26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Rüstəm Əfsərli: "Neftçi" ilə mətbuat arasında rabitə itib"

"CBC Sport"un şərhçisi, həmkarımız Rüstəm Əfsərli bundan sonra "Neftçi"nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri kimi fəaliyyət göstərəcək.
 
Azərbaycanın köklü klublarından olan "Neftçi"nin bugünkü durumu heç də ürəkaçan deyil. 80 illiyində heç bir titul qazana bilməyən flaqman ən çox tənqidlə üzləşən klublarımızdandı. Xüsusən də media tərəfindən. Bu mənada Əfsərlinin üzərinə böyük yük düşəcəyi qaçılmazdı. Bəs həmkarımızın fikri, planları nədi? Ümumiyyətlə "Neftçi"nin mətbuat xidmətinə hansı yenilikləri gətirmək niyyətindədi?
 
Bu kimi suallara elə Rüstəm bəyin özündən cavab verib. Futbolxeber.az-ın məlumatına görə, vaxtilə "Simurq"da, AZAL-da mətbuat katibi kimi çalışmış həmkarımız Sport7.az-a müsahibəsində bunları söylədi:
 
- "CBC Sport"dan ayrılmaq, yenidən klub rəsmisi kimi fəaliyyətə başlamaq çətin deyildi ki?
- İndidən bu haqda danışmaq, dəqiq cavab vermək daha çətindi. Sonuncu dəfə klubdan 2013-cü ildə çıxmışam. O vaxtdan bəri Azərbaycan futbolunda çox şey dəyişib. Amma düşünürəm ki, AZAL-da, "Simurq"da topladığım təcrübə köməyimə çatacaq. Bu haqda ancaq işə başlayandan sonra danışmaq mümkün. "Neftçi"də çalışmaq asan deyil. İctimaiyyətin diqqəti bu klubdadı. Mətbuatın da ən çox yer verdiyi klublardandı. Bütün bunlar hamısı işi daha da çətinləşdirir. Hər şeyi zaman göstərəcək. "CBC Sport"dan ayrılmaq da çox çətindi. İlk dəfə 2015-ci ildə, "Neftçi" - "Kəpəz" matçını şərh edəndə hələ "CBC Sport" deyə bir şey yox idi. Sadəcə, layihə, fikir formasında vardı. İlk dəfə şərh edəndə heç bu kanalın olacağı haqda da konkret nəsə yox idi. Bu yalnız 1 aydan sonra bəlli oldu. Bizi ora cəlb etdilər. Kanalın açıldığı ilk gündən indiyəcən sıralarında olmuşam. "CBC Sport" övladım kimi bir şeydi. Oğlumdan, qızımdan ayırmıram. Düşünürəm ki, telekanalın bu səviyyəyə çatmasında az da olsa əməyim var. Amma həyat elədi ki, xüsusən də yaradıcı insanlar belə məsələlərə həssas yanaşırlar. Yeniliyə cəhd etməyə çalışırsan. Amma "CBC Sport"dakı dostlardan ayrılıq, yalnız fizi ayrılıqdı. Bundan sonra ora gedib-gəlməyəcəm, amma "CBC Sport" karyeramda ən vacib yerlərdən birini tutur. Bununla yanaşı yeni mövsümdən etibarən mənə ehtiyac yaranarsa, ola bilər ki, İtaliya çempionatının oyunlarını şərh edim. Yəni, tam şəkildə təcrid olunmayacam. İlkin razılıq belədi ki, sentyabrda başlayacaq yeni mövsümdə, ehtiyac yaranarsa və burdakı işlərimi qaydasına salandan sonra, şərhçi kimi fəaliyyətimi davam etdirərəm. Ancaq sırf İtaliya çempionatını şərh edəcəm. Veriliş aparıcısı filan olmayacam. 
 
- Neftçinin mətbuat xidmətinə hansı yeniliklər gətirəcəksiz?
- İşə başlamadan, nələrə ehtiyac olduğunu, klubda hansı işlərin görüldüyünü bilmədən, analiz aparmadan proqnoz və ya söz vermək çox çətindi. Kollektivlə tanış olmalıyam, hansı işlər görüldüyünü öyrənməliyəm. Bilirəm ki, "Neftçi"nin çox yaxşı kollektivi var. Dəfələrlə demişəm, sosial şəbəkələrdə fəaliyyət göstərirlər, yaxşı videoroliklər hazırlayılrlar. Amma hələ ki, heç kimlə şəxsən tanış olmamışam. Daxili mətbəxi biləndən, insanlarla tanış olandan sonra nəsə deyə bilərəm. Təbii ki, ideyalarım, məqsəd və fikirlərim çoxdu. Bu da qarşıdakı proseslərdə ortaya çıxacaq. 
 
