26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

"İrlandlara sürpriz hazırlamışam"

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya ilə qarşılaşacaq millimiz Avstriya toplanışını başa çatdıraraq, Vətənə qayıdıb. Futbolxeber.az-ın məlumatına görə, "Apasport"a müsahibə verən yığmamızın baş məşqçisi Robert Prosineçki həm toplanışı dəyərləndirib, həm iyunun 10-da keçiriləcək matç barədə danışıb, həm də digər məsələlərə toxunub:
 
- Millimiz mayın 20-dən iyunun 3-dək Avstriyada təlim-məşq toplanışında oldu. Hazırlıq prosesindən tam razı qaldınızmı?
- Avstriyaya getməmişdən öncə 5 gün Bakıda hazırlıq keçdik. Daha sonra isə Bad Erlaxa yollandıq və 13 gün orada qaldıq. Toplanışdan tam razı qaldım. Məşqlərdə uşaqlardan görmək istədiyimi gördüm. Şərait əla idi. İntensiv məşqlər keçdik. Uşaqlar sağ olsunlar, bütün bacarıqlarını göstərdilər. Hər şey plan üzrə davam edir. Bunun kifayət olub-olmayacağını zaman göstərəcək.
 
- Hazırlıq çərçivəsində yoxlama görüşünün keçirilməməyi sizi narazı salmadı? 
- Nədən razı, nədən narazı qalmağımla bağlı danışsaq, söhbətimiz 1 saat çəkər. Toplanış çərçivəsində 1 yoldaşlıq görüşü keçirməyə çalışdıq. Təəssüflər olsun ki, alınmadı. Şəxsən mən belə görüşün olmasını istərdim. Amma rəqib az, seçim yox idi. Buna baxmayaraq, öz aramızda ikitərəfli oyun keçirdik. Həmin matçı hakim idarə etdi, əməlli-başlı oyun oldu. Hər iki heyətdən tam razı qaldım. Uşaqlar özlərini yaxşı tərəfdən göstərdilər. Bu baxımdan, yoxlama görüşünün keçirilməməyinin məni narazı saldığını deməzdim.
 
- Belfastdakı matçda Şimali İrlandiyaya 0:4 hesabı ilə uduzmuşduq. İyunun 10-da Bakıda keçiriləcək görüş komandamızın iddiasını davam etdirməsi mənasında böyük önəm kəsb edir. Səfərdəki məğlubiyyətin əvəzini çıxıb, qələbə qazanacağımıza inanırsız?
- Qrupumuzda Almaniyadan sonra ikinci güclü rəqib Şimali İrlandiyadı. Çünki bu komandanın əksər oyunçuları İngiltərə Premyer Liqası və Çempionşipdə çıxış edirlər. Şimali İrlandiya artıq 5 ildi hazırkı heyətlə oynayır. Son Avropa çempionatında iştirak etməklə yanaşı, qrupdan çıxmağı bacarmışdılar. Seçmə mərhələdə axırıncı oyunlarında Norveçə 2:0 hesabı ilə qalib gəliblər. Həmin görüşü mən də izləmişdim. Norveç yığması zəif deyil. Qrupdakı oyunlarımızın çətin keçəcəyini əvvəldən deyirdim, asan matç azdı. Almaniya, Şimali İrlandiya və Çexiya yığmasının üzvləri fərqli liqalarda çıxış edirlər. Buna baxmayaraq, komandamın iyunun 10-da yaxşı oyun göstərəcəyinə inanıram. Qələbəyə gəlincə, matçın hansı məcrada keçəcəyi, nəticənin necə olacağı ilə bağlı kim əvvəldən zəmanət verə bilər? Almaniya ilə Bakıdakı görüşü yada salaq. Yenə o cür oyun nümayiş etdirə bilsək, Şimali İrlandiyanın işi çətin olacaq. Belfastda onlara uduzmuşduq. İstəyirik ki, öz meydanımızda yaxşı nəticəyə imza ataq. Bununla bağlı zəmanət verə bilmərəm. Lakin əminəm ki, komandam yaxşı oyun göstərmək və uğurlu nəticəyə imza atmaq üçün əlindən gələni edəcək.
 
- Rəqibin Yeni Zelandiya ilə yoldaşlıq görüşünü, yəqin ki, izlədiniz...
- Bəli, izlədim. Birinci hissəni çox yaxşı oynadılar. Fasilədən sonra dəyişikliklər oldu. Buna görə də, Şimali İrlandiya ilk hissədəki kimi oynaya bilmədi. Rəqibin baş məşqçisi bu oyunda sistemi dəyişmişdi, 3-5-2 taktiki sxemində çıxış etdilər. Halbuki indiyə qədər 2 hücumçu ilə oynamamışdılar. Bizimlə matça da eyni sistemlə çıxıb-çıxmayacaqlarını bilmirəm. Bunu zaman göstərəcək.  
 
