26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

“Uğursuzluğun ən böyük səbəbi həmin futbolçuların “Neftçi”dən getməsidi”

"Neftçi” klubunun baş məşqçisi Tərlan Əhmədov apasport.az saytına müsahibə verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir.
 
- Artıq 2 həftədi “Neftçi”nin baş məşqçisisiniz. Sizin gəldiyiniz komanda ilə indiki arasında nə fərq var?
 
- Açığı, elə böyük fərq yoxdu. Amma bir balaca əhval-ruhiyyə yüksəlib. Əvvəlki dövrlə müqayisədə futbolçularda ruh yüksəkliyi indi daha yaxşıdı. Dəyişməyən hələ çox şey var ki, onların üzərində çalışırıq. Hər şeyi birdən-birə də yeniləmək olmur. Həyatda anidən hər şeyi dəyişmək mümkün deyil. Buna zaman lazımdı. Ümumilikdə götürsək, artıq müsbət addımlar atılıb.
 
- Bu qısa müddətdə nəyi dəyişə bilmisiniz?
 
- Son iki oyun göstərdi ki, futbolçularda özünəinam artıb. Bundan əlavə, fiziki durumu bir az yüksəldə bilmişik. Ən əsası, bu məsələdə komandadakı birlikdi. Bunu, demək olar ki, 50 faizə qədər çatdıra bilmişik.
 
- Komandanı 2 matça çıxarmısınız və artıq futbolçulara bələdsiniz. Bu heyət nəyə qadirdi?
 
- Bu komandanı mən qurmamışam. Amma deyə bilmərəm ki, komanda mənim deyil. Bu kollektivlə çox şey etmək mümkündü. Sadəcə, bunun üçün zaman lazımdı. Gəldiyim ilk gündə dedim ki, həm fiziki, həm psixoloji durumda problem var, həm taktiki baxımdan komanda digərlərindən geri qalır, həm də texniki hazırlıq bəzi oyunçularda həddən artıq aşağıdı. Bunların hamısını yavaş-yavaş yoluna qoymaq lazımdı ki, ondan sonra nəsə deyə biləsən. Geridə qalan 6 turda cəmi 1 xal qazanmışıqsa, bu, işin çox olacağından xəbər verir. Yaxın vaxtlarda komanda öz oyununu tapdıqda, nəticə qazandıqdan sonra bu heyətin nəyə qadir olduğunu demək olar. Ümumilkdə isə bəzi mövqelərə yeni futbolçular lazımdı. İnşallah, qış fasiləsində bu məsələ həllini tapacaq.
 
- İki həftə ərzində komandanı istədiyiniz oyunun neçə faizinə çatdıra bilmisiniz?
 
- Düzdü, “Zirə” ilə matçın son 20 dəqiqəsində və “Qəbələ” ilə görüşün ikinci hissəsində istədiyim komandanı görə bildim. Amma hücum xəttindəki problemlər hələ də qalır. Müdafiədə də problemlər var. Hücumçularda aqressivlik, qol vurmaq istəyi çox aşağı səviyyədədi. Cinahlardan həmlələr elə də kəsərli deyil. Ön xətt oyunçuları cinahlardan topla təmin olunmurlar. Hücumçuların fərdi ustalıqlarını nümayiş etdirmək bacarıqları aşağıdı. Son iki turun ikinci hissələri göstərdi ki, komanda mən istədiyim futbolun 15-20 faizini oynaya bilir. Futbolçular hələ ki, istədiyim oyundan çox geri qalırlar.
 
- Kənardan görünən odu ki, “Neftçi”ni bu ağır durumdan çıxarmaq üçün çox vaxta ehtiyac var. Amma klubun azarkeşlərinin bu qədər səbri qalmayıb. Bu amil sizi narahat etmir?
 
