ilə səfər oyunundan da 1 xalla dönə bilərdik. “Qəbələ” və “Zirə” ilə ikinci dövrədə evdə keçirəcəyimiz görüşlərdə itirilən həmin xalları qaytarmağa çalışacağıq.
 
- Yay fasiləsində heyət kifayət qədər gücləndirilsə də, qeyri-stabil çıxış edirsiniz. Bunun səbəbi nədi?
 
- Bizdə əsasən yerli futbolçular toplaşıb. Ötən mövsümlə müqayisədə budəfəki heyətimiz daha güclüdü. Düşünürəm ki, bu, oyun stabilliyindən irəli gəlir. Elə futbolçu var ki, bir oyunda gücünün 70-80 faizini göstərir, növbəti görüşü bir qədər zəif keçirir. Yəni stabilliyi saxlaya bilmirlər. Yaranan fasilədən lazımınca yararlanıb, yaxşı məşq keçməliyik. Stabilliyi qoruya bilsək, bunun nəticələrə də müsbət mənada böyük təsiri olacaq.
 
- 7 oyunda 10 qol buraxmısınız. Problem qapı xəttindədi, yoxsa müdafiə...?
 
- 10 qol buraxmışıqsa, bu, ümumi komandanın boynuna düşür. Düzdü, buraxılan qollarda səhvlər olub. Amma konkret kimisə günahlandırmaq düzgün olmaz. Çünki biz kollektiv oyuna üstünlük veririk. Təbii ki, 7 matçda 10 top buraxmağı biz də istəməzdik. Çalışacağıq ki, bu rəqəmi minimuma endirək.
 
- VI turda “Qarabağ”la keçirilən görüşdə qapıda Mehdi Cənnətov dayanmışdı və matçdan sonra baş məşqçi Samir Abasov yaşınızın çox olduğunu, onu sizin yerinizə hazırladığını bildirmişdi. Həqiqətən də, özünüzü yaşlı hiss edirsiniz?
 
- Xeyr, Allaha şükür, oynamağa gücüm var. Baş məşqçi yaşımı nəzərdə tutaraq bu fikri bildirib. Bunu normal qəbul edirəm. Mehdi gənc qapıçıdı, onda uğurlu gələcək görürlər. İnanıram ki, gələcəkdə onun bizə köməyi dəyəcək.
 
- Yığmanın baş məşqçisi Robert Prosineçki də bu yaxınlarda sizi tərifləməsinə baxmayaraq, yaşınızın çox olduğunu vurğulamışdı. Məşqçilərin bu münasibəti sizə mənfi mənada təsir etmir?
 
- Bəli, Prosineçki məni tərifləmişdi ki, təcrübəli qapıçıdı. Baş məşqçi bildirdi ki, AÇ-2020-yə hazırlaşdıqları üçün gənclərə üstünlük verirlər. Düşünürəm ki, elə təcrübəli qapıçı kimi çağıra bilərdi. 2014-cü ildəki dünya çempionatında Fərid Mondraqon 43 yaşında Kolumbiya millisinə dəvət edilmişdi. Ötənilki Avropa çempionatında Macarıstanın qapısını 40 yaşlı Qabor Kirali qoruyurdu. Təcrübəli qapıçılar çoxdu. Ancaq Prosineçkinin cavanlara üstünlük verməsi qərarı də normaldı.
 
- Hələ də milliyə çağırılacağınıza ümid edirsiniz?
 
- Əlbəttə, mən də təcrübəli qapıçı kimi milliyə dəvət almaq istəyərdim. Bu məsələ ötən mövsüm də gündəmdə idi. Sadəcə, bayaq qeyd etdiyim kimi, baş məşqçi gənclərə üstünlük verir. Yenə də çempionat matçlarında əlimdən gələni edəcəyəm ki, bəlkə gələcəkdə fikrini dəyişdi. Hər gün bir fikir yarana bilər. Sabah ola bilsin dəvət elədilər. Bu üzdən də daim hazır olmalıyam.
 
- Kamran Ağayevdən sonra millinin əsas qapıçısı olması gözlənilən Səlahət Ağayevlə rəqabət aparacaq gənc qapıçı, demək olar ki, yoxdu. Bu problem nədən qaynaqlanır?
 
- Mən bunu çempionatda komandaların sayının azlığı ilə əlaqələndirərdim. İddialı klublar da əcnəbi qapıçılara üstünlük verirlər. Onları başa düşmək olar. Çünki yerli qapıçı qıtlığı olduğundan və avrokuboklarda da uğurlu çıxış etmək üçün gəlmələrə güvənirlər. Düşünürəm ki, klub sayının az olmasının və çempionatın səviyyəsinin aşağı düşməsinin güclü qapıçıların üzə çıxmasına problem yaradır. Emil Balayev, Şahruddin Məhəmmədəliyev kimi gənclər var ki, onlara da şans vermək lazımdı. Onlar klublarında müntəzəm oynamalıdılar ki, Kamran Ağayevlə, Səlahət Ağayevlə rəqabət apara bilsinlər.
 
- Artıq 37 yaşınız var. Karyeranızı nə zaman bitirməyi düşünürsünüz?
 
- “Sumqayıt”la mövsümün sonuna qədər müqaviləm var. Ancaq ondan sonra da bir neçə il karyeramı davam etdirmək fikrindəyəm. Özümdə bu gücü görürəm. Allah bütün idmançıları ağır zədədən qorusun. Ciddi zədə olmasa, hələ davam etmək istəyirəm.
 
- Bəs gələcəklə bağlı plan qurmusunuzmu?
 
- Karyeramı bitirdikdən sonra da bu sahədə qalıb, məşqçilik etməyi düşünürəm. Qapıçı məşqçisi də ola bilər, baş məşqçi də. Buna gələcəkdə qərar verəcəm. Bunun üçün oxumalıyam. Təcrübəli mütəxəssislərə suallarımı verirəm, qeydlərimi götürürəm.
 
- Son olaraq, millinin cari seçmə mərhələdəki çıxışını necə dəyərləndirərdiniz və qarşıdakı iki görüşdən nə gözləyirsiniz?
 
- Şəxsən mən yığma komandadan çox razı qaldım. Baxımlı oyunlar keçirdilər. Şimali İrlandiya ilə Bakıdakı qarşılaşmanın 90 dəqiqəsini millimiz üstün keçirsə də, sonda məğlub oldu. Buna çox təəssüfləndim. Ümumi götürdükdə, komandamız yaxşı çıxış etdi. Düşünürəm ki, sabah Çexiya üzərində qələbə qazanmaq mümkündü. Almaniya səfərinə də təcrübə kimi baxmaq olar. Dünyanın ən güclü komandalarından birinə qarşı oynayıb, onlardan da nəsə öyrənə bilərlər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30