27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

İdman jurnalisti olmayın...

...VƏ YAZ BİZ NƏ VAXTA QƏDƏR BÖYÜK TURNİRLƏRİ AZARKEŞ KİMİ İZLƏYƏCƏYİK?

Az əvvəl sosial şəbəkədə həmkarlarımdan birinin Parislə bağlı paylaşdığı 3-4 dəqiqəlik videonu izlədim. Hazırda Fransa paytaxtı dünyada ən çox turistə qucaq açan şəhərdir. Bu da səbəbsiz deyil. Çünki iyunun 10-da Fransada futbol üzrə növbəti Avropa çempionatı start götürəcək. İllərdir “xəyallardan qurtul, reallıqlarla yaşa” prinsipinə əməl etməyə çalışsam da, həmin 3-4 dəqiqəlik videonu izlədikdən sonra insan istər-istəməz “kaş, indi Parisdə olardım” deyə, düşünür.

Avropa çempionatı, qitənin ən güclü yığmaları, ulduz futbolçular, minlərlə azarkeş və möhtəşəm futbol...İdman jurnalistikasını ürəkdən sevən hər bir reportyor həmin ab-havanı yaşamaq, AVRO-2016-da iş başında olmaq istəyir. Nə olsun ki, bizim yığmamız o turnirdə iştirak etmir. Millisi Avropa çempionatında olmayan, amma özü Fransaya yollanacaq o qədər həmkarımız var ki...

Axı, bizim günahımız nədir? Nəyə görə biz hər dəfə nəhəng turnirləri yalnız azarkeş kimi izləməliyik? Nə üçün saytımıza yazdığımız xəbərləri Rusiya, Türkiyə, Ukrayna, İngiltərə, İtaliya, Fransa mətbuatında axtarmalıyıq?

Düzdür, bəzən istisnalar olur. Məsələn, son dünya çempionatının bəzi oyunlarını dəyərli həmkarımız Anar Şabanoğlu canlı izləyib. Yaxud, İTV-dən hamınızın çox yaxşı tanıdığı Tural Dadaşov azarkeşi olduğu Almaniyanın dördüncü dəfə dünya çempionu olmasına “Marakana”da canlı şahid olub. Elçin Cəlilov öz hesabına  "Barselona"nın bazasında 1 həftəlik təcrübə keçib. AFFA-nın sayəsində son UEFA Superkubokunu Tiflisdə 20-dən artıq azərbaycanlı jurnalist izləyib. Amma bütün bunlar azarkeş səviyyəsini ötməyib. Yəni, bizlər həmin oyunları jurnalist kimi yox, adi azarkeş kimi izləmişik. Nə dünya səviyəli ulduzlardan müsahibə, açıqlama almaq imkanımız olub, nə də oyunöncəsi və sonrası mətbuat konfranslarında iştirak etmək hüququmuz...

Hər şey maliyyə ilə bağlıdır. Təəssüf ki, bu gün Azərbaycan idman mətbuatında heç bir qəzetin, saytın öz əməkdaşının Fransaya göndərmək imkanı yoxdur. Bu gedişlə yaxın gələcəkdə olması da real görünmür.

Yeganə təsəllimiz CBC-Sportdakı həmkarlarımızın idman mətbuatımızın tarixində ilk dəfə olaraq Avropa çempionatında iş başında olmalıdır. Bu kanalı ən çox tənqid edənlərdən biri olsam da, bu dəfə Fransaya yollanan həmkarlarımızın adına qürur duydum, sevindim. Qoy, onlar hamıya sübut etsinlər ki, azərbaycanlı idman jurnalistləri də çox şeyə qadirdilər. Sadəcə, bunun üçün şərait lazımdır.

Böyüklük kimi çıxmasın, amma gələcəkdə idman jurnalisti olmağı arzulayan gənclərimizə bu yolu seçməmələrini məsləhət görərdim. Səbəblər çoxdur. Sizin min bir əziyyət bahasına ortaya çıxardığınız xəbərin hansısa müğənninin soyunması qədər dəyəri olmayacaq. Sizin min bir çətinliklə aldığınız müsahibə 2 şou-biznes nümayəndəsinin atışması qədər oxunmayacaq. Avropa və dünya çempionatlarında iş başında olmağı ancaq arzu edəcəksiz. Ən yaxşı halda, avrokuboklarda oynayan klublarımızın sayəsində Avropanın qabaqcıl stadionlarında olacaqsız, vəssəlam. Gec başa çatan oyunlar zamanı işinizi tez yekunlaşdırmağa çalışacaqsınız ki, metroya çata biləsiz və s...Odur ki, nə qədər gec deyil, fikrinizi dəyişin. Unutmayın ki, idman mətbuatı yalnız fədailərin yeridir...

İBRAHİM

P.S. Reketçiliklə məşğul olanların, əsl idman jurnalisti adına ləkə gətirənlərin söhbətə heç bir aidiyyatı yoxdur.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30