- Xeyr, narahat etmir. Azarkeşlərlə görüşümüz oldu, söhbət etdik. Sağ olsunlar, hər şeyi başa düşürlər. Onlar klublarına sadiq insanlardı. Təbii ki, komandalarının bu günə düşməsini istəmirlər. Onları da biz başa düşməliyik. Çünki “Neftçi”nin əvvəlki əzəmətini qaytarmasını arzulayırlar. Çünki “Neftçi”nin tarixi var. Azərbaycanda futbol aləmi daim “Neftçi” ilə öyünüb. Çünki bütün ilklərə “Neftçi” imza atıb. Müstəqillik dövründə də ilk dəfə avrokubokların qrupuna “Neftçi” adlayıb. Bu klub bizim tariximizdi. Bu tarixi istəyənlər çoxdu ki, onlar arasında fanatlar da var. Onların arzusu komandanı öndə, heç olmasa mükafatçılar sırasında görməkdi, son pillələrdə yox. Digər tərəfdən, “Neftçi” elə bir komandadı ki, orda heç bir məşqçiyə vaxt verilmir. Ancaq bu, mənə bir problem yaratmır. Çünki bilirəm ki, bu komanda ilə nəyəsə nail olmaq mümkündü. Rəhbərliyə də demişəm ki, qışa qədər bacardığımız qədər çox xal toplamalıyıq. Ancaq qışda yeni futbolçular gətirdikdən sonra mükafat uğrunda mübarizəyə qoşulacağıq. İstər Tərlan Əhmədov olsun, istərsə də başqa bir məşqçi, kim gəlsəydi, qışa qədər zamana ehtiyacı olacaqdı. Komandada funksional səviyyəni yüksəltmək üçün 2 həftə yox, heç olmasa 2 aya yaxın vaxt lazımdı. Sabahkı çempionat oyunundan sonra 16 günlük fasilə yaranacaq. Bu bizi bir az sevindirir. Həmin dönəmdə əskiklərimizi aradan qaldırmağa çalışacağıq. Hara gəldiyimi, burda məni nəyin gözlədiyini çox yaxşı bilirəm. Həm rəhbərliklə, həm də fanatlarla görüşdə bildirmişik ki, qışa qədər komandanın nəticələrini yaxşılaşdıracağıq. Ancaq dövrələrarası fasilədə “Neftçi” səviyyəsində, güclü futbolçular gətiriləcək.
 
- Sabah paytaxt derbisində “İnter”lə üz-üzə gələcəksiniz. “İnter” isə hazırda elə də yaxşı durumda deyil. Necə düşünürsünüz, ilk qələbənin vaxtı çatıbmı?
 
- Rəqibin vəziyyəti ilə maraqlanmıram. Bu, onların öz işləridi. Düzdü, bunların hamısını təhlil edirik. Amma öz oyunumuza köklənməliyik ki, bununla nəyəsə nail olaq. Bu gün düşünsək ki, rəqibin heyətində kimlərsə yoxdu və ya onlarda böyük problemlər var, bu, futbolçularımızda arxayınlıq yaradar. Yalnız matça köklənməliyik. “Qəbələ” ilə son qarşılaşma göstərdik ki, artıq qələbə qazanmağın vaxtı çatıb.
 
- Qışa qədər hansısa oyunçunun azad agent kimi kollektivə cəlb olunması mümkündümü?
 
- Bu gün belə bir futbolçu yoxdu. Hazırda bizim ən böyük problemimiz qapı xətti ilə bağlıdı. Bildiyiniz kimi, Səlahət Ağayev zədəli olduğu üçün uzun müddət komandadan ayrı qalacaq. Onu əvəz edən Rəşad Əzizliyə bir şey olsa, bizim üçün böyük problem yaranar. Heç kim təminat verə bilməz ki, Rəşad qırmızı vərəqə almayacaq və ya zədələnməyəcək. Bu gün çalışırıq ki, qısa müddətdə qapıçı məsələsini həll edək. Çünki Səlahət fevral-mart aylarına qədər bizə kömək edə bilməyəcək. Onun sağalma prosesi uzun çəkəcək. Çalışırıq elə qapıçı dəvət edək ki, həm Səlahəti əvəz edə bilsin, həm də Rəşadla rəqabət aparsın. Belədə birinə nəsə olsa, biləcəyik ki, “Neftçi” səviyyəsində daha bir qapıçımız var.
 
- Demisiniz ki, komandada yeganə futbolçunuz Rəşad Sadiqovdu. Belə başa düşmək olar ki, qış fasiləsində ciddi dəyişikliklər ediləcək?
 