- Şimali İrlandiya yığmasının "ikinci mərtəbə"də çox təhlükəli komanda olduğunu ilk qarşılaşma da göstərmişdi. Bakıda rəqibin bu üstün cəhətinin qarşısını necə kəsməyi planlaşdırırsız?
- Rəqib Yeni Zelandiya ilə oyunun ilk hissəsində standart vəziyyətdən 4 qol epizodu yaratdı. Düzdü, həmin epizodları qolla tamamlaya bilmədilər. Amma bir daha gördük ki, standart vəziyyətlər Şimali İrlandiyanın ən böyük üstünlüyüdü. Bunun qarşısını necə kəsmək olar? Bizim cərimə meydançası yaxınlığında fol etməmək, rəqibin künc zərbəsi vurmasına imkan verməmək və öz üstün cəhətlərimizdən istifadə etməklə. Bizim üstünlüklərimiz isə sürət və topla oynamaq bacarığıdı. Bundan istifadə etməliyik.
 
- Rəqibin baş məşqçisinin son yoldaşlıq matçında sistemdə dəyişiklik etdiyini bildirdiniz. Bəs siz Şimali İrlandiyaya yeni nə təklif edəcəksiniz?
- Sözsüz ki, rəqibə sürpriz hazırlamışam. Amma onu açıqlamaq istəmirəm. Çünki bu gün dediklərimiz bir neçə dəqiqədən sonra xarici mətbuatda, Şimali İrlandiyanın mediasında çıxa bilər. Onlara qarşı oynamağın reseptini tapmışam. Çox optimistəm. Şimali İrlandiya ilə oyunu böyük həvəslə gözləyirəm. 18 gündü ki, bir yerdəyik və komanda, doğrudan da, yüksək səviyyədə məşq edib, əla formadadı.
 
- Rəşad Sadıqov zədəsi ilə əlaqədar toplanışın ilk günlərində kollektivlə məşq edə bilmirdi. Kapitanın durumu nə yerdədi və o, Şimali İrlandiyaya qarşı oynayacaqmı?
- Rəşad Avstriya toplanışının son 7 günündə komanda ilə birgə məşq edib. Yaxşı formadadı, ağrı hiss etmir. Mənə elə gəlir ki, vəziyyəti belə davam etsə, oynayacaq. Bir oyunçunu çıxmaq şərtilə, hamısı sağlamdı. Dmitri Nazarov Avstriyadakı məşqdə yüngül zədə alıb. Bazar ertəsi günü MRT-yə (Maqnit Rezonans Tomoqrafiyası) gedəcək. Zədəsinin nə dərəcədə ciddi olduğu onda bilinəcək. Şimali İrlandiyaya qarşı oynayıb-oynamayacağına MRT-nin nəticəsini bildikdən sonra qərar verəcəyik.
 
- Son vaxtlar xarici mətbuatda adınız “Bursaspor”, “Konyaspor” və “Valensiya” kimi klublarla birgə hallandı. Bu, işinizə mənfi təsir etmir? Yayılan söz-söhbətlərdən sonra millimizdə uzun müddət qalmağı düşünürsüzmü?
- Bu, mənə mane olmur. Digər tərəfdən, Azərbaycan yığmasında düzgün iş gördüyüm üçün xarici klubların mənimlə maraqlandığını göstərir. Deməli, mən və komandam işimizi düzgün yerinə yetiririk. Görürlər ki, Azərbaycan millisi beynəlxalq səviyyədə yaxşı oyun nümayiş etdirir. FİFA-nın son reytinq cədvəlində 76-cı yerdə qərarlaşmışıq. Yadımdadı ki, mən 3 il əvvəl işə başlayanda milli 132-ci pillədə idi. Artıq Azərbaycan yığması futbolda irəliyə addım atıb, gözəl oyun nümayiş etdirir və FİFA-nın reytinqində xeyli irəliləyib. Məhz buna görə xarici menecerlər mənə maraq göstərirlər. Bu, müsbət haldı. Amma işimə mane ola bilməz. Bütün fikrimi Şimali İrlandiya ilə oyuna yönəltmişəm. Almaniya ilə matçdan öncə həmin görüşün bizim üçün qrupun ən çətin oyunu olmadığını demişdim. Çünki almanlar qrupun favoritidi və həmin qarşılaşmada bizdən heç kim nəticə gözləmirdi. Şimali İrlandiya ilə görüş isə bütün Azərbaycan üçün ən vacib oyundu. Fürsətdən istifadə edib, azarkeşlərə səslənirəm. Stadion tam dolsa, əla olar. Neçə ildi ki, komandamızın keyfiyyətli oyun göstərdiyini deyirəm. İyunun 10-da bunu sübut etməliyik. Şimali İrlandiya ilə görüşdə onlarla eyni səviyyədə futbol oynaya bilib-bilmədiyimiz görünəcək. Komandada motivasiya yüksək səviyyədədi. Oyunçularımla son günlərdə çox söhbət etmişəm. Həm məşq prosesində, həm də söhbətlərdə hiss olunur ki, 25 nəfərin hər biri əsas heyətə düşmək istəyir. Azarkeşlər həmin gün güclü Azərbaycan yığması görəcəklər.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30