- Mətbuatla əlaqələrin yaxşılaşdırılması üçün hansı təklifləriniz var? Ümumiyyətlə nələri problem kimi görürsüz?
- Şəxsi, jurnalist yanaşmamdı, mənə elə gəlir ki, "Neftçi" ilə mətbuat arasında rabitə bir az itib. Bunun səbəbinin nə ilə bağlı olduğunu bilmirəm. Təbii ki, "Neftçi"dən gözləntilər çoxdu. Komandanın nəticələri yaxşı olmalıdı ki, mətbuatla münasibətlər qaydasına düşsün. Yəni təəssüratlarım belədi. çalışacam bu rabitəni bərpa edim. Amma yenə də klubun içində olmadan nəsə demək çətindi. Həmkarlarla ünsiyyətdə olmaq çox önəmlidi. Dəfələrlə demişəm, bura gəlməyim o demək deyil ki, sistemi "sındırıb" yenisini quracam. Belə bir şey yoxdu. Kifayət qədər yaxşı çalışıb indiyəcən. Sadəcə, nəticələrin pis olması, keçmişdə baş verənlər, böyükhesablı məğlubiyyətlər, bəzi anlaşılmazlıqlar bəlkə də təsirini göstərib. Amma düşünürəm ki, klubun mətbuat xidməti kifayət qədər yaxşı iş görüb, ən yaxşılardandı, sadəcə əsas missiyam o səviyyəni qorumaqdı. Mümkün qədər, öz təcrübəmdən yararlanaraq, daha yüksək səviyyəyə qaldıracam. İnkişaf hər bir sahədə mümkündü. İstər istəməz müasirliyə də ayaq uydurmaq lazımdı. Bir qədər geri qalsan zəifləyəcəksən. Yəni rabitənin itməsi məsələsin də aradan qaldırmaq mümkündü. 
 
- "Neftçi"nin mətbuat xidmətində işləyən hər bir şəxs istənilən halda təzyiq altında olur. Həm Azərbaycanın köklü klubu olduğu üçün gözləntilər, həm də hazırkı nəticələr üzündən klubu tənqid edənlər kifayət qədər çoxdu. Bütün bunlara hazırsızmı?
- Bilirsiz, tənqid etməsən heç kimə maraqlı olmaz. Üstəlik mənim fikrimcə, Azərbaycanda klublar qədər ən çox tənqid olunanlar, bir hakimlərdi, bir də şərhçilər. Bəyənən, bəyənməyənlər olur. Elə bir dövrdə yaşayırıq ki, kimisə ictimai formada tənqid etmək çox asandı. Girisən "feysbuk"a, bir "tık" edirsən vəssalam. Kiminsə haqda fikrini bildirirsən. Qorxmaq, təzyiqdən çəkinmək ümumiyyətlə, mənə yaddı. Bu, şəxsi fikrimdi, klubda istənilən vəzifədə kimin çalışmasından asılı olmayaraq "Neftçi" həmişə tənqid ediləcək. Buna normal yanaşmaq lazımdı. Çünki mətbuat aracı, vasitəçidi. Xalqın, cəmiyyətin fikrini çatdırır. Belə düşünənlər varsa, deməli, nədənsə narazıdılar, ya da ki, əksinə. Düşünmürəm ki, "Neftçi"nin az və ya çox tənqid olunması, uğur yaxud ciddi problemdi. Həmişə olub, olacaq da. Bunlara təbii yanaşmaq lazımdı. İş görülməlidi ki, mümkün qədər tənqidlərin həcmi azalsın. Bu da işçilərin səmərəli fəaliyyətindən irəli gələn bir şeydi. Uğur, nəticələr, mətbuatla əlaqələr yaxşı səviyyədə olarsa, təbii ki, tənqidlər də azalacaq. Amma tənqidlərin sırf yox olmasından söhbət gedə bilməz. Tənqid inkişaf mühərrikidi. Tutalım ki, hansısa iş görürsən, 5 nəfər razı olur, 1 adam narazı. Belədə həmin o narazı adamın fikirlərinə uyğun iş görürsən ki, razı qalsın. Beləcə inkişaf da olacaq.
 
- "Neftçi"nin Müşahidə Şurasının da ayrıca mətbuat katibi var. Buna münasibətiniz necədi? Bir də ki, bu iki qurumun birləşdirilməsi nəzərdə tutulurmu?
- Açığı, klubun daxili strukturu, verilən qərarlar haqda heç nə bilmirəm. Bilirəm ki, Müşahidə Şurasının ayrıca sözçüsü var. Bu, Müşahidə Şurasının qərarlarını ictimaiyyətə çatdıran, adaşım Rüstəm Fətəliyevdi. Mən isə həm mətbuatla əlaqələrin yaxşılaşdırılması, klubun prestijinin yüksəldilməsi, həm də piar işlərinin aparılması üçün kluba dəvət olunmuşam. Bu sualın cavabı məndə yoxdu. Buna baxmayaraq düşünürəm ki, istənilən qurumun məlumatları bir nöqtədən çıxmalıdı. İşə başlayandan sonra mən klubda nələr olduğunu bilməliyəm. Baxaq, görək nə olur. Burda əsas məsələ klubun daxilində olan strukturların bir-biri ilə əlaqəsidi ki, bu da düzgün qurulub. Faktiki olaraq, eyni qərarlar verilir və bunu mətbuata tez çatdırmaq önəmli deyil. İstənilən halda kiçik bir qurumun məlumatlarının bir ağızdan çıxması daha məntiqəuyğun səslənir. Strukturun necə olduğunu işə başlayandan sonra daha dəqiq biləcəm.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30