- Çox ciddi dəyişiklik olmasa da, müəyyən yeniliklər ediləcək. Birdən-birə çox oyunçunu göndərmək düzgün olmaz. Klubun prezidenti və vitse-prezidenti ilə söhbətimiz olub. Dedim ki, müqavilə müddəti bitən bəzi oyunçuların menecerlərini çağırın, onlarla yeni saziş məsələsi müzakirə olunsun. Çünki köklü dəyişiklik etsək, yeni gələnlərin uyğunlaşması böyük problem olacaq. Hansı mövqelərimizdə çatışmazlıqlar varsa, ora da oyunçular gətiriləcək.
 
- Yeni müqavilə imzalamaq istədiyiniz oyunçular kimlərdi?
 
- İndi bunu deməyim düzgün olmaz. Çünki bəzilərinin adını çəkib, digərlərinin adını deməməyim yaxşı çıxmır. İndi bütün futbolçular mənə lazımdı. Onların arasında əməkdaşlığı davam etdirmək istədiklərimiz də var, istəmədiklərimiz də. Yaxın vaxtlarda bu barədə məlumatınız olacaq.
 
- Ruslan Qurbanov və Cavid İmamverdiyev kimi “Neftçi”nin sabiq futbolçuları komandanın formasında olan şəkillərini sosial şəbəkədə paylaşıblar. Onların qaytarılması mümkündümü?
 
- Açığını deyim, heç bir futbolçu ilə söhbətim olmayıb. Mətbuatda oxumuşam ki, Nizami Hacıyevlə razılıq əldə olunub. Bəli, Nizami ilə çox yaxınam. O, futbolun bütün sirlərini “Olimpik Şüvəlan”da mənim yanımda öyrənib. Böyük qardaş kimi ona böyük dəstəyim olub. İndinin özündə də bir-birimizlə qardaş kimiyik. Amma “Neftçi”yə gəlməsi ilə bağlı söhbətimiz olmayıb. O cümlədən Cavid İmamverdiyev və Ruslan Qurbanovla. Hazırda bütün diqqətimi qarşıdakı oyuna cəmləmişəm. Qış fasiləsi yaxınlaşdıqca oturub fikirləşəcəyik ki, hansı mövqeyə yerli, hansına əcnəbi oyunçu lazımdı. Yekun seçimimi etdikdən sonra həmin yerlilərlə danışıqlara başlayacağıq. Bu günə qədər heç bir futbolçuya dəvət göndərməmişik. Onların öz klublarındakı işlərinin də pisləşməsini istəmirik.
 
- Yəqin ki, Nizami Hacıyevi komandada görmək istərdiniz...
 
- Azərbaycan çempionatında oynayan bütün yaxşı futbolçuları komandamda görmək istərdim. Bəli, demişəm ki, niyə Araz Abdullayev, Cavid İmamverdiyev, Elşən Abdullayev, Elvin Yunuszadə komandadan gediblər? Onlar bu klubun yetirmələridi. “Neftçi” həmin futbolçularla Avropa Liqasının qrupuna düşmüşdü. Komandanın uğursuzluğunun ən böyük səbəbi həmin futbolçuların “Neftçi”dən getməsidi. Aşağı yaş qrupunda isə istədiyimiz səviyyədə futbolçular yoxdu. Bu baxımdan adlarını sadaladıqlarımın gedişi komandanın oyununa ciddi təsir göstərir. İndi də sözümün üstündə dururam ki, onların getməsi komandanın uğursuzluğuna böyük “paydı”. Nə üçün gediblər, səbəbi nədi, bunu araşdırmağımıza ehtiyac yoxdu. Çünki artıq gecdi. Komandanı düşdüyü bu durumdan “Neftçi”sevərlərin hamısı birləşib çıxarmalıyıq. Oyun baxımından futbolçular yavaş-yavaş özlərinə gəlirlər. Fiziki durumu yüksəldib, özünəinamı qaytarıb nəyəsə nail olacağıq. Amma açığını deyim ki, komanda eyni potensialla irəliləmək gücünə malik deyil.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30